“7 rayon qaytarılsa belə...”

“...Rus qoşunlarının Qarabağ ərazisində və yaxud təmas nöqtəsində yerləşdirilməsi işğala məruz qalmış ərazilərin birdəfəlik itirilməsinə səbəb olacaq”



Rusiyanın fəallığından narahat olan erməni mətbuatı Moskvanın Dağlıq Qarabağı və işğal edilmiş digər rayonları Azərbaycana qaytarmağa hazırlaşdığını yazır. Ermənistanın tanınmış nəşrlərindən birinin baş redaktoru Aykazn Qaqriyan yazdığı məqalədə bildirir ki, "Ermənistanı və Azərbaycanı Avrasiya İttifaqına üzv etməyə çalışan Moskva Qarabağın Azərbaycana təhvil verilməsi planı hazırlayır. Yəni faktiki olaraq 1920-ci ilin ssenarisi təkrarlanır”. Ermənistanın təkbaşına Azərbaycanla vuruşa bilməyəcəyini də vurğulayan jurnalist himayədarlarının onları xilas edəcəyinə ümid edir:

"Hazırda Azərbaycan vəziyyəti gərginləşdirə bilər. Rusiya da Ermənistanın xahişi ilə Dağlıq Qarabağa qoşun yeridər”. Qaqriyan münaqişə ilə bağlı ABŞ-ın mövqeyinə də toxunub: "ABŞ çalışır ki, Rusiyanın "güzəştə” getməsinə mane olsun. Çünki Vaşinqton status-kvonun saxlanmasında maraqlıdır. Bu isə Ermənistan üçün ən əlverişli variantdır”.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəallaşmasına və bununla bağlı Ermənistanın narahatlığına münasibət bildirən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, Ukraynanı itirən Rusiya Cənubi Qafqazın strateji ölkəsi olan Azərbaycanla bu itkini kompensasiya etmək istəyir. Amma ekspert deyir ki, Azərbaycan bu məsələdə tələyə düşə bilər. Ona görə də addımlarını bir neçə dəfə düşünərək atmalıdır: "Rusiya gələcəkdə ayaqda durmaq üçün ətrafına postsovet ölkələrini yığır. Avrasiya və Gömrük İttifaqları da məhz bu kontekstdə ortaya atılıb. Moskva hesab edir ki, Azərbaycanın Rusiya orbitinə qayıtması regionda Rusiyanın ciddi mənada möhkəmlənməsinə gətirib çıxarar. Eyni zamanda Azərbaycanın Avrasiya İttifaqına daxil olması Orta Asiya ölkələrinin istiqamətinin Rusiya yönündə dəyişməsinə stimul verər”.

N.Miri bildirir ki, Azərbaycanı Avrasiya İttifaqına üzv etmək üçün Kreml tərəfindən rəsmi Bakıya cəlbedici təkliflər verilə bilər. Ən cəlbedici təklif isə Azərbaycanın yarası olan Dağlıq Qarabağ problemi ilə bağlıdır: "Dağlıq Qarabağ məsələsinin ciddi müzakirə obyektinə çevrilməsinin səbəbi budur. Bir neçə rayonun qaytarılması məsələsi də müzakirə obyekti ola bilər. Ancaq hesab edirəm ki, həm erməni, həm də bizim mediada bu istiqamətdə süni ajiotaj yaradılır. Sanki "Rusiyanın Dağlıq Qarabağ problemini həll etməsi istiqamətində müəyyən hazırlıqlar görməsi” haqqında Azərbaycan ictimaiyyətində düşünülmüş rəy formalaşdırılır. Azərbaycandakı rusmeyilli insanlar da "çırmanıb” öz media vasitələri ilə dezinformasiyalar yayırlar. Fikrimcə, bu məsələ Azərbaycan üçün düşünülmüş incə bir tələdir. Çünki Dağlıq Qarabağın həlli yolunda müsbət addımların atılması üçün Azərbaycan bir çox itkilərə məruz qala bilər”.

Siyasi ekspertin fikrincə, Rusiya strateji yöndə Azərbaycandan bir çox şeyləri almazsa, münaqişənin həllinə razılıq verməz: "Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü, eyni zamanda ətraf rayonların boşaldılması fonunda rus qoşunlarının yenidən Dağlıq Qarabağa gəlməsi məsələsi ortaya qoyula bilər. Ancaq nəzərə almaq lazımdır ki, hətta 7 rayon qaytarılsa belə, rus qoşunlarının Qarabağ ərazisində və yaxud təmas nöqtəsində yerləşdirilməsi işğala məruz qalmış ərazilərin birdəfəlik itirilməsinə səbəb olacaq. Məsələdə aldadıcı manevrlər var. Münaqişədən siyasi alver məqsədi ilə istifadə edən Rusiya heç vaxt Dağlıq Qarabağ məsələsində Ermənistanı Azərbaycanın ayağına verməyəcək. Bu sadəcə aldadıcı gedişdir”.

Ermənistanın hay-küyünə münasibət bildirən politoloq deyir ki, bütün ixtiyarı Kremlin əlinə vermiş Ermənistan Rusiyanın əleyhinə ABŞ-dan yardım umur: "Ermənistan anlayır ki, ABŞ Azərbaycanın yenidən Rusiyanın orbitinə qayıtması şərti ilə Dağlıq Qarabağ probleminin həllinə heç vaxt razı olmayacaq. Çünki bu, ABŞ-ın geosiyasi maraqlarına ziddir”.

İsmayıl