“6 ildi qarajda yaşayıram, amma ev istəmirəm”

Fəraməz Məmmədov: “Əbülfəz Qarayev mənə söz verdi ki, kömək edəcək, üstündən 6-7 il keçir”


Azərbaycan mədəniyyəti son illər öz yüksəliş dövrünü yaşasa da, hələ də bu sahədə problemlər var. Son günlər isə bir çox incəsənət xadimləri Mədəniyyət və Turizm Nazirliyindən incəsənət adamlarına giley edirlər. Onlar nazirliyin diqqətsizliyindən narazılıq edirlər. Elə ötən gün redaksiyamıza gələn Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasının quruluşçü operatoru, təqaüdçü Fəraməz Məmmədov da nazirliyin ona qarşı sərgilədiyi soyuq və laqeyd münasibətdən danışdı. Ömrünün 50 ildən artıq dövrünü Azərbaycan kinosunun inkişafına həsr edən Fəraməz Məmmədovun həyat yolu əslində çox maraqlı və bəlkə də bəziləri üçün fərqli görünə bilər. Ömrünün ahıl yaşlarını yaşayan Fəraməz Məmmədov əslində şikayət etmirdi. O, sadəcə, haqqının tapdanmasına qarşıdır, buna görə az-çox gileyini gizlətmir. Düzünü desəm, həmsöhbətimi yaxından tanımasam da, onunla olan qısa söhbətimiz qəhrəmanımın nə qədər həyata bağlı, pozitiv ruhlu bir insan olduğunudan xəbər verirdi. Beləcə, onunla həmsöhbət olduq...

- Fəraməz müəlllim, sizə qarşı nazirliyin soyuq münasibət göstərdiyini bildirdiniz...

- Bəli. Mən 1959-cu ildən 2004-cü ilədək "Azərbaycanfilm” kinostudiyasında çalışmışam. 40-dan artıq sənədli və bədii filmin operatoru, bəzilərinin isə elə rejissoru da özüm olmuşam. Özüm də Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişəm. "Qurani-Kərim”in nəzm-tərcüməsi ilə məşğulam. 3 hissəli "Qurani-Kərim”in elmi araşdırması” kitabının müəllifiyəm. Bu gün təqaüdçüyəm. 190 manat təqaüd alıram. Mən ağlayan, sızlayan insan deyiləm. Amma mənim şəxsiyyətimə, əməyimə qarşı haqsızlıq olunanda susmaq istəmirəm. Mənim haqqım tapdanır, əməyimə dəyər verilmir.

- Kimdən narazısız ki? Gileyiniz nədir?

- Mən Mədəniyyət və incəsənət naziri Əbülfəz Qarayevə də məktubla dəfələrlə müraciət etmişəm. Amma mənim məktublarım cavabsız qalıb. Dünən incəsənət sahəsinə gələnlərə fəxri adlar verilir. Amma mənim 50 illik zəhmətim nəzərə alınmır. Axı bu gün mənim danışmağa haqqım çatır. Mən Əbülfəz Qarayevi tədbirlərin birində gördüm, onunla söhbət etdim, özüm haqqında məlumat da verdim. O da bildirdi ki, sizə mütləq kömək edəcəm, sizin istəyinizi nəzərə alacam. Amma o söhbətdən 6-7 il keçib. Heç bir nəticə yoxdur. Mən dəfələrlə onun qəbulunda olmağa çalışdım. Ancaq nazir məni qəbul etmədi. Necə olur ki, 5-10 il sənətdə olanlara fəxri adlar verilir. Mənim isə bu haqqım tapdanır. Fəxri ad almağa haqqım çatmasaydı, mən bunu dilə gətirməzdim. Əbülfəz Qarayevə də bunu söylədim. Çəkdiyim filmlər barədə məlumat verdim. Dedi ki, sənin işinə baxılacaq. Amma 6-7 ildi qalıb, bitmir ki, bitmir. Bu günlərdə sizin qəzetinizdə də oxudum ki, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur da mətbuat konfransı keçirməyi düşünür. Nəzərimdə tutmuşam ki, mən də o konfransda iştirak edim. Mənə qarşı da haqsızlıq olunur. Bunu mətbuata çatdırım. Bəlkə bundan sonra səsimizi eşidən olar. Mənə əməyimə, zəhmətimə görə nə zaman dəyər veriləcək? Mən öləndən sonra? Mən öləndən sonra nəyimə lazım fəxri ad versinlər. Mən bunu sağ ikən görmək istəyirəm. Axı buna haqqım çatır. Rejissorlar Gildiyasından da, Kinostudiyadan da mənim adım, təqdimatım dəfələrlə nazirliyə göndərilib. Amma hamının adı təsdiqlənir, mənim adım silinir. Niyə axı? Soruşuram. Axı mən Azərbaycan kinosu üçün çalışmışam. Mənim əməyimə niyə ögey münasibət var? Mən şikayət etmirəm. Şükür Allaha, heç kimə möhtac deyiləm. O əqidənin də sahibi deyiləm ki, pul üçün, nə bilim, ev üçün kiməsə ağız açım. Mən ev istəmirəm ki? Haqqımı istəyirəm. 50 illik zəhmətimə qiymət verilsin, fəxri ada layiq görülüm.

- Bildiyim qədər sizin axı eviniz də yoxdur. Harda yaşayırsız bəs?

- Mən bu barədə heç vaxt danışmamışam. Düzdür, hazırda evim yoxdur. Artıq 6 ildir qarajda yaşayıram. Bir qarajım var idi. Orada balaca bir otaq düzəltmişəm. Kiçik vanna otağı qurmuşam. Maşınımı da orda saxlayıram, özüm də orda yaşayıram. Amma mən bunun üçün heç kimə ağız açmamışam ki, mən evsiz qalmışam. Vaxtilə 3 otaqlı evim olub. Oğlanlarım evləndikdən sonra məcbur qalıb o evi satdım. Onların hər ikisi arasında pulunu böldüm ki, hərə öz ailəsi ilə yaşasın. Mən gedib gəlinlə bir evdə yaşamaq istəmirəm. Hamı rahat yaşamaq istəyir. Məcbur qalıb, qarajda məskunlaşmışam. Amma həyatı sevən insanam. Bunlar məni o qədər də narahat etmir. Məni narahat edən mənim haqqımın tapdanmasıdır.

- Yəni sizin üçün evdən də vacib odur ki, illərlə canınızı qoyduğunuz bu sahədə sizin əməyinizə qiymət verilsin...

- Ancaq bunu istəyirəm. Adama toxunur. Xanım, axı mən dünənin uşağı deyiləm. Mənim əməyimə niyə qiymət verilməsin? Niyə mən də Əməkdar incəsənət xadimi, nə bilim, Əməkdar mədəniyyət işçisi adı ilə təltif olunmayım? Buna haqqım çatmır ki? İndi məni 10 dəqiqəlik belə qəbul etməyə o insanın vaxtı yoxdu. Mənim məktublarım da cavabsız qalır. Bircə onu bildirirlər ki, "müraciətlərinizə müvafiq qaydada baxılacaq”. Soruşuram - nə vaxt? Mən öləndən sonra? Mən sağ ikən bunu niyə görməyim ki? Axı bu mənim haqqımdı! Sizdən soruşuram - hörmətli Əbülfəz Qarayev, nə vaxt mənim əməyimə qiymət verməyə vaxtınız olacaq?

Tahirə