Ayaqyolundakı gizlin...

7 yaşlı uşağı kim döyüb və kim videoya çəkib?




Suraxanı rayonu 7 saylı xüsusi internat məktəbində ikinci sinif şagirdi Nahid Cavadovun hansı səbəbdən xəsarət alması hələ dəqiqləşməyib. Məlumat yayıldıqdan sonra Təhsil Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını, dindirilən şagirdin müəllimi tərəfindən döyülmədiyini, sadəcə, ayaqyolunda yıxıldığını etiraf etdiyini açıqlasa da, günün sonunda zərərçəkmiş "youtube” şəbəkəsində yenidən göründü. Və nazirliyin açıqlamasını alt-üst etdi. 7 yaşlı Nahid müəllimi tərəfindən döyüldüyünü bir daha təsdiqlədi. Həm də təkcə özünün yox, daha iki şagirdin də:

"Afaq müəllimə dedi ki, get, Nurlanla Arzunu çağır. Onları çağırdım, əvvəl onları döydü, sonra da məni möhkəm döydü, başıma taxta ilə vurdu”. Uşağın etirafı ilə yanaşı, onu videoya çəkib sosial şəbəkəyə paylaşdıran adamın kimliyi də maraq doğurur. Uşağı lentə alanın səsi də videoya düşüb və səsindən qadın olduğu anlaşılır. Amma bu qadın kimdir və necə olur ki, o Nahidi lentə ala bilir, bir halda ki, internat məktəbinə kənar adamların girişi qadağandır, srağagündən etibarən jurnalistləri də internata yaxın buraxmayıblar. Deməli, bu qadın kimdirsə, internatın daxilindədir. Ya müəllimədir, ya da xidmətçi. Amma hər kimdirsə, nazirliyin də, prokurorluğun da əməkdaşlarından yaxşı çalışır.

Bu arada məsələyə Baş Prokurorluqdan da münasibət bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Nahid Cavadovun döyülməsi ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Suraxanı Rayon Prokurorluğuna göndərilib.

"Material üzrə məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin olunub, zəruri izahatlar alınıb. Ekspertizaların rəyi alındıqdan sonra toplanmış sübutlara hüquqi qiymət verilməklə, qanuna müvafiq qərarın qəbul olunması təmin ediləcək”.

Milli Təhlükəsizlik Nazirliyindən isə verilən məlumatların əksinə olaraq 7 yaşlı uşaqla bağlı hər hansı araşdırma aparılmadığını, bu məsələnin yalnız TN səlahiyyətində olduğu bildirilib.

Nahid Cavadovun babası da dünən hadisə ilə bağlı danışıb. APA-nın xəbərinə görə, Nahid Cavadovun babası Racəddin Cavadov və Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov hadisə yerində jurnalistlərə verdikləri açıqlamada uşağın məktəbdə yıxıldığını bildiriblər.

Qeyd olunub ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır, Təhsil Nazirliyində xüsusi komissiya yaradılıb. Faktla bağlı yekun məlumat ekspertizanın rəyindən sonra məlum olacaq və müvafiq araşdırmanın nəticələri açıqlanacaq.

Hadisə yerində həmçinin, Nahid Cavadovun anası və atası ilə telefon əlaqəsi yaradılıb. Valideynlər jurnalistlərə açıqlamalarında uşağın yıxıldığını deyiblər. Onlar bu hadisənin köhnə müdirlə yeni müdirin ədavətinin nəticəsi ola biləcəyini də güman edirlər.

Azyaşlı Nahidin xəsarət almasında sual doğuran bir məqam da hadisənin internat məktəbində quraşdırılmış nəzarət kameraları vasitəsi ilə qeydə alınmamasıdır. Sual olunur ki, məktəbdə təhlükəsizlik kameraları quraşdırılmasına rəğmən, araşdırmalarda kamera görüntülərindən niyə istifadə edilmir? APA TV-də yayımlanan "Sosium” verilişinə telefonla qoşulan Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, internat-məktəbdə müşahidə kameraları olsa da, baş vermiş hadisəni bu kameralar vasitəsi ilə izləmək mümkün deyil. Çünki hadisə ayaqyolunda baş verib, bu kimi yerlərdə isə etik səbəblərdən kameralar quraşdırılmır. Növbəti sual isə bundan ibarətdir ki, ayaqyolunda yıxılan Nahidin X sinif şagirdinin köməyi ilə ayaqyolundan çıxarıldığı bildirilirsə, bəs o zaman dəhlizdəki kameralar niyə bunu qeydə almayıb? Yoxsa, dəhlizlərdə də kamera quraşdırmaq qeyri-etikdir? Ümumiyyətlə, bu kamera məsələsinin bizcə, dəqiqləşməyə ehtiyacı var. Nəzarət tələb olunan bütün məkanlarda kameralar quraşdırılmasında heç bir qəbahət və "qeyri-etiklik” nəzərə alınmamalıdır. Sonucda həmin kamera görüntülərini sıradan biri deyil, aidiyyətli şəxslər, istintaq orqanları izləyəcək. Və bunun sayəsində hadisənin baş verib-vermədiyini də öyrənəcək. Ayaqyolu kimi məkanlar həmişə uşaqların hansısa gizli hərəkətlərini reallaşdırmaq üçün ideal yer sayılır. Bu mənada orada kameraların olmasına daha böyük ehtiyac var. Və bir də, ayaqyolunda kamera qeyri-etik olsaydı, bəzi hərbi hissələrdə ona icazə verilməzdi.

Məsələyə dünən daha bir dövlət qurumundan reaksiya verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisənin diqqət mərkəzində saxlandığını deyib: "Hazırda bununla bağlı komissiya yaradılıb və onlar 7 nömrəli xüsusi internat məktəbinə cəlb olunublar. Əgər kimsə orada cinayətə yol veribsə, əlbəttə ki, o insanlar cəzalandırılacaq. Bu işlə hazırda hüquq-mühafizə orqanları məşğul olur. Hər hansı bir uşağa təzyiq olunubsa, aidiyyəti orqanların tədbir görəcəyinə əminəm”.

Artıq qeyd etdiyimiz kimi 7 saylı internat məktəbi "keçilməz zona” elan olunub və ictimai institutların nümayəndələri də müəssisəyə buraxılmır. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva srağagün "Şərq”ə açıqlamasında internat məktəbə səfər edəcəyini bildirsə də, buna nail olmayıb:

- Bəli, fikrim vardı ki, özüm ora gedim, uşaqla görüşüm, ancaq heç kimi ora buraxmırlar. Bildiyim qədər, komissiya yaradılıb, iş aparılır. Amma biz təklif etmişik ki, monitorinq qrupu yaradılsın və qrupda vətəndaş cəmiyyəti təmsilçiləri də olsun. Çünki hərə bir söz deyir, hadisənin obyektiv araşdırılacağına inam azalır. Uşağa bir neçə tərəfdən təzyiq ola bilər.

Məlahət Rzayeva