Soma faciəsi təsadüf deyil

Bu, Türkiyənin siyasi gündəmini dəyişən bir təxribatdır



Türkiyənin Soma qəsəbəsində baş verən və 300-dən çox işçinin ölümünə səbəb olan mədən faciəsindən bir həftə keçməsinə baxmayaraq, hadisə ölkənin siyasi gündəmindən düşmür. Mədən partlayışının hər gün müzakirə olunmasının səbəbi isə bütün türk dünyasını yasa boğan bu hadisənin hansısa məkrli qüvvələr tərəfindən təxribatçılıq məqsədi ilə törədilməsi iddiasıdır.

Massonlar, Gülənçilər, PKK-çılar və s. dairələrin əli ilə bilərəkdən törədildiyi iddia edilən faciə təəssüflər olsun ki, Türkiyənin müxalifət partiyalarının siyasi dividend qazanma vasitəsinə çevrilib. Kömür mədənindəki yanğını əldə bayraq edən CHP və MHP rəsmiləri ürəkləri parçalayan olaydan hakim AKP-ni zəiflətmək üçün istifadə etməyə çalışırlar. Soma faciəsində Ərdoğan hökumətini suçlayan MHP-nin Manisa millət vəkili Hasan Örən iddia edir ki, mədən faciəsinin əsas səbəbi AKP-nin iş adamlarına təzyiq etməsidir: "Somadakı olayın gerçək səbəbi siyasətin iş dünyasına basqısıdır. Mədən sahibləri siyasətin tələblərini yerinə yetirdikdə məsuliyyətləri ilə bağlı məsələləri arxa plana keçirirlər. Somada həyatını heçə sayaraq yüzlərcə metr aşağıya enən insanlara seçkilərdə "AKP-yə səs verməsəniz, iş yeriniz bağlanacaq deyilirsə, əlbəttə, 301 insanımızın cəsədi ilə qarşılaşacağıq. Seçki mitinqləri zamanı minlərlə insanı meydana gətirən iş adamlarının bunun qarşılığında heç nə istəmədiyini zənn edirsiniz?”.

Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyir ki, insan faktoru ən ali dəyər hesab olunur. Vətəndaşların, xüsusən də onların başına gələn acı olayların siyasətə alət edilməsi olduqca çirkin cəhddir: "Çox təəssüflər olsun ki, Türkiyədə bələdiyyə seçkilərində və Soma hadisəsində süni surətdə yaradılan ajiotaj bir daha göstərdi ki, insanlardan siyasi vasitə kimi faydalanmağa çalışanlar var. Bu tendensiya qardaş ölkədə artıq adət halını alıb. Konkret Soma hadisəsinə gəldikdə isə, bu məsələ hələ tam araşdırılmayıb. Ancaq fikrimcə, mədən partlayışında təxribat elementləri var. Çünki fikir verdinizsə, bələdiyyə seçkiləri öncəsi Türkiyədə korrupsiya hadisələri ortalığa atılmaqla AKP-yə qarşı anti-hökumət təbliğatına start verildi. İndi bu ilin avqust ayında Türkiyədə prezident seçkiləri olduğu üçün, açığı, Soma hadisəsini təsadüf saymıram”.

N.Mirinin sözlərinə görə, hadisənin təxribat olub-olmamasına baxmayaraq, bu faciədən siyasi məqsədlər üçün yararlanmaq niyyəti siyasi əxlaqa sığmır: "İstər CHP olsun, istərsə də MHP, xalqın yanında olduğunu iddia edən heç bir partiya zərərçəkmiş kütlədən siyasi hakimiyyətə gəlmək üçün istifadə etməməlidir. Siyasətdə insan alveri yolverilməzdir. Vətəndaşın həyatı bu qədər ucuz olmamalıdır”.

İsmayıl