Postmodernizm və milli ədəbiyyat

Azərbaycanın Bütövlüyü uğrunda cəmiyyət layihənin növbəti mərhələsini həyata keçirib



Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” adlı layihə çərçivəsində "Poeziya sahəsində ədəbi cərəyanların təsnifatlaşması və onların yeri” mövzusunda mətbuat konfransı keçirilib. Layihə "Azərbaycanın Bütövlüyü Uğrunda” Cəmiyyətin təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məlahət Xəlilova postmodernist yazarların milli ədəbiyyat ənənələrinə qarşı olmalarını tənqid edib. O bildirib ki, postmodernizm poeziyaya gətirildikdən sonra yazılan bir sıra şeirlərdə küçə dilindən istifadə edilir: "Özlərini "gələcəkçilər” (futurizm) adlandıran bu tip yazarlar poeziyaya gətirdikləri yeni dillə Mussolinin hakimiyyətinin möhkəmlənməsinə xidmət edirdilər. Futurizmin poeziyaya gətirilməsi ilə şeirlərdə ənənəvi qaydalar ləğv edildi. İndiki mühitdən fərqli olaraq, 90-cı illərin əvvəllərində Azərbaycanda şairlərin şeirlərində estetik ideallara bağlanma, onların əsərlərini sevmək, üslublarını mənimsəmək tendensiyaları var idi”.

M.Xəlilovanın fikrincə, müasir həyatın internetləşən cəmiyyətlərin səpildiyi şəhərlərilə həmrəylik içərisində yaşamağı aşılayan idealizm birliyin yaratdığı ortaq duyğuları dilə gətirməyi qarşısına məqsəd qoyub: "Birlik şüurunu və bu şüura görə fərdin yaranmasını qabağa çəkir”.

Sonra müstəqil jurnalist Yeqizar Cəfərli çıxış edərək indiki dövrdə postmodernizm cərəyanına qeyri-ciddi yanaşıldığını qeyd edib. O, Azərbaycanda postmodernizmin heç bir zaman uğur qazana bilməyəcək kimi fikirlərlə razı olmadığını vurğulayıb.

Ədəbi tənqidçi Mənsur Rəğbətoğlu isə yazıçının əqidəsindən asılı olmayaraq yaxşı ədəbi yazıya qiymət verilməli olduğunu deyib: "Tolstoy demişkən, söz böyük qüvvədir. İndiki dövrdə əsər yazılarkən gözəl ifadə vasitələri ilə istifadə edilməlidir. Yazıçı əsərlərini izmə görə yazmamalıdır, bunu müəyyənləşdirmək ədəbiyyatşünasların işidir”.

Daha sonra qonaq qismində iştirak edən "Azad Qələm” qəzetinin baş redaktoru, şairə xanım Nəcibə İlkin isə postmodernizmdə çılpaqlığın əleyhinə olub. "Senzura yoxdur deyə hər yazıçı nə istəyir yazmamalıdır, çərçivələr olmalıdır.

Yazıçı Eyyub Qiyas da postmodernizmin haqqında danışaraq sovet dövründə bu yöndə yazılan əsərlərin də bu gün oxunduğunu qeyd edib.

Konfransın sonunda isə qonaqlar jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” adlı layihəyə martın 14-də start verilib, üç ay müddətində həyata keçiriləcək. Layihə çərçivəsində bu istiqamətdə konfranslar və sorğular keçirilir, ədəbi təhlillər aparılır.

Vüqar Şahinoğlu