Seriallarımız üzəçıxarılası deyil

Hələ 5-6 il səhv edə-edə gedəcəklər
Hüseyn Mehdiyev: “Zaman baxımından 5-6 ili itirməyə və bu qədər maliyyə vəsaiti sərf etməyə dəyməzdi”



Elçin Əlibəyli: "Reytinq siyasəti ilə bağlı ölçü götürülməlidir. Neçə ildir bu məsələni qaldırıram, heç kim qulaq asmır”

Milli Teleradio Şurası teleserialların çəkilişinə maliyyə yardımının göstərilməsi məsələsinə baxıb və özəl yayımçıların hər birinə 200.000 manat məbləğində yardım ayrılmasına qərar verib. Qeyd edək ki, məhz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ötən ildən başlayaraq milli televiziya filmlərinin çəkilişinə maliyyə yardımı ayrılır. Çəkilən filmlərin dövlət dəstəyini yetərincə doğrultduğunu isə birmənalı demək mümkün deyil.

Telekanallarımızda yayımlanan serialların "Yaşıl eynəkli adam”dakı rejissorun təbirincə desək, nə duzu var, nə istiotu. Yerli serial sənayemizin istehsal etdiyi filmlərə hələlik ancaq bir ad vermək olur: ürəküzən filmlər! Serial istehsalına girişənlər ha çalışır ki, hansısa əlavə vasitələr hesabına filmi "dadlandırsınlar”, yenə də alınmır. Hətta Ramiz Novruz, Həmidə Ömərova kimi professional teatr və kino aktyorlarımız da seriallara "yapışmırlar”, o ki ola, meyxanaçı Namiq Qaraçuxurlu. Milli serialların çəkilişinə hər dəfə vəsait ayrılsa da, Azərbaycan tamaşaçısı gözünü Türkiyə dizilərindən çəkmir. Niyə?

Məsələyə münasibət bildirən Müstəqil Rejissorlar Gildiyasının prezidenti Hüseyn Mehdiyev milli serial uğursuzluğunun bir neçə səbəbi olduğunu dedi:

- Ayrılan vəsait keyfiyyətli film üçün, əlbəttə azdır. İkincisi, bəzən iş qeyri-peşəkarlara tapşırılır. Pulu verərlər iş bilənə. Hələ 5-6 il səhv edə-edə gedəcəklər, sonra baxacaqlar ki, harada səhv ediblər, başlayacaqlar səhvlərini düzəltməyə, buna da bir neçə il vaxt gedəcək. Zaman baxımından 5-6 ili itirməyə və bu qədər maliyyə vəsaiti sərf etməyə dəyməzdi. Maliyyə vəsaiti ayrılanda, doğrusu, əvvəlcə mən elə bildim, bu pul ilkin mərhələdə layihələrin hazırlanması üçündür. Növbəti vəsaitlər çəkiliş üçün nəzərdə tutulacaq. Sonra gördüm ki, yox, birbaşa film çəkilişlərinə başlanıldı. Eşitdiyimə görə də, filmlərin çəkilişinə sərf olunan vəsait faktiki maliyyədən yüksəkdir. Serial, film çəkilişi üçün 200.000 manat azdır. Bu pula keyfiyyətli məhsul ortaya qoymaq olmaz. Aralarında bir balaca professional olanları hiss edilir. Hiss olunur ki, nəsə edə bilərlər. İnkişaf prosesi gedə bilər. Estetika hiss olunur. Kinodan bir balaca başı çıxan adam bunu görür. Amma ümumilikdə, hamısı zəifdir, üzəçıxarılası deyillər. Serial çəkmək çox çətindir. Serialın öz qanunları, öz üslubu var. İşə həqiqətən də professionallar cəlb olunsa, bu sahədə inkişafa nail olunar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli də vəsaitin azlığını vurğuladı, eyni zamanda məsələyə kompleks yanaşılmasını təklif etdi:

