Azərbaycançı istiqlal fədaisi

Əbdülvahab Yurdsevərin mühacirətdəki fəaliyyəti azərbaycanşünaslığın tədqiqinə və istiqlal tarixinə həsr olunub



Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından olan ədəbiyyatşünas, publisist Əbdülvahab Məmmədzadə (Yurdsevər) azərbaycançılığın təbliğində mühüm rol oynayıb. Mühacir həyatı yaşayan millətçi şəxsiyyət 1898-ci ildə Bakıda anadan olub. 1905-ci ildə "Məhəmmədiyyə” adlı siyasi dərnəyin sıralarına daxil olan Yurdsevər 1917-ci ildə Müsavat Partiyasının sıralarına daxil olub. Həmin illərdə müxtəlif mətbuat orqanlarında dövrün aktual siyasi məsələləri ilə əlaqədar xeyli məqalələri çap olunub. 1917-ci ildən siyasi fəaliyyətə başlamış Yurdsevərin həyatı bütünlüklə istiqlal hərəkatına həsr edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında yaxından iştirak edib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda, o, Nazirlər Şurasının dəftərxanasında tərcüməçi vəzifəsində çalışıb. Ə.Yurdsevər 1920-ci il aprelin 27-də Azərbaycan XI ordu tərəfindən işğal edildikdə M.Ə.Rəsulzadənin göstərişi ilə işğalçılara qarşı yaradılmış Müqavimət Komitəsinin sədrinin müavini təyin olunub.

O, həmçinin Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsində mədəniyyət tarixi və coğrafiyadan, N.Nərimanov adına texnikumda isə ana dilindən və mədəniyyət tarixindən dərs deyib. Rəsulzadənin yaratdığı, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə, Məhəmməd Həsən Baharlının da daxil olduğu "Gizli Müsavat” təşkilatında təmsil olunan Yurdsevər bu barədə belə yazırdı: "27 aprel axşamı Mirzə Bala ilə birlikdə Rəsulzadənin evinə gedərək məsləhət almış, yoldaşlarımızdan Məmməd Sadıq Quluzadə və Məmməd Həsən Baharlı ilə birlikdə C.Cabbarlının şəhər kənarındakı evində ilk gizli Partiya mərkəzini qurmağa qərar vermişdik”. 1923-cü ilə qədər komitənin sədrinin müavini vəzifəsində çalışan mücahid "Azərbaycan İstiqlal Savaşından səhnələr” adlı kitabında yazır ki, partiya qurulduqdan sonra vəzifə bölgüsünə başlanılıb və komissarlar təşkil olunub: "Əmin bəyin də razılığı ilə gizli təşkilatın başına M.B.Məmmədzadə gətirildi. Müavini sifətilə Bakı Komitəsinin təşkili mənə tapşırıldı. Ümumi Mərkəzin Baş Katibliyinə isə C.Cabbarlı seçildi”. "Gizli Müsavat” təşkilatının qayəsi haqqında Yurdsevər yazırdı ki, partiyanın ən ümdə məqsədi Rəsulzadənin Rusiyadan qaçırılması idi: "Komitənin ən mühüm təşəbbüslərindən biri bu olub. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərməklə

Rəsulzadə ilə əlaqə yaratdıq. Rəsulzadəyə təklif olundu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. O, oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya getdi”. AMEA-nın Ədəbiyyat İnstitutunun professoru, filologiya elmləri doktoru Asif Rüstəmov istiqlal mücahidlərinin gizli təşkilatından bəhs edərkən yazıb ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, yəni 1920-ci il aprelin 27-dən sonra bir qrup gənc nə etmək, necə fəaliyyət göstərməklə bağlı müzakirələr üçün bir yerə yığışıblar: "Onlarla bağlı istintaq materiallarından görünür ki, ilk yığıncaq aprelin 27-də İçərişəhərdə M.B.Məmmədzadənin evində olub. Bu, 25 nəfərə qədər gəncin toplaşdığı bir yığıncaq idi. Ancaq Abdulvahab Yurdsevərin xatirələrində, xüsusən də, Türkiyədə çap olunmuş xatirələrində qeyd olunur ki, AXC süqut etdikdən sonra onlar ilk dəfə şəhər kənarında C.Cabbarlının evinə yığışıblar. Orada hansı yol tutacaqlarını müəyyənləşdirib və bölgü aparıblar”. Professor qeyd edir ki, təşkilatın məqsədi yeni quruluşla əlaqə yaradıb ona dəstək vermək və müstəqil Azərbaycana xidmət etmək olub: "Beləliklə, 30 apreldə o zaman Bakı Dövlət Dumasında, indiki şəhər İcra Hakimiyyətinin yerləşdiyi binada 300 nəfərə qədər adam toplaşaraq, hökumətə bəyanat ünvanlayıblar. Onlardan 15 nəfəri bu bəyanatı hazırlayıb. İçərilərində M.Məmmədzadə, C.Cabbarlı, Yurdsevər də olub. İstintaq materiallarına əsasən isə bəyanatı C.Cabbarlı hazırlayıb. Onların bu fəaliyyəti və niyyəti Həmid Sultanov vasitəsilə hökumətə çatdırılsa da, bəyanata heç bir cavab verilməyib. Üç aydan sonra, iyul ayında həmin tərkib yenidən toplaşıblar. Bu zaman bildiriblər ki, hökumət bunlara heç bir dəstək verməyəcək, onları qəbul etməyəcək. Beləliklə, məsələnin heç bir perspektivi olmadığını anlayıblar. Məhz bundan sonra istiqlal mücahidlərinin gizli fəaliyyəti başlayıb”. A.Rüstəmovun sözlərinə görə, Yurdsevərin sədrlik etdiyi təşkilat iyul ayında gizli fəaliyyətə başlayıb: "Gizli fəaliyyətə başlananda bir neçə sahə diqqət mərkəzində idi. Partiyanın qarşısında məqsəd qoyuldu ki, mütləq hakimiyyətə gəlsin. Yaratdıqları Solçu Müsavat Partiyasının başında Mirzəbala Məmmədzadə dayanırdı. Müavinləri isə Ə.Yurdsevər, C.Cabbarlı, Qasım Qasımzadə Zərgərli və Rəhim bəy Vəkilov idi. Onların gizli fəaliyyətlərinin əsas məqsədi hakimiyyətə sahib olmaq, insanları buna hazırlamaq idi. Bu işdə onlara kömək edən sahənin biri də mətbuat və nəşriyyat idi. Elə bu önəmli sahə də Ə.Yurdsevərə tapşırıldı”.

