Tovuza sel gəldi

61 kəndin elektrik enerjisi dayandırıldı, kənd yolları sıradan çıxıb, evlərə ziyan dəyib



Ötən gecə Tovuza güclü yağış yağıb. Leysan dağ kəndlərində fəsadlara səbəb olub. Hətta şimşək çaxması nəticəsində qırılan elektrik xəttini birləşdirmək istəyən "elektrik mantyoru”nu cərəyan vurub.

Tovuz Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini, 1964-cü il təvəllüdlü Qəhrəman Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölüb. Tovuz rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Zöhrab Paşayevin verdiyi məlumata görə, Q.Hüseynov şəbəkə tərəfindən xidmətə göndərilməyib. Məlumata görə, o, ötən gecə Tovuzda yağan güclü leysan və şimşək çaxması nəticəsində qırılıb yerə düşən elektrik naqilini birləşdirmək istəyərkən cərəyan vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Güclü yağış kənd təsərrüfatına da ciddi ziyan vurub

Baş verən fəsadlarla bağlı danışan Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Məmmədov da açıqlamasında, ötən gecədən rayon ərazisində yağan yağışın bir çox kəndlərdə, xüsusən də dağ kəndlərində ciddi fəsadlara yol açdığını vurğulayıb. Onun sözlərinə görə, kəndlərdə leysan yolları yuyaraq sıradan çıxarıb. Bundan başqa, kəndlərdə yaşayış evlərinə su dolub. Bəzi evlərin divarlarında çatlar əmələ gəlib. Güclü yağış kənd təsərrüfatına da ciddi ziyan vurub. M.Məmmədovun bildirdiyinə görə, leysan yağış kartof və digər əkin sahələrini yuyaraq tam yararsız hala salıb. Bəzi kəndlərdə iri və xırda buynuzlu heyvanların da tələf olduğu bildirilir. Məmmədov hazırda leysanın vurduğu ziyanın araşdırıldığını deyib. Tovuz Rayon Elektrik Şəbəkəsinin rəisi Zöhrab Paşayev isə şimşək çaxması nəticəsində rayonun dağ kəndlərinə gedən elektrik naqillərinin sıradan çıxdığını vurğulayıb. Qovlar şəhərində 110 kilovoltluq yarımstansiyanın da yararsız hala düşdüyünü deyən Z.Paşayev hazırda rayon mərkəzi də daxil olmaqla bir sıra dağ kəndində elektrik enerjisinin olmadığını bildirib.

Tovuzdan seçilən deputat Rafiq Məmmədhəsənov isə Tovuz rayonuna heç vaxt budəfəki kimi leysan yağmadığını deyib. Millət vəkilinin sözlərinə görə, dəyən ziyan hesablandıqdan sonra vətəndaşlara yardımlar ediləcək. O həmçinin hadisə ilə bağlı mütəmadi olaraq rayonla əlaqə saxladığını da qeyd edib.

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov isə açıqlamasında ilk növbədə bağlanan yolda nəqliyyatın bərpasına çalışdıqlarını vurğulayıb. Onun dediyinə görə, mayın 21-də axşam saat 20 radələrindən başlayaraq Tovuz rayonu ərazisinə güclü tufanla müşahidə olunan leysan yağıb: "Nəticədə Ağdərə, Ağbaşlar, Qəribli, İbrahimhacılı, Bayramlı, Çapaq, Kirən, İsəkənd, Qarabağlılar, Çeşməli və digər kəndlərdə vətəndaşların təsərrüfatına, yaşayış evlərinə, sosial infrastrukturlara ciddi ziyan dəyib. Dağlardan gələn sel, yolları qum, çınqılla örtüb, su keçidlərini doldurub. Leysan Qovlar-Ağbaşlar avtomobil yolunun İsəkənd ərazisinə keçən hissəsində yolun 10 metrliyini yuyub aparıb, ətraf kəndlərlə avtomobil əlaqəsi kəsilib. 61 dağ kəndinə elektrik verilişi dayandırılıb. Hazırda həmin ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır, texnika cəlb olunub. Ümumi dəyən ziyan müəyyənləşdirilir, bundan sonra vətəndaşlara hər hansı yardım edilməsi dəqiqləşəcək”.

Tovuz rayonundan seçilən digər deputat Qənirə Paşayeva da hadisə ilə bağlı öz narahatlığını ifadə edib: "Leysan rayonun dağ kəndlərinə ciddi zərər verib. Əsas zərərin də kənd təsərrüfatına dəydiyi bildirilir. İndilərdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla əlaqə saxladım. Zərər həddindən artıqdır. İndiki məlumata görə, Tovuz-Saratovka yolu bağlanıb, 10 baş heyvanı sel aparıb, insanlara dəyən ziyanı hesablamaq üçün ayrı-ayrı kəndlərdən məlumatlar toplanır. İnsan xəsarəti, dağıntı yoxdur. Əsasən Qovlarda evlərin zirzəmisinə su dolub”. O, təbii fəlakətlə bağlı bu gün rayona gedəcəyini, vətəndaşlarla görüşəcəyini bildirib.

Şəymən