Paşinyanın qarşısında ciddi və strateji əhəmiyyət daşıyan məsələlər durur - RƏY

"Bundan sonrakı mərhələdə bəyanatlardan daha çox konkret addımlar həlledici olacaq"

“Ermənistanda keçirilən seçkilərin yenidən Nikol Paşinyanın qələbəsi ilə nəticələnməsi Türkiyə və Azərbaycan baxımından mövcud proseslərin davamlılığı kontekstində məntiqli bir nəticə kimi qiymətləndirilə bilər. Lakin əsas məqam seçkilərdən sonra atılacaq addımlardır".

Bu sözləri Sherg.az-a açıqlamasında Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri, iqtisad elmləri doktoru Asif Kurban deyib. 

Paşinyanın qələbəsinin regionda yeni siyasi gözləntilər yaratdığını vurğulayan A. Kurban qeyd edib ki, Ermənistan rəhbərliyinin qarşısında həm daxili, həm də xarici siyasətlə bağlı həllini gözləyən mühüm məsələlər dayanır:

“Paşinyanın qarşısında Zəngəzur dəhlizinin reallaşdırılması, konstitusiya dəyişikliklərinin həyata keçirilməsi, Azərbaycanla yekun sülh sazişinin imzalanması və Türkiyə ilə normallaşma prosesinin irəlilədilməsi kimi ciddi və strateji əhəmiyyət daşıyan məsələlər var. Bundan sonrakı mərhələdə bəyanatlardan daha çox konkret addımlar həlledici olacaq. Arzumuz odur ki, zəruri addımlar atılsın və Cənubi Qafqazda davamlı sülh, sabitlik və əməkdaşlıq təmin edilsin”.