45-ə salam deyən baş redaktor: "Elşad obrazına çata bilməmişəm"

"45 yaş nə uşaqlıqdır, nə gənclik , nə də qocalıq"
"Feysbukda o qədər tərifli sözlər deyirlər ki, adam inanmır bu, özüdür ya yox"

Bu gün Modern.az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının 44 yaşı tamam olur. Biz də "Şərq" ailəsi olaraq yubilyarı ondan götürdüyümüz maraqlı müsahibə ilə təbrik etdik.

Sherg.az müsahibəni təqdim edir:

- İl dönümünüzü necə, harada və kimlərlə keçirirsiniz?

- Ümumiyyətlə, ad günlərimi geniş və təmtəraqlı keçirməyin tərəfdarı olmamışam. Bu, mənim xarakterimdən irəli gəlir. Bəlkə də doğru yanaşma deyil, amma belə şeylərin tərəfdarı olmamışam. Düşünürəm ki, özəl günlər daha çox ailədə qeyd olunmalıdır. Ailə deyəndə elə Modern.az-ı da nəzərdə tuturam. Yəni işdəkilər də mənim ailəmdir, evdəkilər də. Sağ olsun uşaqlar, tort almışdılar. İl dönümümü redaksiyada qeyd etdik. Hamısına minnətdarlığımı bildirirəm. Əslində düşünürəm ki, onlar səmərəli fəaliyyətləri, işgüzarlıqları və tələb olunanları özlərində cəmləşdirməklə məni təbrik etmiş sayılırlar. Redaksiyada hər dəfə deyirəm ki, siz yaxşı işləyəndə elə bilin ki, məni təbrik edirsiniz. Bu mənada böyük və təmtəraqlı il dönümü qeyd etməyə ehtiyac duymuram.

- Təbrik zəngləri və ya mesajları gəlirmi?

-Həddindən çox gəlir. Hətta sosial şəbəkələrdə çox abartılı təbriklər gəlir. O qədər tərifli sözlər deyirlər ki, adam inanmır ki, bu özüdür ya yox. Həm də utanırsan. Bəlkə şad gündür deyə hamı yaxşı sözlər yazır. Mən bunu tərəfdarı deyiləm. Amma bununla belə kifayət qədər təbrik mesajları gəlir. Hər halda bu, olmalıdır. Təbriklərin sayı çox olanda insan da sevinir ki, dostlarım çoxdur.

-Feysbuk sosial şəbəkəsində Modern.az ailəsinin də təbriklərinə rast gəldim. Çox səmimi fikirlər yer almışdı. Əməkdaşlarınızla ayrı-ayrılıqda da ünsiyyətdə olmuşam. Sizi bir rəhbər və ya dost kimi çox istəyirlər. Bu, nədən irəli gəlir?

- Bunun səbəbini uşaqlar daha yaxşı deyə bilər. Bildiyim bir məsələ var ki, mən yalnız redaksiyada deyil, ümumiyyətlə insanlara yanaşmada heç vaxt səmimiyyətdən uzaq olmamışam. İnsanlarla ünsiyyətdə olanda, mənə öz dərdini deyəndə, müzakirə edəndə heç zaman qeyri -səmimi yanaşmamışam. Redaksiyaya gələn uşaqlara həmişə demişəm ki, bura sizin öz evinizdir. Bura çox gəlib-gedənlər olub. Demişəm ki, gerçəkdən də buranı öz eviniz hesab etmirsinizsə, gəlin, işləməyək. Amma buranı öz eviniz hesab edirsinizsə, artıq bilin ki, öz ailənizdə qardaş , bacınıza necə yanaşırsınızsa, bura da o cür baxın, yanaşın. Hətta uşaqlara bildirmişəm ki, yalnız buradakı məsələlər deyil. Hər birimizin ailəsində də kiminsə bir problemi olsa, gəlin, onu da bərabər paylaşaq, bölüşək. Demirik ki, hər şeyi həll edə bilirik. Artıq elə bir mühit formalaşıb ki, mənim özüm də çətinliyim olanda bölüşürüəm. Tutalım, uşağım dərslərindən yaxşı qiymət almayanda deyirəm ki, uşağın belə bir problemi var, bunu necə edə bilərik? Hər kəsin fikrini öyrənirəm və həll yolu tapılır. Hər şeyi bərabər şəkildə paylaşa bilirik. Başqa bir məsləni də deyim. Əfqan Qafarlıdan başqa Modern. az-da çalışanların ilk iş yeri elə bura olub. Onlara həmişə demişəm ki, heç vaxt kimdənsə pul almayın, heç vaxt yaltaq olmayın, yəni kiməsə məddahlıq etməyin və cəsarətli olun. Hətta elə şərait yaratmışam ki, redaksiyada məndən yaşda kiçik olanlar da fikirlərini mənə sərt şəkildə deyirlər. Bu, mənə ləzzət edir. Sonra gəlirlər ki, müəllim, bağışlayın əsəbi olmuşam. Deyirəm ki, problem deyil. İstəyirəm ki, Modern.az-ın uşaqları o şəkildə fəaliyyət göstərsinlər ki, özlərini tənzimləyə və yetişdirə bilsinlər, şəxsiyyət olsunlar. Bunu da redaksiyada hamı bilir. Ona görə də münasibətlər qarşılıqlıdır. Onlar məni necə çox istəyirlərsə, mən də onları eyni şəkildə çox istəyirəm.

