Yeni qanun hazırlanır

Dövlət orqanında çalışan bütün şəxslərin məxfi məlumatlara çıxışına şərait yaradılmayacaq



"Məxfi informasiyalarla işləyən insanların siyahısının hazırlanması məsələsi bu gün (dünən) parlamentin müvafiq komitəsində müzakirə olunub. "Dövlət sirri haqqında” və "Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunlara 10-a yaxın dəyişiklik edilib”.

Bu barədə "Şərq”ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib. Deputat qeyd edib ki, sözügedən sənəd ölkə başçısının imzası ilə daxil olub: "Regional və beynəlxalq reallıqlar çox sürətlə dəyişir. İnformasiya sahəsindən tutmuş, iqtisadi, siyasi və diplomatik amillər üzərində də hər bir ölkə əleyhinə proseslər cərəyan edə bilir. Qanunvericilik sahəsindəki təkmilləşmə tədbirləri də ondan irəli gəlir”.

Deputat diqqətə çatdırıb ki, dəyişikliyin mahiyyəti məxfi məlumatlara çıxışı olan şəxslərin siyahısının müəyyənləşdirilməsi və icra orqanlarının buna müvafiq səlahiyyətlərinin daha da möhkəmləndirilməsidir: "Əvvəlki illərdə müxtəlif vəzifələrdə çalışanlar tutduğu posta görə, həmin məlumatlara çıxış əldə edirdi. İndiki qanun dövlət orqanında çalışan bütün şəxslərin məxfi məlumatlara çıxışına şərait yaratmır”.

Z.Oruc onu da əlavə edib ki, işə götürülmə prosesləri də müvafiq qurumların birbaşa nəzarəti vasitəsilə həyata keçiriləcək: "Dəyişikliklər dövlət sirrinə hansı şəxslərin çıxışı ola bilər” məsələsini daha da dəqiqləşdirir. Ölkə daxilində və xaricində milli maraqlarımıza zidd fəaliyyətə dair dəqiq prinsipləri özündə ehtiva edir”. Hüquqşünas İradə Cavadova isə "Şərq”ə danışarkən adıçəkilən qanuna konkret hansı dəyişikliklərin olunmasının məlum olmadığını bildirib: "Belə bir siyahının nədən hazırlandığını başa düşə bilmirəm. Vətəndaşa bunun nə köməyi dəyəcək? Bu zaman dövlət strukturuna daha rahat olacaqmı çalışmaq? Bu dəyişikliklərin nədən ibarət olduğunu görmədən, heç nə deyə bilmərəm”.

Ayyət Əhməd

Vüqar Şahinoğlu