Sorğuların nəticəsi də faktı təsdiqləyir

Azərbaycan mediasında qadın jurnalistlərin sayı ürəkaçan rəqəmlərlə ifadə olunur
Ölkədə fəaliyyət göstərən əksər iri media holdinqlərin rəhbərləri qadındır. Burda nə ictimai, nə siyasi, nə də sosial əngəllər var




8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Azərbaycan jurnalistikasında qadınların rolu mövzusuna diqqət çəkmək istədik. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Eyni zamanda sosial sferada daha cəsarətli və aktivdir. Bununla yanaşı, ölkənin həyatında yüksək fəallıq göstərən Azərbaycan qadını ictimai-siyasi proseslərdə də yaxından iştirak edir. Bu aktivlik özünü media sahəsində də göstərir. Ancaq təxminən 200 il bundan əvvəl qadına münasibət indiki dövrdən çox fərqli olub.

O dövrdə qadına verilən dəyəri bu günlə müqayisə etsək, qadının cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu görərik. Elə həmin dövrdə "Qadına azadlıq vermək olmaz”, "Qadın ancaq evdə olmalıdır, ailə ocağının himayədarıdır”, "Qadın cəmiyyətin sosial-siyasi işlərinə qarışa bilməz” və s. kimi bu fikirlər demək olar ki, bu gün yox dərəcəsindədir. Ancaq o da var ki, bəzən qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmalarına, xüsusən də qadınların media sahəsində perspektivlərini artırmağa, yaxud da kişilərin çətinliklə əldə etdiklərinə xanımların asanlıqla nail olmağına yanaşma heç də birmənalı deyil. Milli mentalitet, kişinin fiziki cəhətdən qadına nisbətən güclü olması kimi mülahizələr təəssüf ki, günümüzdə də mövcuddur.

Hələ də "jurnalistlik qadın sənəti deyil” düşüncəsində olan insanlar var. Halbuki xalqın və cəmiyyətin həyatında qadın yazarların qələminin "boyuna biçilmiş” bir çox mövzular var. Elə söz var ki, həssas qadın qəlbindən keçib gəldiyi üçün daha təsirli olur. Söhbət milli-mənəvi dəyərlərimizdən, balalarımızın tərbiyəsindən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən gedəndə ana səsi də ucalmalı - qadın-jurnalist də öz sözünü deməlidir. Kişi sözü kəsərlidirsə, qadının, ananın sözü də düşündürən, sirayət edəndir. Hər nə qədər qadınların media sahəsində çalışmasına cəmiyyətin mövqeyi birmənalı olmasa da, ölkəmizdə zərif cinsin elə nümayəndələri var ki, bu gün onlar media sahəsində böyük nailiyyətlər qazanıblar.

Qeyd edək ki, Azərbaycanda "insanlar üçün həyati və zəruri bir məsələni” əhatə edən qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Elə bir zamana ki, qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurdu.
Onu da deyək ki, Azərbaycan jurnalistikasında qadınların yeri və rolunu qiymətləndirmək üçün əks cinsin nümayəndələrinə müraciət etdik. Medianın qadın fədailərini bir də onların gözü ilə görək.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli rəhbərlik etdiyi təşkilatın bu sahədə, yəni Azərbaycan mediasında qadın jurnalistlərin durumu barədə ciddi tədqiqatları olduğunu deyib: "Həmçinin, təşkilatımız tərkibində xüsusi "Gender qrup” fəaliyyət göstərir ki, onlar da mediamızda qadın jurnalistlərlə bağlı baş verən hadisələri mütəmadi olaraq nəzarətdə saxlayırlar. Biz hər il Azərbaycan jurnalistlərinin iş mühitini, əmək münasibətlərini, gəlirlərini, intensiv rastlaşdıqları problemləri öyrənmək üçün sorğular keçiririk ki, bu sırada qadın jurnalistlərin durumuna da xüsusi diqqət yetirilir. Apardığımız araşdırmalar maraqlı nəticələri ortaya çıxarıb. Müəyyən edilib ki, Azərbaycan mediasında qadın jurnalistlərin sayı ürəkaçan rəqəmlərlə ifadə olunur. Sorğunun nəticələrinə görə:

