Rusiya Azərbaycanı məcbur etdi ki...

...İkili vətəndaşlıq almaq istəyənlərin qarşısını qanunla alsın




Azərbaycanda vətəndaşlıqdan çıxma və vətəndaşlığı qəbul etmə ilə bağlı yeniliklər tətbiq olunur. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilir. Layihədə diqqətçəkən ən önəmli dəyişiklik isə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının 1 ay müddətində bu barədə yazılı məlumat verməsə, məsuliyyətə cəlb olunacağıdır.

Miqrasiya problemləri üzrə ekspert Azər Allahverənov isə hesab edir ki, Azərbaycanda vətəndaşlıqdan çıxma və vətəndaşlığı qəbul etmə ilə bağlı tətbiq olunan yeniliklər günün aktuallığı ilə səsləşən məsələlərdir: "Bildiyiniz kimi, son zamanlar ikili vətəndaşlıq məsələsi gündəmə gəlib. Ayrı-ayrı fenomenlər olduğuna baxmayaraq, bu məsələlərin günmədə gəlməsi son zamanlar "vətəndaşlıq haqqında qanunu” aktuallaşdırıb. Bu aktuallaşmanın da əsas səbəblərindən biri odur ki, bu gün bizim Rusiyada məskunlaşan kifayət qədər miqrantlar var ki, Rusiyanın qanunvericiliyində öz əksini tapan imkanlardan yararlanaraq, Azərbaycan vətəndaşlığını əldə saxlayaraq, Rusiyanın da vətəndaşlığını qəbul edir. Rusiya qanunvericiliyində mövcud olan bu boşluqlar vaxtı ilə ona gətirib çıxarmışdı ki, insanlar rahat şəkildə ikili vətəndaşlıq statusunu daşıyırdılar. Amma bir ay əvvəl Rusiyanın siyasi hakimiyyəti birmənalı şəkildə vətəndaşlıqla bağlı sadələşdirilmiş prosedur qaydaları tətbiq etdi. Belə ki, artıq Rusiya vətəndaşlığını almaq istəyənlər öz millətinə məxsus vətəndaşlıqdan imtina etməlidir. Azərbaycan isə yalnız bir ölkənin vətəndaşlığını tanıyır. Hökumət də təxmin edir ki, Rusiyada yaşayan bəzi azərbaycanlılar sadələşdirilmiş prosedurlardan yararlanmaqla müxtəlif saxta yollara əl ataraq, ikili vətəndaşlıq almaq istəyəcəklər. Hökumət də bu cür saxtakarlıqların qarşısını almaq üçün məsələnin qanunla tənzimlənməsini zəruri hesab edib”.

Qanunun 10-cu maddəsinə edilən yeni əlavələri müsbət hal kimi dəyərləndirən ekspert hesab edir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyi halda məsuliyyət daşıması qəbulolunandır: "Amma yenə də, mənim üçün önəmli olan odur ki, insan müxtəlif səbəblər ucbatından belə bir duruma düşə bilər. Odur ki, hamıya eyni yanaşmaq da doğru olmazdı. Hesab edirəm ki, vətəndaşlıqla bağlı sərt qaydaları müəyyənləşdirməzdən əvvəl bu istiqamətdə müəyyən araşdırmalar da aparılmalıdır. Ola bilər ki, insanlar qanunu bilmədiyi, yaxud səthi bildiyi üçün qanun pozuntusu edə və sərt mexanizmə məruz qala, bu zaman da müəyyən xoşagəlməz hadisələr yaşana bilər. Odur ki, qanuna edilən dəyişikliklər müsbət olsa da, onun icra mexanizmi ilə bağlı konkret tədqiqatlar aparılmalıdır”.

Şəymən