Milli fəaliyyətindən dolayı 1923-cü ildə həbs edilən Ə.Yurdsevər 3 illik sürgünə məhkum edilərək Şimali Qafqaza göndərilir. 1926-cı ildə böyük çətinliklə Bakıya qayıdır. Lakin az bir müddətdən sonra yenidən həbs olunur. 11 il həbs cəzasına məhkum olunan Yurdsevər yenidən Yaroslavl düşərgəsinə göndərilir. O, burada məxfi sənədlər əldə edərək Özbəkistanın mərkəzi olan Daşkəndə köçür. Özbək maarifçiləri tərəfindən çox hörmətlə qarşılanan Ə.Yurdsevər bir müddət qız məktəbində müəllim işləyir. Sonra İrana getmək üçün sərhədə yaxın olan Türkmənistanın mərkəzi Aşqabada köçür. Az sonra sərhədi keçərək İrana, paytaxt Tehrana gedir. Alman, rus, ərəb və fars dillərini mükəmməl bildiyi üçün Ə.Yurdsevər Tehran hərbiyyə məktəbində alman dili müəllimi işləyir. Lakin İranda qalmaq istəməyən Yurdsevər Polşanın paytaxtı Varşavada fəaliyyət göstərən Rəsulzadə ilə əlaqə yaradır. 1936-cı ilin avqustunda həmin şəhərdə keçirilən Müsavat Partiyasının III qurultayına dəvət olunub. Konfransda iştirak edən Ə.Yurdsevər sonrakı fəaliyyətini Polşada davam etdirir. 1939-cu ildə Polşa işğal edildikdən sonra Türkiyəyə köçür və Baş Nəşriyyat İdarəsində işləməyə başlayır. Burada Yurdsevərin əsas vəzifəsi rus dilində çap olunmuş mətbuatı izləməkdən ibarət idi. 1947-ci ilin sentyabrında Rəsulzadə Almaniyadan Ankaraya köçdüyünə görə Azərbaycan Milli Mərkəzi yenidən fəaliyyətə başlayır. 1949-cu ildən Ankarada "Azərbaycan Kültür Dərnəyi”nin əsası qoyulur. Bütün bu tədbirlərdə Ə.Yurdsevər fəal iştirak edirdi. 1950-ci ildə "Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ə.Yurdsevərin "Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri” adlı kitabı çap olunur. Onun Xurşudbanu Natəvan, Cəfər Cabbarlı, Aşıq Ələsgər, Məhəmməd Hadi, Abbas Səhhət, Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanlı, Məhsəti Gəncəvi kimi söz ustalarının həyat və yaradıcılığına dair araşdırmaları özünəməxsus yanaşma tərzi, ciddi mühakimələri ilə diqqəti cəlb edir. 1951-ci ildə Yurdsevərin Ankarada "Azərbaycan Kültür Dərnəyi” tərəfindən "Azərbaycan Dram Ədəbiyyatı” kitabı çapdan çıxır. 1952-ci ilin aprelindən başlayaraq "Azərbaycan Kültür Dərnəyi” Ankarada aylıq "Azərbaycan” jurnalını nəşr etdirməyə başlayır. Yurdsevər də bu jurnalda ilk saydan etibarən Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında məqalələrlə çıxış edib. Həmin ildə onun "Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ankarada "Azərbaycan şairlərindən Vaqif və Vidadinin yaradıcılığı” adlı kitabı çap olunub. Qeyd edək ki, publisist o illərdə "Azərbaycan” jurnalının baş redaktoru vəzifəsini də icra edirdi. Onun jurnalın ardıcıl 3 nömrəsində verilən "Azərbaycan dram ədiblərindən C.Cabbarlı” adlı tədqiqat əsərində müəllif Cabbarlının həyat və yaradıcılığını addım-addım izləyir, əsərlərinin mövzusunu, ideya istiqamətini dəyərləndirir. Yurdsevər Cabbarlının sovet rejimi dövründə amansız təqiblərə, təhqirlərə, təzyiqlərə məruz qaldığını, bütün bu fiziki-mənəvi işgəncələrə rəğmən, "Sifarişlə sənət olmaz” söylədiyini, elə buna görə də intihara məcbur edildiyini göz yaşı ilə yazır. O göstərir ki, Cəfərin ölümü ilə bağlı sovetlərin yazdıqları yalan, iftira və riyakarlıqdan başqa bir şey deyildi. Yurdsevər Cabbarlını "Azərbaycan dram ədəbiyyatının tacı”, "əli-qolu sovet zəncirləri ilə sıx-sıx bağlı bir düha”, "adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə qeyd etdirmiş şair” deyə xarakterizə edirdi. İstedadlı tədqiqatçı olan Yurdsevərin Məhəmməd Hadinin həyat və yaradıcılığı barədə məqaləsi də maraqlı faktlarla zəngindir. Hadi irsini və şəxsiyyətini böyük məhəbbətlə araşdıran müəllif bu istiqlal şairinin vətən, millət sevgisilə dolu şeirlərini yüksək qiymətləndirirdi. O ədəbiyyat tarixinin tədqiqi ilə yanaşı, digər mövzularda da maraqlı məqalələr yazıb. Onun "Ergənəkon bayramı”, "Atatürk və xaricdəki türklər”, "Təbii bir müttəfiq”, "Məhkum millətlər cəbhəsi”, "Fikirdə, sözdə, işdə birlik”, "21 Mart - Qurtuluş bayramı”, "23 Aprel - Milli hakimiyyət günü”, "Demokratların qayə birliyi”, "Sovetlərin din düşmənliyi” və s. onlarla məqaləsi Yurdsevərin istedadlı tədqiqatçı, həm də sözün böyük imkanlarından bacarıqla istifadə edən mahir publisist olduğuna dəlalət edir.

1959-cu il martın 8-də M.B.Məmmədzadənin vəfatı ilə əlaqədar Azərbaycan Milli Mərkəzinə Yurdsevər rəhbərlik edib. O, uzun müddət həm siyasi, həm də mətbu sahədə çalışıb. Azərbaycan mətbuatını mühacirətdə yaşadanlardan biri olub. Ə.Yurdsevərin "Azərbaycan” jurnalında nəşr edilən "Azərbaycan istiqlal savaşından səhnələr” əsəri yalnız tarixi-publisistik əhəmiyyətinə görə deyil, həm də XX əsrdə bolşevik işğalına qarşı mücadilə tariximizi öyrənmək üçün çox ciddi və faydalı bir mənbə hesab olunur.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb