Ermənilərin hücumu dəf edilib, 3 hərbçimiz yaralanıb

Ekspertlər cəbhədəki atışmaları Xocayanın ölümü ilə əlaqələndirirlər



Ermənistan atəşkəs rejimini yenidən pozub. Düşmən ölkə ordusu ön cəbhədəki mövqelərimizi intensiv atəşə tutub. Qoşunların təmas xəttində az qala hər gün güllə sədası eşidilir. Bu dəfə isə mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq və ayıq-sayıqlıq nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə alınıb. Qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib.

Ermənistan ordusunun basqın cəhdlərinə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı qeyd edib ki, "Silahlı Qüvvələrimiz cəbhənin bütün istiqamətlərində ayıq-sayıqdır və düşmənin hər hansı təxribatının qarşısını almağa hazırdır. Onun sözlərinə görə, cəbhə xəttində erməni silahlı birləşmələri tərəfindən mütəmadi olaraq hücum və basqın cəhdləri olur: "Məsələn, bu ilin yanvar ayında erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin cənub-qərb istiqamətində, Xocavənd rayonunun şərqindən qoşunların təmas xəttini keçmək cəhdi indikindən daha ciddi idi. Budəfəki isə növbəti cəhdlərdən biri idi”.

V.Dərgahlının qənaətincə, bu cür səylər Azərbaycan tərəfinin sayıqlığını yoxlamaq, qoşunların təmas xəttində boşluqlar tapmaq, taktiki gediş və ya hansısa siyasi oyun məqsədi ilə edilə bilər: "Nə edirlərsə etsinlər, yenə Silahlı Qüvvələrimiz bütün cəbhə boyu öz sayıqlığını itirmirlər. Həmişəki kimi düşmənin bütün cəhdlərinin qarşısını almağa hazırdırlar. Alırlar da. Buna heç kimin şübhəsi olmasın. Düşmən itkilər verib. Hələlik ermənilər tərəfindən verilən itkinin sayı barədə dəqiq məlumatımız yoxdur. Amma dəqiq bilirik ki, itkilər olub. Yəqin ki, erməni tərəfi qısa müddətdə öz itkiləri barədə məlumat verəcək”.

Qurum sözçüsü söyləyib ki, atışmalara baxmayaraq mövqelərdə heç bir dəyişiklik baş verməyib: "Hərbçilərimiz ermənilərə müdafiənin ön xəttinə heç yaxınlaşmağa belə imkan verməyiblər”.

V.Dərgahlı onu da diqqətə çatdırıb ki, atışma zamanı Ordumuzun 3 hərbi qulluqçusu yaralanıb: "Yaralananlar gizir Məmmədov Murad Asif oğlu, əsgərlər İsaqov Tural Eldar oğlu və Mirzəli Mirzə Asif oğlu hərbi tibb müəssisəsinə yerləşdiriliblər. Durumları kafidir. Heç birinin həyatı üçün təhlükə yoxdur.

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Sabiq polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə açıqlamasında bu cəhdləri Azərbaycanda əsir olub qaytarılan Xocayanın ölümü ilə izah edib. Ekspertin sözlərinə görə, onun tələf olması düşmən ölkədə böyük etirazlara səbəb olub: Məndə olan məlumatlara görə, ermənilər etirazları səngitmək üçün bir neçə əsgərimizi girov götürmək məqsədi ilə hərəkətə keçiblər. Buna nail ola bilməyiblər”.

Sabiq hərbiçi diqqətə çatdırıb ki, burada Rusiya təxribatından söhbət belə gedə bilməz: "Bəziləri hesab edir ki, işlərin alt qatında Moskva dayanır. Əslində belə deyil. Məsələnin mahiyyəti Xocayanla əlaqədardır. Buna başqa çalar vermək olmaz. Çünki böyük bir ordu hücuma keçməyib. Qorxulu vəziyyət yoxdu”. Ü.Cəfərov onu da əlavə edib ki, may ayında komandirlər daha diqqətli olmalıdırlar: "Bu ayda hər tərəf yaşıllıq olur. Kəşfiyyat-diversiya qrupları fəallıq göstərirlər. Bunu nəzərə almaq lazımdı”.

Ayyət Əhməd