Texniki-Humanitar liseydə nə baş verir?

Təhsil Nazirliyi etiraz aksiyasını təkzib edir, müəllim və valideynlər isə təhsil müəssələrində vəziyyətin dözülməz olduğunu bildirirlər




Bakıda müəllimlərin və narazı valideynlərin etiraz aksiyası keçirilib. Nümayiş Nəsimi rayonunda yerləşən Texniki-Humanitar liseydə baş tutan aksiya müəllimlərin məvaciblərinin düzgün və vaxtında verilməməsi ilə əlaqədardır. Müəllimlər həmçinin şagirdlərin liseydən uzaqlaşdırılmasına da qarşı çıxırlar. Valideynlər isə bir neçə gün öncə liseydə aparılan monitorinq imtahanının nəticələrinin saxtalaşdırıldığını iddia edirlər. Bildirirlər ki, liseydə ilin əvvəlində 1300 şagird təhsil alırdı. İndi isə bu rəqəm 1063-ə endirilib:

"Siniflərin sayını sürətlə azaldırlar. Müəllimlər işsiz qalacaqlarına görə etiraz edirlər. Müəllimlər monitorinqin düzgün aparılmamasında günahlandırılırlar. Uşaqları liseydən qovurlar. Müəllimlərin dərs saatları kəsilib. Maaşları verilmir”.

Sözügedən təhsil müəssisəsinin direktoru Simuzər Əliyeva etiraz aksiyası ilə bağlı yayılan məlumatları təkzib edib. Direktor məlumatların yanlış olduğunu söyləyib: "Bir müddət öncə V-X siniflər arasında aparılmış test sınaq imtahanlarının suallarının proqramdan kənar olması barədə valideyn və şagirdlər narazılıq ediblər. Ona görə də valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) görüş keçirildi. Razılığa gəlindi ki, monitorinqin suallarının dərs proqramına uyğunluğu yenidən yoxlanılsın. Görüşün məqsədi sözügedən test monitorinqinin nəticələrini valideynlərə açıqlamaqdır. Görüşdə 25 narazı valideyn iştirak edir”. Liseyin direktoru vurğulayıb ki, özü görüşdə iştirak etmədiyi üçün məsələnin nə yerdə olduğunu bilmir.

Məsələ ilə bağlı BŞTİ-dən də reaksiya gəlib. Qeyd olunub ki, liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanıb. Buna səbəb sualların proqrama uyğun tərtib edilməməsi olub. "Ona görə BŞTİ tərəfindən suallar araşdırılıb. Müəyyən sualların proqramdan kənar olması aşkarlanıb. Monitorinqin nəticələri ləğv edilib. Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb. Liseydə etiraz aksiyasının keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da "Şərq”ə açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib: "Müəssisə rəhbərliyi ilə əlaqə saxlamışıq. Aksiya olmayıb”.

TN aksiyanı təkzib etsə də, dünən axşam saatlarında "ANS PRESS”in redaksiyasına liseyin müəllimləri nümayişin keçirildiyini təsdiq edən məktub ünvanlayıb. Adlarının hallanmasını istəməyən müəllimlər liseydəki vəziyyətin acınacaqlı olduğunu söyləyib. Həmin məktubu təqdim edirik: "Bir neçə gün öncə Bakı şəhəri, Nəsimi rayonunda fəaliyyət göstərən liseydə şagirdlərin və valideyinlərin etiraz aksiyası olub. Liseydə hökm sürən xaos tək valideynlərin deyil, müəssisənin kollektivini də narahat edir. Liseyə müvəqqəti təyin edilmiş direktor (Simuzər Əliyeva) və onun müavini işə başladıqları gündən liseydə yalnız özbaşınalıqla məşğul olurlar. Bugünədək direktor və müavini hər addımlarında müəllimləri təhqir edir. Onlara əmr verərək şagirdlərə aşağı qiymətin yazılmasını tələb edirlər”.

Məktubda yazılıb ki, 11-ci siniflərdən rüşvət qarşılığında dərslərə gəlməmələrinə göz yuman rəhbərlik müəllimlərə, şagirdlərə və valideynlərə kobud münasibət sərgiləyir: "Liseyin direktor müavini heç özü etik normalar çərçivəsində davranış qaydalarını bilmir. Bundan başqa, direktorun katibəsi Valicanova Aysel direktor və müavinlə əlbir olaraq liseyə artıq indidən rüşvət alaraq gələn il üçün uşaqların qəbulunu təşkil edir. Bütün hallarda bu üçlük təhsil sistemindən uzaqlaşdırılmalıdır. Heç kəsin haqqı yoxdur ki, haqsız yerə şagirdləri liseydən kənarlaşdırsın. Buna nə dövlətin qanunvericiliyində, nə də Liseyin daxili nizamnaməsində rast gələ bilərsiniz”.

Məktubda o da qeyd edilib ki, liseydə təşkil olunmuş monitorinq-imtahan TN-in qəbul etdiyi normativlər əsasında həyata keçirilmir: "Müəllifin iddialarına görə, imtahanın 4 fəndən ibarət olacağı elan edilsə də, sonradan qəflətən 8 fənə çıxardılır. Bu da şagirdlərin üzərində böyük stress yükünün yaranmasına gətirib çıxarır. Son nəticədə isə imtahanın nəticələri mənfi olub. Bundan başqa, nəzərinizə çatdırmaq istəyirəm ki, digər amillər də imtahanın nəticələrinə öz mənfi təsirini göstərib. Belə ki, imtahanda qoyulmuş test sualları siniflər üzrə düzgün bölüşdürülməyib. Məsələn, 6-cı sinfə 7-ci sinfin sualları və ya 8-ci sinfə 9-cu sinfin sualları qoyulub. Bundan başqa, rus bölməsinin imtahanı zamanı rusdilli şagirdlərin testin suallarını aydınlaşdırması zamanı dəvət edilmiş nəzarətçilərin rus dilini bilməməsi nəticəsində şagirdlər yanlış istiqamətdə yönləndirilib. Bütün bu sadaladıqlarımdan belə bir nəticəyə gəlmək olar ki, imtahan günü haqlı olaraq şagirdlərdə qorxu və stress hissi yaranıb. Nəticədə də şagirdlər bizə müxtəlif suallar ünvanlandırıb. Müəllimlik

sənəti humanist sənətdir. İnsan mənəviyyatını formalaşdıran sənətdir. Uşaqlara olan sevgi müəllim fəaliyyətinin humanist istiqamətinin əsasıdır. Müəllim bütün hallarda, xüsusən "müəllim-şagird”, "müəllim-pedaqoji kollektiv”, "məktəb rəhbərliyi-müəllim”, "müəllim-valideyn” münasibətlərinin qurulmasında pedaqoji nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməlidir. Həmçinin şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır”.

Müəllif məktubun sonunda kollektiv adından bu mövzunun bir daha ciddi araşdırılmasını və işıqlandırılmasını istəyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Texniki-Humanitar liseyin şagirdlərinin aksiya keçirmələrini əks etdirən videogörüntülər yayılıb. Videoda narazı şagirdlərin liseyin qarşısına toplaşaraq direktor və müavinin işdən azad edilməsini tələb etdikləri əks olunub.

Ayyət Əhməd