“Ceyms Uorliki dəyişməklə ciddi nəticə olmayacaq”

Qulamhüseyn Əlibəyli: “Belə görünür ki, hələlik superdövlət münaqişənin həllini istəmir”



Ölkə gündəmində müzakirə olunan çoxlu məsələlər var. ABŞ səfiri R.Morninqstarın kəskin etiraza səbəb olan müsahibəsi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yenidən Cənubi Qafqaza səfər etməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Qərb tərəfindən irəli sürülən təkliflər, Azərbaycanla Rusiya arasındakı münasibətlər və ölkədaxili partiyaların qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə hazırlaşması və s. Bütün bu məsələlərlə bağlı Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli "Şərq”in suallarını cavablandırıb. Partiya rəhbəri ilə müsahibəni oxuculara təqdim edirik.

- "Azadlıq” radiosuna müsahibə verən ABŞ səfiri Morninqstarın səlahiyyətləri çərçivəsindən kənara çıxaraq bəzi məqamları dilə gətirməsi rəsmi Vaşinqtona qarşı münasibətin kəskinləşməsinə səbəb oldu. Bunu necə dəyərləndirirsiniz?

- Hər bir xarici dövlətin təmsilçisi kimi ABŞ səfiri də öz dövlətinin maraqlarından çıxış edib. Morninqstarın təmsil etdiyi dövlətlə Azərbaycanı müqayisə etməsi və ölkəmizdə müşahidə etdiyi müəyyən hadisələr barədə məlumat verməsi, şəxsi fikrini bildirməsi qeyri-təbii qarşılanmamalıdır. Fikrimcə, etiraza səbəb olan müsahibəni diplomatik yox, informasiya məsələsi kimi dəyərləndirmək yerinə düşər.

- Bəzi ekspertlər ABŞ-dan üz döndərməyi Rusiyaya üz tutmaq kimi dəyərləndirirlər. Sizcə, bu yanaşma həqiqətə uyğundurmu?

- Mən belə düşünmürəm. Yəni birbaşa demək olmaz ki, Azərbaycan Rusiya ilə münasibətləri normallaşdırmaqdan ötrü ABŞ-a "savaş” açıb. Çünki hakimiyyət bunun doğru seçim olmayacağını yaxşı bilir. Zaman-zaman Azərbaycan belə situasiyalarla üzləşib. Dövlət həmişə çalışıb ki, müəyyən məqamlarda balanslaşdırılmış siyasət aparsın və bəzi taktiki gedişlər etsin. Əslində görünüş başqa cür olsa da, hakimiyyət Qərbin maraqlarına daha çox üstünlük verir.

- ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən Cənubi Qafqaz bölgəsində səfərdədir. Sizcə, hər zaman tənqid olunan bu gəliş-gedişlərin bu dəfə hansısa əhəmiyyəti olacaqmı?

- Həmsədrlərin münaqişə zonasına gəliş-gedişi prinsip etibarı ilə xoşməramlı səfərlər kimi başa düşülməlidir. Ən azı bu təşəbbüslər bölgədəki vəziyyətin gərginləşməməsinə xidmət edir. Həmçinin, hər səfərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflər irəli sürülür, müzakirələr aparılır və s. Bu baxımdan həmsədrlərin fəaliyyətini və ara-sıra həyata keçirdikləri səfərləri bütünlüklə əhəmiyyətsiz adlandırmaq düzgün olmaz. Düzdür, 10 ildən çoxdur ki, Minsk Qrupunun fəaliyyətini tənqid edənlərdən biri də mənəm. Çünki Minsk Qrupunun hazırkı tərkibi özünü doğrultmur. Zənnimcə, qrupun bütöv formatı dəyişdirilməlidir. Təklif edirəm ki, indiki format tamamilə buraxılsın və yeni mexanizmdə başqa bir qurum formalaşdırılsın. Yaxud da BMT-nin Təhlükəsizlik Şurasının rəhbərliyi və nəzarəti altında Azərbaycanla Ermənistan arasında danışıqlar aparılsın. Yəni həmsədrlərin bölgəyə səfərləri nə qədər xoşməramlı mahiyyət daşısa da, müsbət nəticənin əldə olunmasına səbəb olmayacaq.

- Deməli, son günlər tənqid olunan Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin başqa birisi ilə əvəzlənməsi də heç bir nəticə verməyəcək...

