Bu uşaqları qınamaq doğru deyil

Əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında 10 nəfərin 600 balı keçməsi kifayət qədər yüksək göstərici hesab olunmalıdır



Əvvəlki illərin məzunları arasında keçirilən qəbul imtahanlarının nəticələri heç də ürəkaçan hesab olunmur. Azərbaycanda 2014-2015-ci tədris ili üzrə ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında əvvəlki illərin məzunları arasında 10 nəfər abituriyent 600 baldan yüksək nəticə göstərib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin sözlərinə görə, qəbul imtahanlarında əvvəlki illərin məzunları arasında ən yüksək nəticə göstərən abituriyent 663 bal toplayıb.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə sözügedən nəticələrin aşağı, yetərsiz kimi qiymətləndirilməsini düzgün hesab etmədiyini vurğulayıb: "Bu uşaqların hər biri ötən illər ərzində keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilmədikləri üçün kənarda qalan abituriyentlərdir. Onlar istədikləri yer üzrə keçid balını yığa bilmədikləri üçün qəbul olunmayıb. Başa düşə bilmirəm, nəticələr niyə zəif kimi qəbul olunur. Mənə elə gəlir ki, əvvəlki məzunlar üzrə keçirilən qəbul imtahanlarında 10 nəfərin 600 balı keçməsi kifayət qədər yüksək göstərici hesab olunmalıdır. Mən bunu yaxşı nəticələr hesab edir və hətta alqışlayıram. Axı, bu uşaqların heç biri 2014-cü ilin məzunları deyil. Onların məktəbi bitirməsinin üzərindən 1 il keçib, hətta 3-4 il keçənlər də var. Adətən abituriyentlər orta məktəbi bitirən kimi "isti-isti” imtahan verirlər və yüksək nəticələr əldə edirlər. Bunlarda vəziyyət tamam fərqlidir. Artıq bu uşaqların yaddaşları zəifləyib, bilikləri köhnəlib. Hələ onların test imtahanı verməsini də nəzərə alsaq, vəziyyət qənaətbəxşdir. Bilirsiniz, məzun olan ili qəbul imtahanlarını testlə verəndə imtahanda yüksək nəticələr toplamaq asan olur. Amma məzuniyyətin üstündən 2-3 il keçəndən sonra artıq test imtahanı abituriyentlərə sərf eləmir, çətinləşir. Mənə elə gəlir ki, əvvəlki məzunlar qəbul imtahanını yazılı və ya şifahi şəkildə versələr, daha da yüksək nəticələr əldə edə bilərlər. Çünki artıq onların bu ilin məzunları ilə müqayisədə həyat təcrübəsi artmış olur. Dünya görüşləri sinif otaqları çərçivəsində məhdudlaşmır. Həyata daha geniş pəncərədən baxmağa başlayırlar. Özlərinə güvəni artır və bir çox yetənəkləri ortaya çıxır. Beləliklə də, orta məktəbdə öyrəndikləri bilgilər zəifləyir. Məhz bu səbəbdən də, TQDK əvvəlki ilin məzunlarını şifahi və yazılı suallarla sınağa çəkməlidir”.

Ə.Ağayevin sözlərinə görə, əvvəlki illərin məzunlarından yüksək nəticələr gözləmək doğru deyil. Ekspert hesab edir ki, yenidən imtahan verən uşaqların ötən il zəif nəticələr göstərdiklərini unutmamaq lazımdır: "Görünür, bu uşaqların bilik səviyyələri yüksək səviyyədə olmadığı üçün onlar keçən il ali məktəblərə daxil ola bilməyiblər. Odur ki, builki nəticələri heç də təəccüblü, araşdırılması vacib bir hadisə kimi görmürəm. Hər halda bunlar ötən illərin "zəif bənd”ləri olduğu üçün builki göstəricilər arasında maksimum balın əldə edilməməsi də normaldır. Hətta 2-3 ildən sonra 35 min abituriyentdən 10 nəfərinin 600 balı keçməsi, hələ test imtahanı ilə bu nəticələri göstərməsi təqdirəlayiqdir. Sizi inandırım ki, məzun olduğu il 650-700 bal arası nəticə göstərən tələbələr yenidən qəbul imtahanlarına cəlb edilib, imtahan edilsə, heç biri 400-ü keçə bilməz”.

Şəymən