- Məlumdur ki, nə qədər çox vəsait qoyulsa, məhsul da bir o qədər yaxşı, daha rəngarəng olacaq, bu, aydın məsələdir. Amma real imkanlar da nəzərə alınmalıdır. Dövlətin imkanı olmalıdır ki, o qədər dəstək versin. Əslində, dövlətin milli serial çəkilişlərinə dəstək verməsi çox böyük faktordur, böyük amildir. Amma bir az kompleks yanaşılmalıdır məsələyə. Məsələn, bizim nazirliklərimiz, bəzi dövlət qurumlarımız özünün ictimai fəaliyyətini, reklam fəaliyyətini ancaq bilbort asmaqda görürlər. Halbuki onlar öz siyasətlərinə uyğun müvafiq serialları maliyyələşdirə bilərlər. Necə ki, bu, Rusiyada edilir. Bu məsələdə Rusiya nümunədir. Bizdə yalnız MTN və Vergilər Nazirliyi bu sahədə təşəbbüs göstərib. Nazirliklərin, dövlət qurumlarının köməyinə böyük ehtiyac var, bu da bir tərəfdən kömək edər. Hərə bir tərəfdən kömək etsə, milli serial sənayemiz axara düşər. Ayrılan vəsaitlərin xərclənməsi yönündə deməliyəm ki, bu günə qədər uğurlu işlərimiz olub. Deyə bilmərəm ki, heç olmayıb. Bu, başlanğıcdır. Başlanğıcda çətinlik olur. Təcrübəsizlik var. Təbii ki, serial sənayesinə lazım olan kadrlar yetişməyib. Kadrlar mərhələli şəkildə yetişməlidir. Ssenaristindən tutmuş, ən sonunda prodakşnlara qədər. O qədər mütəxəssis tələb olunur ki, onların çoxu Azərbaycanda yoxdur. Bilirsiz, məbləğ heç vaxt çox olmur. Həmişə nəsə əlavə etmək istəyirsən. Bu da pul tələb edir.

Bəzən belə iradlar da səslənir ki, qonorar az olduğundan peşəkarları işə cəlb edə bilmirlər. Peşəkar aktyor, peşəkar rejissor, peşəkar operator tapsaq, qonorar haqqında da danışarıq. Azərbaycanda bilirsiz ki, bu sahədə peşəkarlar çox azdır. Fəxri ad almaq, titullu aktyor, rejissor olmaq hələ professional olmaq demək deyil. Görürsünüz ki, bir çox tanınmış aktyorlar serial çəkilişlərində özünü göstərə bilmir. Serial başqadır, teatr, kino başqa. Baxın, Türkiyə təcrübəsinə. Aktyorluq sənətinə aidiyyəti olmayanlar gəldilər uğur qazandılar, amma illərlə kinoaktyorluq etmiş məşhurlar uğur qazana bilmədi. Hər janrın öz tələbləri var. Hər bazarın da qiyməti var, o cümlədən serial bazarının da. Böyük qonorar almaq istəyən dünya standartlarına cavab verən aktyor olmalıdırlar. At çapmağı da bacarmalıdırlar, yuxarıdan tullanmağı da, döyüşməyi də. Görək, bacarırlarmı? Yəni məsələyə biz başqa tərəfdən yanaşmalıyıq. Mən demirəm, aktyorlarımız özünə qiymət verməsin, versinlər, amma ayrılan pulun müqabilində bacarıqlarını göstərə bilsinlər. Göstərə bilmirlər axı. Bizim aktyorlar heç tullana da bilmir. Bu mənada Hollivudla, Rusiya ilə müqayisəyə gəlmirlər. Baxırıq, Hollivud, Rusiya filmlərinə. Gənc aktyorlar döyüş səhnələrində özləri çəkilir, heç bir kaskadyordan da istifadə edilmir. Ona görə də fikrimcə, qonorar söhbəti, bir az şişirdilmiş məsələdir.

E.Əlibəyli ayrılan vəsaitin düzgün istiqamətləndirilməməsi məsələsinə də toxundu:

- Telekanal var ki, özünün bazası var, özü istehsal edir, eləsi var prodakşn xidmətindən istifadə edir. Eləsi var bir neçə prodakşna sifariş verir. Hər telekanalın özünün yaradıcılıq siyasəti var, amma prodakşn sifarişlərin sayı daha çoxdur. Serialların uğursuz hesab edilməsinin başqa səbəbi var. Bir telekanal var, adını çəkmirəm, efirində çox maraqlı seriallar verilir, amma reytinq göstəricisi aşağıdır, zəifdir. Başqa bir telekanal var ki, təqdim etdiyi film ortalığa çıxarılası deyil, amma reytinqləri yüksəkdir.

Yaradıcı cəhətdən çox yaxşı seriallar var, amma tamaşaçılar ona baxmır. Meyar qoymaq mümkün deyil. Hansı meyarla ölçək? Yaradıcılıq meyarı ilə, tərəzinin bu tərəfi ağır gəlir, reytinq meyarı ilə o biri tərəfi. Təəssüf ki, Azərbaycanda reytinq siyasəti 14 ildir, elə adamların üzərində qurulur ki, onlar xüsusi zövqləri ilə seçilmirlər. Nəticə etibarilə onların diktəsi ilə Azərbaycan efiri bu günə düşür. Seriallara pul ayrılması çox gözəldir. Amma reytinq siyasəti ilə bağlı ölçü götürülməlidir. Neçə ildir bu məsələni qaldırıram, heç kim qulaq asmır. Reytinq siyasətini əlində saxlayanların diktəsi ilə Azərbaycan teleməkanında zövqsüz, mənasız verilişlər peyda olur. Çünki onlar bu siyasəti qəsdən yeridirlər.

Məlahət Rzayeva