- Əlbəttə, verməyəcək. Həmsədrlərin əvəzlənməsi adi prosedur qaydasıdır. Ola bilər ki, bir həmsədr digərindən fəal olsun, aktiv işləsin, amma ümumi mahiyyət dəyişməyəcək. Çünki yenə deyirəm, bütövlükdə format düzgün deyil. ABŞ-dan, Rusiyadan, Fransadan ibarət olan bir tərkibin sözü heç zaman üst-üstə düşə bilməz. ABŞ həmsədrindən bir açıqlama gəlir, arxasından dərhal rəsmi Vaşinqton başqa cür bəyanat verir və həmsədrin sözünü təkzib edir. Belə görünür ki, hələlik superdövlət münaqişənin həllini istəmir. Rusiya və Fransa isə Ermənistanın strateji müttəfiqləridir. Belə bir qrupdan sağlam və ədalətli həll yolu gözləmək absurddur. Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ölkələr ən azından neytral mövqedə dayanmalıdır.

- ABŞ problemin həllində maraqlı deyilsə, onda niyə Qarabağ ətrafı rayonların geri verilməsi təklifini gündəmə gətirir? Bunda məqsəd nədir?

- Ətraf rayonların qaytarılması yeni təklif deyil. Uzun zamandır ki, Dağlıq Qarabağ ətrafı bölgənin boşaldılması və Azərbaycana geri verilməsi məsələsi müzakirə olunur. Zənnimcə, ilkin mərhələ üçün nəzərdə tutulan bu təklif mövcud status-kvonu saxlamaq məqsədi güdür və bir qədər də tərəflərin başını qatmağa hesablanır. Amma məsələ burasındadır ki, sözügedən prinsiplərdə Azərbaycan tərəfinin qəbul etmədiyi müddəalar var. Bu baxımdan təklifin reallaşacağı inandırıcı görünmür.

- Bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların əsas hədəfi qarşıdan gələn bələdiyyə və parlament seçkiləridir. Artıq bəzi partiyalar bələdiyyə seçkilərində iştirak qərarı veriblər. Amma müxalif partiyalar seçkilərə o qədər də ciddi hazırlıq görmürlər. Sizcə, bunun yeganə səbəbi bələdiyyələrin səlahiyyətsiz və əhəmiyyətsiz qurum olmasıdır, yoxsa başqa problemlər var?

- Bəli, partiyaların seçkilərə könülsüz yanaşmalarının əsas məqsədi bələdiyyələrin status hüququnun aşağı olmasıdır. Rayonlarda bütün məsələləri yerli icra hakimiyyəti orqanları həll edir. Bələdiyyələr sadəcə demək olar ki, heç bir iş görmürlər. 15 ilə yaxındır ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir və bu quruma seçkilər keçirilir. Amma bu müddət ərzində həmin strukturlar özlərini doğrulda bilməyiblər. Bunun da müxtəlif səbəbləri var. Ona görə də, Azərbaycandakı siyasi partiyalar daha çox prezident və parlament seçkilərində iştirak edirlər. Digər seçkilərə isə maraq göstərmirlər. Hətta seçkiləri boykot edirlər. Ancaq partiyaları narazı salan digər məsələlər də var. Məsələn, seçki qanunvericiliyi və seçki məcəlləsi bizi qane etmir.

- Bəzi partiya sədrləri hesab edirlər ki, nəticəsinə baxmayaraq hər partiya istənilən seçkiyə qatılmalıdır. Yəni bir növ seçkiyə qatılmaq xətrinə bunu etməlidirlər. Bəs siyasətçi kimi siz necə düşünürsünüz?

- Bəli, mən də belə düşünürəm. Siyasi partiyaların əsas fəaliyyət istiqaməti seçkilərə qatılmaqdır. Ona görə də, partiyalar növündən, müsbət və ya mənfi nəticə verməsindən asılı olmayaraq istənilən seçkilərdə aktiv şəkildə iştirak etməlidir.

- Deməli, Aydınlar Partiyası bələdiyyə seçkilərinə qatılacaq..

- Rəhbərlik etdiyim partiya prosedura uyğun olaraq bələdiyyə seçkilərinə hazırlaşır. Amma yekun qərar rayon təşkilatları ilə müzakirə edildikdən sonra veriləcək. Mən partiya sədri olsam da, bu barədə təkbaşıma qərar vermək səlahiyyətində deyiləm.

İsmayıl