Paşinyan Azərbaycanla danışıqlarda Bakıdan müəyyən güzəştləri istəyir
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 bənddən 13-nün artıq razılaşdırıldığını demişdi. Hətta Paşinyan razılaşdırılmış bəndləri əsas götürməklə sülh müqaviləsinin imzalana biləcəyini də iddia etmişdi. Baş nazirin fikrincə, sazişin əsas prinsiplərini imzalayıb ratifikasiya etmək, yerdə qalan məsələləri isə sonraya saxlamaq mümkündür. Prezident İlham Əliyev də Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı sülhlə bağlı danışıb. Dövlət başçısı müqavilə mətninin təqribən 80 faizinin razılaşdırıldığını söyləyib: "Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür". Ölkə rəhbəri xatırladıb ki, artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olunub: "Bu, kiçik bir addımdır. On üç kilometrlilik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək". Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan da bildirib ki, sülh müqaviləsinin əsas hissəsi razılaşdırılıb və həmin bəndlər məzmun baxımından çox vacibdir. Xandanyanın fikrincə, sülh müqaviləsini imzalamaq olar: “İndi top Azərbaycanın meydançasındadır və Bakı bizim təklifimizə rəsmi cavab verməlidir”. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana göndərdiyi sənəd sülh müqaviləsi üzrə 10-cu paketdir: “Sənəddə demək olar ki, razılaşdırılmış bütün maddələr qeyd olunub, Azərbaycana onu imzalamağı təklif edirik”.
Vurğulamaq lazımdır ki, sülh sazişinin imzalanması təşəbbüsü ilə ilk olaraq Azərbaycan çıxış edib və bu barədə ilkin layihə məhz rəsmi Bakı tərəfindən təqdim olunub. Yəni sülh sazişi üzrə danışıqlar aparılmasını Ermənistana ölkəmiz təşviq edib. Bütün bunları nəzərə alaraq, rəsmi İrəvanın Azərbaycanın sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir əsası yoxdur. Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyulmasıdır. Sülhün təmin olunması üçün Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Bu ölkənin konstitusiyasında dövlətimizə qarşı ərazi iddiaları qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Sülhə mane olan digər problem isə Ermənistanın bir sıra ölkələr tərəfindən silahlandırılmasıdır. Fransa, Hindistan aşkar şəkildə bu ölkəyə silah tədarük edirlər. Ermənistanın silahlandırılması isə regionda sülh imkanlarına ciddi təhlükə yaradır və bölgədə gərginliyin artmasına xidmət edir. Paşinyan hökumətinin sülhdə səmimi olmasını sual altına alan məqamlardan biri də şərti sərhədlərdə baş verən davamlı təxribatlardır. Bir yandan sülhdən danışan Ermənistanın silahlı qüvvələri paralel olaraq atəşkəsi pozur, hərbi təxribatları intensivləşdirir. Son günlərdə Ermənistanda revanşist və separatizm çağırışları da artmaqdadır ki, bu amil də narahatlıq doğurur. Əgər rəsmi İrəvan həqiqətən sülh istəyirsə, konkret mövqe ortaya qoymalı və sülhə əngəl olan məsələləri birdəfəlik həll etməlidir. Əfsuslar olsun ki, Ermənistanın sülhə bağlı bəyanları İrəvanın reallıqda atdığı addımlarla tərs-mütənasibdir.
Politoloq Oqtay Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Nikol Paşinyan əvvəlki dönəmlə müqayisədə hazırda Ermənistanın hüquq-mühafizə sisteminə və orduya ciddi nəzarət edə bilir. Ekspert diqqətə çatdırıb ki, ABŞ-dən alınan qrantlar hesabına Paşinyan ölkə polisində müəyyən dəyişikliklər aparıb:
"Hüquq-mühafizə orqanlarının baş nazirin nəzarətində olduğunu söyləmək mümkündür. Digər yandan Ermənistanın Müdafiə Nazirliyinə Paşinyanın ən yaxın adamlarından olan Suren Papikyanın təyin olunmasından sonra orduda nəzarət artırıldı. Bununla yanaşı, erməni ordusunda müşavir statusu ilə fəaliyyətə başlayan Fransa və ABŞ-yə məxsus hərbçilərin, təlimçilərin olması da Paşinyanın silahlı qüvvələr üzərində təsirini gücləndirən amildir. O cümlədən ölkənin təhlükəsizlik qüvvələri də İrəvan hökumətinə tabedir. Yəni güc strukturları əvvəlki kimi özbaşına deyil. O baxımdan bu gün Paşinyan hökumətinin şərti sərhədlərdə törədilən təxribatları kənar qüvvələrin ayağına yazması qəbuledilməzdir. Son günlər Ermənistanla bağlı baş verən bütün proseslər İrəvan hökumətinin başçısı Nikol Paşinyanın bilgisi daxilindədir. Hansı ölkə və qüvvələrin bölgədə sabitlikdə maraqlı olmadığına, intensiv şəkildə Ermənistanı silahlandırmasına nəzər yetirsək, mənzərə aydınlaşar. Nikol Paşinyanın sülhlə bağlı bəyanatları, Azərbaycan rəhbərliyi ilə görüşə hazır olduğunu vurğulaması pozitiv açıqlamalar sayıla bilər. Amma Ermənistan hökuməti sözdən əmələ keçməkdə çox yubanır və bunu məqsədyönlü şəkildə edir. Prosesi uzadan da bu ziddiyyətlərdir. Ona görə də Paşinyanın əksər açıqlamalarının manipulyasiya xarakteri daşıdığını demək mümkündür. Xatırlayırsızsa, ötən ilin sonuna doğru Ermənistan rəhbərliyi davamlı sülh sazişindən danışır, iki həftəyə müqavilənin imzalana biləcəyindən söz açırdı. Amma daha sonra gördük ki, vacib və kritik məqamlarla bağlı anlaşma yoxdur. Məsələn, Ermənistanın Konstitusiyası və kommunikasiyaların açılması ilə bağlı İrəvanın konkret mövqeyi yoxdur. Üstəlik, son günlər keçmiş xunta rejiminin qalıqlarına şərait yaradılıb ki, onlar aktiv şəkildə fəaliyyət göstərsinlər. Bu o deməkdir ki, Ermənistan sülhdə çox da maraqlı deyil. Təxribatlar da prosesin uzanmasına, gərginliyin mümkün qədər saxlanmasına xidmət edir".
Analitikin fikrincə, Paşinyan Azərbaycanla danışıqlarda Bakıdan müəyyən güzəştləri istəyir: "Buna nail olmaq üçün də müəyyən təzyiq elementləri əldə etməyə çalışırlar. Şərti sərhədlərdə təxribatların törədilməsi, atəşkəsin mütəmadi pozulması da Bakıya təzyiq göstərmək metodları sayıla bilər. Düşünürlər ki, təxribatların və gərginliyin artması bölgəyə ABŞ və Avropa ölkələrinin yerləşməsinə, onların Azərbaycana təzyiq göstərməsinə şərait yaradacaq. Ola bilsin, COP29 ərəfəsində Bakıya daha çox təzyiq göstərməklə müəyyən güzəştlər əldə etməyi planlayırlar. Fransadan, Hindistandan gələn silahları da təxribatlarla test edirlər. Təbii ki, Azərbaycan baş verənlərin fərqindədir".
O.Qasımov əlavə edib ki, Ermənistan danışıqlar masasında öz əlini gücləndirmək istəyir: "Hərbi balans yaratmaqla Azərbaycanı Zəngəzur dəhlizi məsələsində geri çəkilməyə, daha doğrusu, dəhlizlə bağlı İrəvanın tələbini qəbul etməyə məcbur etməyi düşünürlər. Həmçinin 10 noyabr üçtərəfli bəyanatındakı şərtlərin tamamilə kənara qoyulmasına nail olmağa çalışırlar. Eyni zamanda separatçıların manipulyasiyasına imkan verilir. Amma Azərbaycanın qəti və prinsipial mövqeyi bəllidir".