Azərbaycan generalları ordunun hazırlığını yoxladı  - RƏY

Ermənistanın artan təxribatları fonunda döyüş hazırlığının qorunub saxlanması ikiqat əhəmiyyətə malikdir


  Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb. Müdafiə Nazirliyindən məlumat verilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır. Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
  Hərbi-siyasi ekspert, polkovnik, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Ordusunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, peşəkarlığının artırılması, habelə, texniki təchizatının gücləndirilməsi hər zaman dövlət başçısının, ordu rəhbərliyinin diqqət mərkəzində olub. Hərbi ekspertin sözlərinə görə, təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, ordumuz 44 günlük Vətən müharibəsindəki ordu deyil. O, daha da güclənib, öz qüdrətini daha da artırıb:

"Ordu rəhbərliyinin mütəmadi olaraq müxtəlif hərbi hissələrə baş çəkməsi, oradakı vəziyyətlə yerindəcə tanış olması bir daha onu göstərir ki, orduya diqqət ən ali səviyyədədir. Hörmətli müdafiə naziri və quru qoşunları komandanının sərhəddəki hərbi hissələrə səfəri xüsusilə təqdirəlayiqdir. Bu cür səfərlər hərbi komandanlığa ordunun gündəlik yaşam tərzi, xidməti fəaliyyəti ilə bilavasitə tanış olmağa, onun ehtiyaclarını müəyyənləşdirməyə imkan verir. Hərbçilər arasında psixoloji duruma, əhvali-ruhiyyəyə də müsbət təsir edir. Bu baxımdan ordu rəhbərliyinin bu cür səfərləri təqdirəlayiqdir. Səfər əsnasında Müdafiə Nazirliyi və quru qoşunları komandanı ordumuzun döyüş hazırlığı ilə də tanış olub, hərbçilərimizin hazırlığını yüksək qiymətləndirib. Onu da qeyd edim ki, Ermənistanın artan təxribatları fonunda ordumuzun yüksək döyüş hazırlığını qoruyub saxlaması, öz bacarığını daha da təkmilləşdirməsi ikiqat əhəmiyyətə malikdir". 
  Silahlı qüvvələrimizin təlimlərinin Ermənistan üçün hansı anlam kəsb etdiyinə gəlincə, polkovnik vurğulayıb ki, əslində, Azərbaycan İrəvana lazımi mesajı hələ 2020-ci ildə verib: "44 günlük Vətən müharibəsi ilə xalqımız, ordumuz, Müzəffər Ali Baş Komandanımız sübut edib ki, Azərbaycan Silahlı Qüvvələri istənilən tapşırığı icra etməyə, xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin etməyə qadirdir. 2023-cü ilin lokal antiterror tədbirləri də bunu bir daha sübut etdi.  Bu baxımdan hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun gücü, yenilməzliyi haqqında kifayət qədər aydın təsəvvürə malikdir. Bu səbəbdən də təxribatlara son qoymaq hər şeydən öncə Ermənistanın özünün mənafeyinə uyğundur. Təxribatları davam etdirəcəyi, Azərbaycanın səbrini sınağa çəkəcəyi təqdirdə Ermənistanın hansı aqibətlə uzlaşacağı məlumdur. Düşünmürəm ki, erməni toplumu yeni, daha bir məğlubiyyətə davam gətirə bilsin".