Rusiya qoşunlarını geri çəkməyib

Moskva ilə Qərb arasında etimadsızlıq mühiti dərinləşir



Xəbər verildiyi kimi, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhəddindəki qoşunların geri çəkilməsi barədə göstəriş verib. Kremlin mətbuat xidməti tərəfindən yayılan məlumatlara görə, Putin müdafiə naziri Sergey Şoyquya Rostov, Belqorod və Bryansk vilayətlərində təlimlərdə iştirak edən hərbi qüvvələrin öz daimi dislokasiya yerlərinə qaytarılması barədə əmr verib.

Amerika tərəfi isə Putinin addımının imitasiya xarakterli olduğunu iddia edir. ABŞ rəsmiləri bildirirlər ki, rus qoşunları Ukraynadan bir qarış belə geri çəkilməyib. Moskva belə bəyanat verməklə seçki öncəsi gözdən pərdə asmaq niyyəti güdür. Çünki bütün dünya Rusiyanı Ukraynada baş tutacaq növbədənkənar prezident seçkilərini pozmaqda ittiham edir.

Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov "Şərq”ə bildirib ki, Ukraynanın cənub-şərq sərhədləri yaxınlığında 40 minə qədər rus qoşunun olması barədə statistik faktlar mövcuddur: "Bunu Rusiya

tərəfi də təkzib etmir. Rusiya prezidenti qoşunlarının geri çəkilməsi barədə bəyanat verib. Qərb siyasi dairələri Putinin yalan danışdığını söyləyirlər. İddia edirlər ki, Moskvanın qoşunları əvvəlki məntəqələrdən geri çəkilməyib. Qərb analitikləri israrla deyirlər ki, onlarda kosmosdan çəkilən məlumatlar var. Həmin məlumatlar göstərir ki, Moskva elə həminki mövqelərində dayanıb. Bu vəziyyət Qərb ilə Rusiya arasında formalaşmış etimadsızlıq mühitini daha da dərinləşdirir”.

Ekspertin qənaətincə, hazırda Rusiya-Qərb arasındakı münasibətlər soyuq müharibənin çoxsaylı elementlərini özündə ehtiva edir: "Gedişat göstərir ki, tərəflərdən heç birinin geri çəkilmək niyyəti yoxdu. Geri çəkilməyə məğlubiyyət kimi yanaşırlar”.

Seçkilərə diqqət çəkən politoloqun sözlərinə görə, marafon əngəllənməyəcək: "Seçkilər reallaşdıqdan sonra yeni Ukrayna rəhbərliyinin siyasətinin qərbyönümlü olacağı öncədən proqnozlaşdırılır. İndiki halda Qərb və Ukrayna ölkənin cənub-şərq vilayətindəki separatizmə son qoymağa çalışırlar”.

Krımın taleyindən söz açan E.Nəsirov vurğulayıb ki, bu adanın Ukraynaya qaytarılması ehtimalı olduqca azdır: "Ola bilsin ki, müəyyən cəhdlər olsun. Amma onun qaytarılması real görünmür”.

Ayyət Əhməd