Qərb, Azərbaycanın qərbyönümlü siyasətdən imtina edəcəyindən təşviş keçirir

“Son günlərdə dövlətimizlə Rusiya arasında müəyyən yaxınlaşma hiss olunur”





Avropa Şurası Parlament Assambleyasının sədri, xanım Anna Brassör bu gün Azərbaycana gələcək. Səfərin məqsədi mayın 23-də AŞ PA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclasında iştirak etməkdir. Qurum sədrinin səfər çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulub.

O, mayın 22-də Azərbaycan Prezidenti, Baş naziri, xarici işlər naziri və Milli Məclisin sədri ilə görüşəcək. Mayın 23-də isə jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Təşkilat rəhbərinin gəlişini dəyərləndirən politoloq Qabil Hüseynli deyir ki, Qərb dairələri Azərbaycanın Rusiyaya yaxınlaşmasından ciddi narahatdır. Ona görə də, ehtimal olunan bu yaxınlaşmanın qarşısını almaq üçün Azərbaycanın siyasi rəhbərliyi ilə görüşmək qərarına gəliblər: "Avropa strukturları təşviş içindədir. Çünki Prezident İlham Əliyev Qərbin Dağlıq Qarabağ probleminə yanaşma tərzinə tənqidi yanaşır. Son günlər isə bu tənqidi yanaşma özünün pik nöqtəsinə çatıb. Səbəb isə odur ki, Qərb dairələri ikili standart sərgiləyir və Ermənistanın Azərbaycana təcavüzünü ört-basdır edir. Bütün bunlar isə təbii olaraq Azərbaycanın heysiyyətinə toxunur. Elə bu səbəbdən son günlərdə dövlətimizlə Rusiya arasında müəyyən yaxınlaşma hiss olunur. Bunu görən Qərb Azərbaycanın qərbyönümlü siyasətdən imtina edəcəyindən ehtiyat edir. Çünki Avropanın əldə etdiyi məlumatlara görə, Rusiya ilə Azərbaycan arasında gizli razılaşma var. Bu razılaşmaya əsasən, Kreml Azərbaycana güzəştə gedəcək və Dağlıq Qarabağı ermənilərdən alıb bizə verəcək”. Q.Hüseynlinin sözlərinə görə, həmsədr C.Uorlikin və səfir Morninqstarın sərsəmləməsinə baxmayaraq, Qərb Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil: "Avropa Komissiyasının sədri, AŞ PA rəhbəri və Türkiyə rəsmilərinin Azərbaycana gəlişi sırf bu məqsədlə həyata keçirilir. Bu şəxslər ölkə başçısı ilə görüşərək münasibətləri gözdən keçirməyi təklif edəcəklər. Əsas məqsəd isə Azərbaycan-Rusiya yaxınlaşmasının qarşısını almaqdır. Ümumiyyətlə, bu ayın sonlarına kimi Azərbaycanın xarici siyasətində çox gərgin məqamlar olacaq”.

İsmayıl