Qarabağ problemində ABŞ-a etibar edə bilmərik

“Çünki Qərbin Gürcüstan- Rusiya müharibəsində hansı mövqe tutduğunu gördük”



Amerikanın məşhur "Stratfor” Araşdırmalar Mərkəzinin tanınmış politoloqu Corc Fridman Ukraynadakı hadisələr və Rusiyanın qarşısını necə almaqla bağlı bir məqalə dərc edib. Yazını bizim üçün maraqlı edən odur ki, Corc Fridman Amerika hökumətinə Azərbaycana qarşı olan mövqeyini dəyişməsini məsləhət görüb.

Fridman rəsmi Vaşinqtona təklif edib ki, Azərbaycana yanaşmada ikili standartları kənara qoysun və "insan haqları” kimi söhbətləri arxa plana keçirsin. Həmçinin, Qarabağ məsələsini Bakının istədiyi kimi həll etsin və bunların sayəsində Azərbaycanı öz hərbi-siyasi alyansına qoşsun. Amerikalı politoloqun fikrincə, Azərbaycan Rusiyanın güney cinahında həlledici mövqeyə malik geosiyasi oyunçudur. Buna görə də, ABŞ onu gücləndirməli və müasir silahlarla təchiz etməlidir. Əks təqdirdə, Azərbaycanın iştirakı olmadan Rusiyanın qarşısını kəsmək mümkün olmayacaq.

Xarici ekspertin Azərbaycanla bağlı dediklərini şərh edən politoloq Elşən Manafovun sözlərinə görə, Krımın Rusiyaya ilhaq edilməsindən sonra Qərb dünyası qlobusun birqütblü olmadığını anladı: "Rusiya Prezidenti Putinin Çinə səfərindən sonra bu ölkə Ukrayna hadisələrinə Kremlin mövqeyindən yanaşmağa başladı. Rusiyanın öz ətrafını gücləndirməsi Qərbi narahat etdiyinə görə, mütəxəssislər Moskvanın önünü kəsmək üçün vasitələr axtarmağa başlayıblar.

Əgər bu günə kimi ABŞ-ın imkanı olsaydı, tərəddüd etmədən Qarabağı azad edib Azərbaycana verərdi. Ən azı ona görə ki, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması ABŞ-ın bu regiondakı geosiyasi maraqlarına cavab verir. Çünki Qərbin enerji təhlükəsizliyində Azərbaycanın rolu inkaredilməzdir.

Ancaq Fridman yaxşı bilir ki, Dağlıq Qarabağın azadlığı Azərbaycanın ABŞ-la deyil, məhz Rusiya ilə yaxınlaşmasından keçir. Əgər Qarabağ münaqişəsinin həllinə nail olmaq istəyiriksə, Rusiya ilə münasibətləri yenidən gözdən keçirməliyik. Ərazimizdə rus qoşunlarının yerləşdirilməsi amili istisna olmaqla digər məsələlərdə Moskva ilə razılığa gəlmək olar. Ətraf 7 rayonun qaytarılması da Rusiyanın razılığından asılıdır”. Politoloqun fikrincə, ABŞ-a etibar edə bilmərik. Çünki Qərbin Gürcüstan-Rusiya müharibəsində hansı mövqe tutduğunu gördük: "Rəsmi Vaşinqton diplomatik bəyanatlardan o tərəfə keçmədi. Dedi ki, Gürcüstan NATO-nun üzvü olmadığı üçün ona birbaşa yardım edə bilmərik. Axı Azərbaycan da hərbi alyansın üzvü deyil. Deməli, sabah eyni münasibət bizim üçün də keçərlidir. Əslində dünyaya necə yaşamağı "öyrədən” ABŞ-ın əsas məqsədi insan haqlarını müdafiə etmək yox, öz dövlət maraqlarını qorumaqdır”.

E.Manafov deyir ki, ABŞ və Rusiya ilə normal münasibət qurmağa çalışan Azərbaycan mütləq onlardan birini seçərək digəri ilə əlaqəni korlamalı deyil: "İndiki iqtidar balanslaşdırılmış xarici siyasəti uğurla həyata keçirir. Azərbaycan heç bir hərbi-siyasi bloklara qoşulmur. Eyni zamanda Azərbaycanın enerji resursları dünya bazarına şaxələnmiş şəkildə çıxarılır. Bu da onu göstərir ki, dövlətimiz bütün istiqamətlərdə təhlükələri nəzərə alaraq istənilən ölkələrlə normal əməkdaşlıq münasibətləri qurmağa çalışır”.

İsmayıl