“Rəfael Hüseynovun təklifi qəbul edilsə, gərək dilimizdəki alınma sözlərin xeyli hissəsinə əl gəzdirək, bu isə ana dilinin sabitliyi baxımından yolverilməzdir”
“Gerb” yazaq, yoxsa “herb”?
Alınma sözlərin yazılışının dəyişdirilməsi təhlükəlidir
“Rəfael Hüseynovun təklifi qəbul edilsə, gərək dilimizdəki alınma sözlərin xeyli hissəsinə əl gəzdirək, bu isə ana dilinin sabitliyi baxımından yolverilməzdir”
“Rəfael Hüseynovun təklifi qəbul edilsə, gərək dilimizdəki alınma sözlərin xeyli hissəsinə əl gəzdirək, bu isə ana dilinin sabitliyi baxımından yolverilməzdir”
Milli Məclisdə Azərbaycan Respublikası Dövlət Bayrağının və Dövlət Gerbinin təsvirinin, Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında Konstitusiya qanunu layihələri müzakirə edilib. Müzakirə zamanı deputat Rəfael Hüseynov gerbimizlə bağlı bəzi məsələlərin islah olunmasına ehtiyac olduğunu deyib.
Gerb sözünün səhv olduğunu vurğulayan millət vəkilinə görə, dövlət rəmzləri məsələsində müstəqilliyimizi, böyüklüyümüzü qoruyub saxlaya bilməliyik. Onun sözlərinə görə, əsas qanunumuzda, bütün kitablarda Gerb sözü Herb olmalıdır. Deputat "Herb”in polyak sözü olduğunu və rus dilində "h” hərfi olmadığı üçün "g” ilə yazıldığını deyib.
Millət vəkili bildirib ki, bununla bağlı müsabiqənin elan olunması, gerbimizin yenidən qəbul olunub, adının düzgün şəkildə təsdiqlənməsinə ehtiyac var. Onun fikrincə, Azərbaycan Dövlət Himninin sözləri ilə bağlı da müəyyən yanlışlıqlar var:
"Himnimizdə "hüququndan keçən əsgər” sözü 1918-ci ilə olan variantda olmayıb.
"Bu, 1992-ci ildə Xalq Cəbhəsinin dövründə edilib. Düzdür, onlar dəyərlərimizi yüksəkliyə qaldırmaq istəyiblər, sağ olsunlar, amma bəsitliyə yol veriblər.
Biz də bu günə kimi bunu belə oxuyuruq. Ona görə bu xəta aradan qaldırılmalıdır”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib ki, Rəfael Hüseynovun alınma sözlərin orijinala uyğun yazılması barədə söylədiyi fikirlər elmi cəhətdən maraq doğurur, amma bu prinsipi hazırda ana dilimizin lüğət fondunda sabitləşmiş sözlərə şamil etmək çox təhlükəli olar. Rəfael Hüseynovun təklifi qəbul edilsə, gərək dilimizdəki alınma sözlərin xeyli hissəsinə əl gəzdirək, bu isə ana dilinin sabitliyi baxımından yolverilməzdir. Belə bir addım yazı qaydalarımızda arzuolunmaz xaos yaradardı.
Onsuz da hazırda müzakirə mərhələsində olan sonuncu orfoqrafiya qaydalarına bəzi əsassız təkliflərin düşməsi dil qaydalarımızın mötəbərliyi ilə bağlı adamlarda ciddi şübhələrə yol açıb:
"Gerb” əvəzinə, "Herb” yazılmalıdır fikri nəzəri cəhətdən doğrudur və elmi əsası var, amma dildə sabitləşən və oturuşan sözləri dəyişdirmək, müəyyən bir xaos və dolaşıqlıq yaradır. İndi dildə gedən proseslərə nəzər yetirdikdə görürük ki, alınma sözləri mənbə sözlərə uyğunlaşdırıb yazırlar və tələffüz edirlər”.
Cümhuriyyət dövründə qəbul olunan Himn və Gerbdə heç bir dəyişikliyə lüzum olmadığını vurğulayan Qulu müəllim onların dövlət simvolları olduğunu diqqətə çatdırıb: "Düşünürəm ki, Himn və Gerbi sevmək, ürəyin içinə qoymaq, atributlara Azərbaycan dövlətçilik tarixinin əmanəti kimi yanaşmaq lazımdır. Mən şəxsən Himn və Gerbdə heç bir artıq-əskik nəsə görmürəm və bu cür dəyişmələrə ehtiyac olmadığını düşünürəm. Gerbin üzərindəki alov dilləri "Allah” sözünü ifadə edir. Bu, böyük tapıntıdır. Allahın adını o şəkildə ifadə etmək kimə ziyan vurur ki? Biz Allahı qəbul edirik və tanıyırıq. Kimsə Allahı tanımaq istəmirsə, bu artıq başqa məsələdir. Öncə Gerbin üzərində həqiqətən Allah sözünün yazılıb-yazılmadığını dəqiqləşdirmək lazımdır. Əgər doğurdan da belə yazılıbsa, bu çox normaldır. Bunu dəyişdirməyə ümumiyyətlə ehtiyac yoxdur. Amma bundan sonra dilə gələn yeni sözlərə Rəfael Hüseynovun dediyi kimi, "orijinaldan almaq” prinsipi ilə yanaşılmalıdır və məncə, dilimizdə sözalma prosesi elə həmin qaydaya uyğun gedir”.
Bu məsələnin 90-cı illərin ortalarında da gündəmdə olduğunu qeyd edən professor deyib ki, sonradan duman kimi çəkilib gedir: "İnanmıram ki, kimsə Himn və ya Gerbi dəyişmək istəsin”.
Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin sözlərinə görə, "Gerb” sözünün hansı formada yazılmasının elə bir ciddi önəmi yoxdur.
Onsuz da bu sözün türk mənşəli olmadığını hər birimiz bilirik. Heç rus sözü də deyil. Ona görə də "Herb”, yoxsa "Gerb” yazılmasının fərqi yoxdur. Biz bu sözü ruslardan götürdüyümüz üçün Gerb kimi yazırıq. Əgər sözün kökü Herbdirsə, dəyişdirib o cür də yazmaq daha doğru olar.
Millət vəkilinin Himnimizlə bağlı təklifinə gəldikdə isə E.Hüseynbəyli himnin sözlərinin çox gözəl olduğunu deyib. Onun sözlərinə görə, dünyada çox bərbad himni olan ölkələr var.
"Heç onlar hansısa dəyişiklik etmək haqqında düşünmürlər. Ancaq onu deyim ki, qanunlara əlavə və dəyişiklik etmək Milli Məclisin səlahiyyətində olan məsələdir. Təbii ki, son qərar yenə də onlarındır. Bu cür məsələlərin ümumxalq müzakirəsinə verilməsinin tərəfdarı deyiləm”.
Yazıçı hesab edir ki, "hüququndan keçər əsgər” ifadəsində dəyişiklik ediləcəyi təqdirdə "öz canından keçən əsgər” variantı daha məqsədəuyğundur.
Şəymən