- ümumrespublika yayımlı telekanalların əməkdaşlarının təqribən 40-45 faizini;
- regional telekanalların əməkdaşlarının təqribən 25-30 faizini;
- ümumrespublika yayımlı qəzetlərin əməkdaşlarının təqribən 35-40 faizini;
- regional qəzetlərin əməkdaşlarının təqribən 20-25 faizini qadınlar təşkil edirlər”.

M.Ələsgərlinin sözlərinə görə, bu rəqəmlər, dünyanın inkişaf etmiş, qabaqcıl ölkələri ilə müqayisə ediləcək göstəricilərdir. Azərbaycan Respublikasında qadınların siyasi, iqtisadi, sosial-mədəni sferada ayrı-seçkiliyə yol verilmədən fəaliyyətinə imkan verən qanunvericilik bazası mövcuddur və Azərbaycan mediasında qadınlara qarşı sərgilənən münasibət də bu qanunlara tam uyğundur: 

"Bununla yanaşı, Azərbaycan mediası da gender bərabərliyi baxımından digər inkişaf etmiş ölkələrdə yaşanan problemlərdən yan keçə bilməyib. Belə ki, Azərbaycan mediasında çalışan qadın jurnalistlərin də əsas obyekti "incə mövzulardır” (mədəniyyət, incəsənət, ailə-məişət mövzuları, sosial durum və sair). Həmçinin, media quruluşlarında yüksək kəmiyyətlə təmsil olunan qadınların bu qurumların qərarverici orqanlarında təmsilçiliyi kifayət qədər aşağı rəqəmlərlə ifadə olunur. Məsələn, JuHİ Gender QRUP-un sorğuya cəlb etdiyi 90 KİV redaksiyasından (bunlar Azərbaycanın ən ciddi kütləvi informasiya vasitələri redaksiyaları hesab olunurlar) yalnız 10-nun rəhbəri qadındır. Yaxud, Azərbaycanın populyar 15 jurnalist təşkilatından yalnız birinin rəhbəri qadındır.

Biz onu da araşdırmışıq ki, qadınların media quruluşlarında qərarverici orqanlarda təmsilçiliyinə mane olan hansı spesifik problemlər var? Mövcud durumu dəyişmək üçün hansı addımların atılması zəruridir?

Qadınların media quruluşlarının qərarverici orqanlarında təmsilçiliyini artırmaqla hansı nəticələri əldə etmək olar?

Məsələ ondadır ki, bu sahədə heç də ciddi maneələr yoxdur. Azərbaycan qanunları, Əmək Məcəlləsi gender bərabərliyini təşviq edir, cinsinə görə işçilər arasında heç bir maneə yaratmır. Azərbaycan hökuməti idarəçilikdə qadınların rolunun və kəmiyyətinin artırılması üçün ciddi proqramlar icra edir. Bu yaxınlarda Prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət qurumlarında qadınların təmsilçiliyinə aid maraqlı statistika açıqladı və bəlli oldu ki, qadınların idarəçilikdə təmsilçiliyi dövlət tərəfindən stimullaşdırılır. Bu baxımdan hesab edirik ki, burada yeganə problem, mental düşüncələrlə bağlıdır. Qadınlar, həm də evlərdə xanımdırlar, anadırlar. Onlar rəsmi iş saatları bitən andan evdə, ailələrinin yanında olmağa tələsirlər. Yəni, bir növ şəxsi iş karyeralarını ailələri naminə qurban verirlər. Bu, maraqlı bir məsələdir: alqışlamalıyıqmı, yoxsa tənqidmi etməliyik!”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə müşahidələrinə əsasən Azərbaycanda xanım jurnalistlərin sayının kişi jurnalistlərdən çox olduğunu deyib:

"Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da açıqlamasında Azərbaycanda jurnalistlərin təxminən 60 faizinin xanımlar olduğunu bildirib. Hesab etmirəm ki, jurnalistikada xanımlara qarşı ayrıseçkilik var. Rəhbər postlarda, redaktor, baş redaktor, təsisçi olan kifayət qədər xanım jurnalistlərimiz var. Düzdür, rəhbər postlarda qadın jurnalistlər kişilərlə müqayisədə azdır. Amma deməzdim də ki, bu, onlara qarşı ayrıseçkiliyin, yaxud özlərinin passivliyi ilə bağlıdır. Sadəcə, bu bir reallıqdır ki, redaktor, məsul katib işi olduqca ağır bir işdir. Məsələn, mən redaktor olaraq günün azı 8-10 saatını işləyirəm, məsul redaktor olduğum günlərdə gecə saat 10-11-dək işdə olub qəzeti çapa hazırlamalıyam. Nəzərə alsaq ki, xanımlarımızın ev, ailə, uşaq qayğıları var, o zaman onların redaktor, məsul katib postlarına maraq göstərməməsinin səbəbləri aydınlaşır. Çünki zaman baxımından bunu etmək qadınlar üçün olduqca çətindir. Müxbir, şöbə müdiri olduqda xanım jurnalist saat 5-6-da işlərini bitirib gedib ailə-uşaq qayğılarını çəkə bilir. Redaktor olduqda isə saat 9-10-dək işdə olmaq lazım gələcək. Azərbaycan reallıqlarında isə bu, xanım jurnalistlərimiz üçün o qədər də uyğun deyil. Hesab edirəm ki, onların rəhbər postlarda olmaması bununla bağlıdır”.

"Qadın jurnalist olmaz” kimi düşüncələri xəstə təfəkkürün təzahürü hesab edən E.Məmmədlinin fikrincə, belə bir tendensiya çox keçmişdə qalıb: 

"İndi xanım jurnalistlərə belə bir qınayıcı mövqe sərgilənməsini müşahidə etmirəm. Belə adamlar varsa da, problem onların intellektual səviyyəsindədir”.

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı da media nümayəndələri arasında qadınların sayının kişilərin sayından artıq olduğunu deyib:

"Jurnalistlərin azı üçdə ikisi qadındır. Rəhbər postlara gəldikdə burda bir az sayı azdır, amma bu, ümumi ictimai sosial göstəricilərə uyğundur. Başqa sahələrdə də qadın rəhbər azdır. Rəhbər olmaq ağır məsuliyyət və gərgin işdir. Qadın isə ailəsinin də qayğısını çəkməlidir, ona ikiqat məsuliyyət ağır gəlir. Bütün dünyada bütün sahələrdə qadın rəhbərlər az olub. Təbiət qadına başqa funksiyalar verib. Məncə, qadın elə sahələrdə və elə az iş vaxtı ilə işləməlidir ki, onun ailəsi, uşaqları ilə məşğul olmağa vaxtı qalsın”.

E.Bayramlının sözlərinə görə, ölkədə fəaliyyət göstərən əksər iri media holdinqlərin rəhbərləri qadındır. Yəni burda nə ictimai, nə siyasi əngəl var nə də sosial maneələr:

"Qadınlara qarşı heç vaxt ayrıseçkilik olmayıb. Sovet dövründən bəri yüz ildi bizdə qadın jurnalistlər çox olub. Sadəcə, jurnalistika ağır işdir, bu sahədə işləyən qadın ailəsini işinə qurban verməli olur ki, çoxu da haqlı olaraq bununla razılaşmır. Fikir verin, əksər qadın jurnalistlər subay gənclərdir. Çünki ailəli qadın üçün bu çox çətin sahədir”.

(Davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb