Müharibə cinayətlərinə görə cəzalar sərtləşdirilir: 20 il HƏBS

Fazil Mustafa: “Müharibə cəzalarının sərtləşdirilməsi savaşa, döyüşə, dövlətə münasibətin gücləndirilməsi baxımdan zəruridir”
Cavid Alıyev: “Müharibə qanun və adətləri, müharibə cinayətləri ilə əlaqədar Haaqa və Cenevrə Konvensiyalarına əsasən, heç kəsin sağ buraxılmayacağını bəyan etmə qadağandır”


Ölkə Prezidenti İlham Əliyev tərəfindən Cinayət Məcəlləsinin 100.2 və 117.2-ci maddələrinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə (MM) daxil olub. MM-dən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 100.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, təcavüzkar müharibəni aparma əməlinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Eyni cəza maddənin 117.2-yə də (döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu məcəllənin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə) şamil edilməsi təklif olunur.

Hazırda hər iki maddənin qüvvədə olan cəzaları 10 ildən 15 ilə qədərdir.

Qeyd edək ki, sözügedən layihə MM-in plenar iclasına tövsiyə olunub.

Cinayət Məcəlləsinin 100.2 və 117.2-ci maddələrinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin hansı zərurətdən gündəmə daşınmasına gəldikdə isə millət vəkili Fazil Mustafa deyib ki, Azərbaycan müharibə şəraitində olan ölkədir və çox güman ki, indiki halda müharibə cinayətlərinə görə, cəzaların sərtləşdirilməsi isə cəmiyyətə, beynəlxalq aləmə və düşmənə qarşı verilən mesajdır: "Bu dəyişikliklər göstərir ki, Azərbaycanda müharibə cinayətlərinə qarşı münasibət kifayət qədər sərtdir. Hər hansı bir dövləti cinayət və ya digərlərinin məsuliyyəti çox böyük olacaq. Zənnimcə, dəyişikliklərin xarakteri budur”.

F.Mustafanın sözlərinə görə, müharibə cəzalarının sərtləşdirilməsi savaşa, döyüşə, dövlətə münasibətin gücləndirilməsi baxımdan zəruridir. Cinayət Məcəlləsinin müvafiq maddələri pozulduğu halda kimlərin və hansı şərtlər daxilində məsuliyyətə cəlb olunmasına gəldikdə isə millət vəkili qeyd edib ki, bu maddələr əsasən yüksək vəzifəli şəxslərə şamil edilir: "Qanunun müvafiq maddələrində söhbət ilk növbədə səlahiyyətli və vəzifəli şəxslərdən gedir və onların kateqoriyaları da qanunvericilikdə müəyyən olunub. Bu maddələr müharibə ilə bağlı əmr vermə kateqoriyasına daxil olan şəxslərə şamil edilir”.

Millət vəkilinin qənaətincə, Ermənistan rəhbərliyi birbaşa həmin maddələrlə məsuliyyətə cəlb oluna bilər, amma bunun üçün vətəndaşlıq şərtdir: "Ermənistanda Azərbaycan torpaqlarının işğalı və azərbaycanlıların öldürülməsi barədə verilən qərarda iştirak edən, Dağlıq Qarabağda məskunlaşan Azərbaycan vətəndaşlarının məsuliyyətə cəlb olunması barədə qərar qəbul oluna bilər. Amma birbaşa Ermənistan rəhbərliyinin məsuliyyətə cəlbi beynəlxalq hüquqla tənzimlənir”.

"Bakı Hüquq Mərkəzi”nin hüquq məsləhətçisi Cavid Alıyev bildirib ki, təvazökar müharibəni aparma (AR CM 100.2) sülh və insanlıq əleyhinə törədilən cinayətlərdən biridir: 

"Çünki xalqlar və dövlətlər arasında sülhün, dinc yanaşı yaşamanın və əməkdaşlığın əleyhinə yönəlir. BMT Baş Məclisinin 14.12.1974-cü tarixli Qətnaməsinə əsasən, təcavüz bir dövlətin özünün silahlı qüvvələrindən digər dövlətin suverenliyinə, ərazi toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı istifadə etməsi, habelə beynəlxalq hüquq normaları ilə bir araya sığmayan hər hansı üsulla təsir göstərməsidir. Təcavüzkar müharibəni aparma hər hansı döyüş texnikasından, silahlarından, digər təcavüz üsullarından istifadə etməklə lokal və ya irimiqyaslı hərbi əməliyyatların həyata keçirilməsində ifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti Prezidentə məxsusdur və buna onun müraciəti əsasında yalnız Milli Məclisin razılığı ilə yol verilə bilər.

Döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu məcəllənin 155-ci və 116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən, bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə (AR CM-nin 117.2-ci maddəsi ) isə müharibə əleyhinə olan cinayətlərə aiddir”.

C.Alıyev əlavə edib ki, müharibə qanun və adətləri, müharibə cinayətləri ilə əlaqədar Haaqa və Cenevrə Konvensiyalarına əsasən, heç kəsin sağ buraxılmayacağını bəyan etmə qadağandır: "Bu qadağaya eləcə də bu barədə əmr vermə, bununla düşmənə hədə-qorxu gəlmə və ya əsasda hərbi əməliyyatlar daxildir. Bu cinayətin subyekti xüsusi olmaqla, silahlı münaqişə zamanı əmr və ya sərəncam vermək səlahiyyəti olan şəxslərdir”.

Şəymən