- Elşad bəy, 45-ə qədəm qoyursunuz. Günlərin, həftələrin, ayların və illərin bir- birini əvəzləyib, yaş üstünə yaş gətirməsi və ya qocalmaq qorxusu sizi bədbin notlara kökləmir ki?

- Açığı mən orta məktəbdə, hətta universitetin birinci kursunda da 40, 50, 60 yaşında bir adam görəndə düşünürdüm ki, gör, o, nə qədər yaşayıb. Düşünürdüm ki, bu adamın içində, qəlbində çoxsaylı maraqlı hadisələr var. Yəni bu illər mənə çox uzun görünürdü. Amma adamın özü yaşayanda onu hiss etmir və birdə görürsən ki, yaş gəlib artıq 45-ə, 50 -ə yaxınlaşır. Məncə, insanın bir sinonimi də elə yararlı, faydalı olmaqdır. İnsan yararlı, dürüst və bütöv olursa, mütləq qiymətləndirilir. Bu qiymətləndirmə də insanı yaşadır.

-44 il ərzində daha çox hansı illər xatirinizdə qalıb ?

- 20 yaşıma qədər Kəlbəcərdə yaşamışam. Oradan Kəlbəcər işğal olan vaxt çıxmışam. 20 yaşıma qədər olan dövrdən bəlkə də aylarla danışaram, bitməz. Amma Kəlbəcər işğal olandan bu günə qədər xatirimdə az qala heç nə qalmır. Elə bil ki beynim o tərəfdədir. Məndən soruşsalar ki, Kəlbəcərdən uzaq yaşadığın illər barədə nəysə danış, maraqlı bir şey danışa bilmərəm. Halbuki həyatımın xeyli hisəsini Bakıda olmuşam. Amma nəysə yadımda qalan günlər, xatirələr daha çox Kəlbəcərlə bağlıdır. Bilmirəm, bəlkə də insan əlində olana qiymət verə bilmir, bəlkə də gerçəkdən Kəlbəcərə bağlı olmağımdan irəli gəlir. Hər halda 44 yaş nə uşaqlıqdır, nə gənclik , nə də qocalıq. Bu üçünün ortasında olan dövrdür. Adam bu yaşda səhv etmək, inqilabçı olmaq və s kimi məsələlərdən xeyli uzaq olur. Yəni yaş, zaman səni gətirib bu həddə çıxarır. 25 yaşındakı adam hər şeylə mübarizə aparır, çox şeylə barışmır. Amma 44 yaşda bunları etmək olmur. Gənclik əhval-ruhiyyəsi qalmır. Yaş ötdükcə başqa xüsusiyyətlər adamı gəlib üstələyir. Hər halda onu deyə bilərəm ki, 44 yaş az deyil, həyatın böyük bir hissəsidir.

-Bu illər ərzində daha çox nə qazana bilmisiniz?

-Bu yaşda ən çox qazadığım dostlar olub. Bu dostlarla fərx etməyə dəyər. Bu dostalarla yaşamağa dəyər, bu dostlarla gələcəyə getmək olar.

- Ömrünüzün Kəlbəcərdə keçən illərindən söz açdınız. Bilmək istərdik ki, uşaqlığınız necə olub, necə keçib?

- Çox dəcəl uşaq olmuşam. Hətta o dərəcədə dəcəl olmuşam ki, 11-ci sinifdə oxuyanda da atam məni döyürdü. 4 qardaş, bacı olmuşuq. Məndən başqa heç kimə güldən ağır söz demirdi, heç birinə əli dəyməmişdi.

-Adətən, dəcəl uşaqlar zehinli, istedadlı olur...

- Məncə də. Müəllimlər mənə dəymirdi. Çünki məktəbin ən yaxşı şagirdlərindən bir idim. Bakıya gəlib Respublika olimpiyadalarında iştirak edirdim. Yaxşı oxumağım məni müəllimlərdən xilas edirdi. Çox dəliqanlı idim. 10-11-ci sinifdə oxuyanda, 1989-cu ildə Azərbaycanla Ermənistan arasında vəziyyət gərginləşdi. Kəndimizdəki yaşlı kişilərlə qoşulub, kəndimizi qoruyurdum. Sonra məktəbə gəlib, əlimi sinif yoldaşlarımın çiyninmə qoyub deyirdim: "Qorxmayın biz sizi qoruyacağıq". Böyüklərlə o qədər dostluq etmişdim ki, özümü orta məktəb şagirdi kimi hiss edə bilmirdim. Bu, həmişə mənə problemlər yaradırdı. Özümü uşaq kimi apara bilmirdim. Bununla belə uşaqlığımda o qədər gözəl xatirələri olub ki, günlərlə də danışsaq qurtarmaz.

- İki oğlunuz var. Dəcəllik baxımından hansı sizə oxşayır?

- Bir də görürsən ki, məni çox əsəbləşdirirdilər. Dəcəllikdə mənə oxşayıblar . Amma mən onlardan dəcəl olmuşam. Onlara baxanda düşünürəm ki, bunlar mənə belə əziyyət verirsə, gör, mənə atama hansı əziyyətəri vermişəm?

- Sosial şəbəkədə oğlanlarıınızı hərbi geyimdə görürəm. Vətənpərvər ruhda böyüdürsünüz...

- Bu ailədən, tərbiyədən irəli gəlir. İnanın, səmimi deyirəm ki, o hərbi paltarları mən deyil, özləri istəyir. Hətta sinifdə müəllimə qarşı uşaq hansısa nəlayiq hərəkət edəndə, müəllimin arxasınca danışanda sinif yoldaşları ilə dava edirlər. Biz belə görmüşük ki, özündən böyüyə hörmət etmək lazımdır. Müəlliminə bir valideyn kimi yanaşmalısan. İndi elə vaxta, dövrə gəlmişik ki, yaxşı adam azdır. Normal insan görəndə sevinirik. Zaman elə gətirib ki, normal insan azdır. İnsan səmimi və dürüst olmalıdır. Yalan danəşmamalıdır. İnsanları aldatmaq olmaz. Yadıma gəlmir ki, o dəcəlliyin içərisində kiminsə qızına, bacısına söz atım. Həmişə düşünmüşəm ki, hər kəsin öz anası, bacısı var. Bu gün sən kiməsə söz atarsan, sabah da kimsə səninkinə söz atar. Biz belə tərbiyə almışıq. Uşaqlarım da bu tərbiyəni davam etdirir. Məsələn, qardaşımın oğlu var. Oğlum deyir ki, ata, ən böyük babamdı, sonra əmimdi, sonra əmimoğlu, sonra da biz.. Yəni bilirlər ki, onlar bunlardan böyükdür. Tərbiyə bu şəkildədir.

-Bir az da jurnalistikaya gəlişinizdən danışaq. Necə oldu bu sahəni seçdiniz?

Orta məktəbdə oxuyanda rayon qəzetində yazılarımla çıxış edirdim. Sonra elə oldu ki, bizim kənddən jurnalistikada oxuyan uşaqlar vardı. Balaca olanda onların yanına gəlirdim, xahiş edirdim və mənim də yazımı çap etdirirdilər. Mənim üçün maraqlı idi. O qədər həvəsində idim ki, jurnalistikanı başqa şəkildə - doğru, dürüst və hər şeyin üstünə düz gedən bir sahə kimi görürdüm. Bu mənada jurnalistika sahəsini seçdim. Deyim ki, özümün yaratdığım Elşad obrazına çata bilməmişəm. Amma jurnalistika ilə bağlı qayda-qanunlara mümkün qədər riayət etməyə çalışıram. Bir neçə dəfə olub ki, bu sahədən çıxıb getmək istəmişəm. Hətta elə vaxt olub ki, bu sahədən 10 gün ayrı qalmışam. Bu da bir az tərbiyə ilə bağlı məsələ idi. Müsahiblə elə şəkildə danışmaq lazım gəlirdi ki, ondan istədiyin məlumatı ala biləsən.Amma bəzən baxırsan ki, tərbiyən imkan vermir, utanırsan və iş alınmırdı. Hər halda bu gün fəaliyətimiz ortadadır.

-Jurnalistikada nələr edə bilmisiniz ?

-İnsan xarakteri və düşüncəsində həmişə belə məsələ var ki, insan bir yaşında da yüz yaşında da düşünür ki, ən dadlı yeməyi hələ yeməyib. Ona yaraşan paltarı hələ geyinməyib. Mən də o düşüncədəyəm ki, ən yaxşı işimi görə bilməmişəm. başqa bir məsələdə var ki, 44-45 yaşıma gəlmişəmsə, bu illər ərzində nələrəs edə bilmişəm. Amma yenə də işimizi bəyənmirəm. Düşünmürəm ki, hədəflərimə çata bilmişəm. Amma bircə onu bilirəm ki, jurnalistikaya xələl də gətirməmişəm.

P.S Başda Akif Aşırlı olmaqla "Şərq" qəzetinin kollektivi yubilyarı 44-cü il dönümü münasibətilə təbrik edir. Ona uzun ömür, can sağlığı, işlərində bol və tükənməz uğurlar arzulayır.
  
Hazırladı: Ayyət ƏHMƏD