Şimalda geniş əməliyyat keçirilir

Üç rayonumuzda xeyli silah-sursat tapılıb




Azərbaycanın Rusiya ilə sərhədində geniş miqyaslı əməliyyatlar keçirilir. Əməliyyatlar respublikanın şimal və şimal-qərb bölgəsini əhatə edir. "Sərhəd-sipər” şərti adı altında keçirilən əməliyyatlarda Azərbaycanın daxili işlər orqanları ilə yanaşı Rusiyanın hüquq-mühafizə orqanları da iştirak edir. Şimal-qərb bölgəsində Qax, Şəki və Balakən rayonlarının giriş və çıxışlarında postlar qurulub.

Azərbaycan və Rusiya tərəfinin birgə əldə etdiyi razılaşmaya uyğun olaraq "Sərhəd-Sipər” şərti adı altında keçirilən əməliyyatlarda rayonun giriş və çıxışlarında postlar qurulub, 24 saat ərzində şəhərə daxil olan və şəhərdən çıxan avtomobillərdə yoxlamalar aparılır. Saxlanılan avtomobillərin sürücülərinin və sərnişinlərinin sənədlərinin qaydasında olub-olmadığı yoxlanılır. Sonra isə avtomobillərinin yük yerlərinə baxış keçirilir.

Artıq 3 gündür davam edən "Sərhəd-Sipər” əməliyyatı çərçivəsində Şəki, Qax və Balakən rayonlarından xeyli sayda silah-sursat tapılıb. Şəki rayon polis şöbəsindən verilən məlumata görə, tədbirin ilk iki günü xeyli sayda silah-sursat aşkarlanıb, bir nəfər axtarışda olan şəxsin yeri müəyyən edilib. Keçirilmiş əməliyyat tədbiri zamanı rayonun Qoxmuq kəndi ərazisindən 1 ədəd AKM markalı avtomat silahı, 1 ədəd avtomat silahının patron darağı, 55 ədəd 7,62 çaplı və 699 ədəd 5,45 çaplı avtomat gülləsi aşkarlanaraq götürülüb. Qax rayon PŞ-dən verilən məlumata görə, keçirilmiş tədbir nəticəsində rayon ərazisindən 1 ədəd nömrəsiz AKM markalı avtomat silahı, 1 ədəd avtomat silahının patron darağı və 90 ədəd 5,45 çaplı avtomat silahının gülləsi aşkar olunaraq götürülüb.

Balakən rayon PŞ-dən verilən məlumata görə, rayonun Poçtbinə kəndi ərazisindən 1 ədəd nömrəsi silinmiş AKM silahı, 86 ədəd avtomat gülləsi və 1 ədəd qaz tapançası aşkarlanaraq götürülüb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə axtarışda olan rayon sakini Nəriman

Maqliyevin yeri müəyyən edilərək tutulub. Məlumatda bildirilir ki, tədbir nəticəsində tapılan silah-sursat hər hansı cinayət hadisəsində işlənib-işlənmədiyini öyrənmək üçün Daxili İşlər Nazirliyini silah anbarına göndəriləcək.

Qeyd edək ki, "Sərhəd-Sipər” əməliyyatlarının keçirilməsində məqsəd Azərbaycan və Rusiya dövlətlərinin sərhədyanı ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa qarşı, qanunsuz miqrasiyaya, narkotiklərə və qanunsuz silah-sursat dövrüyyəsinə qarşı mübarizə aparmaqdır. Əməliyyatlar may ayının 19-dan start götürüb və bir həftə ərzində yəni mayın 26-na qədər davam edəcək.