5 ildə işçilərin sayı 75 mindən 52 minə düşüb

İxtisarların aparılmasından çox məsrəflərin azaldılmasına çalışmaq lazımdır



SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov "Caspian European” Klubun təşkil etdiyi biznes-forum çərçivəsində şirkətin keçənilki nəticələri və planlaşdırdığı məqsədləri barədə jurnalistlərə açıqlama verib. Keçən il şirkətdə işçilərin orta hesabla sayının 52 500 nəfərə qədər olduğunu deyən S.Qasımov bunun 30 faizi mühəndis və qulluqçuların, rəhbər işçilərin, 70 faizi isə fəhlələrin təşkil etdiyini bildirib.

"Keçən ilin nəticəsinə görə, SOCAR-da ümumilikdə orta aylıq əmək haqqı təxminən 857 manat civarında olub. Bildiyiniz kimi, aprel ayının 1-dən inflyasiya və devalvasiyanı nəzərə alaraq, SOCAR işçilərinin də əmək haqqının 10 faiz artırılması ilə bağlı qərar qəbul edib. Düşünürük ki, biz bununla bərabər, işçilərin sayının optimalaşdırılması prosesini də həyata keçirək. Son 5 ildə işçilərin sayını 75 mindən 52 minədək azaltmışıqsa, bu istiqamətdə də əlbəttə ki, tədbirlərimizi davam etdirəcəyik”, - deyə vitse-prezident əlavə edib.

Onun sözlərinə görə, ilkin tədbirlər nəticəsində SOCAR 350-400 milyon manatadək xərcləri aşağı sala biləcək: "Ayrı-ayrı istehsalat birliklərində, idarələrdə biznesin optimallaşdırılması, xərclərin aşağı salınması, istehsalatın düzgün planlaşdırılması, informasiya texnologiyalarının tətbiq olunması və bu layihələr hesabına biz düşünürük ki, ilkin tədbirlər nəticəsində hardasa bu il və gələcək iki ildə 350-400 milyon manatadək xərclərin aşağı salınması, gəlirlərin artırılması gözləntisini gözləyək”.

Dövlət Neft Şirkətinin xərclərin azalması istiqamətində apardığı ixtisarların mexanizmindən danışan Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı şirkətin çıxarılan işçilərin sonrakı vəziyyəti barədə yaxından maraqlanmadığını deyib: "Xarici şirkətlərdə belə bir təcrübə var ki, işdən çıxarılan işçilərə bir illik əməkhaqqı verilir. Lakin onun məbləği elə səviyyədədir ki, insan o əməkhaqqı ilə hətta 2-3 il də dolana bilər. SOCAR isə 5 aylıq əməkhaqqı verir. Digər variantda isə şirkətin qəbul etdiyi proqrama əsasən ixtisar edilən işçi bir illik əməkhaqqının yarısını ala bilir və tibbi sığortası saxlanılır. Bu proqramın müsbət cəhəti olduğu qədər mənfiliyi də var ki, çıxarılan işçinin işlə təmin olunub-olunmaması sual altında qalır”.

Prezident İlham Əliyevin neftin qiymətinin sabitləşməsinə qədər ixtisarların dayandırılması haqqında şirkət rəhbərlərinə olan tapşırığını diqqətə çatdıran Mirvari Qəhrəmanlı bunun SOCAR-a da aid edildiyini bildirib. Onun sözlərinə görə, Prezidentin tapşırığına əsasən şirkət rəsmisinin ixtisarların davam etdirilməsi haqqında tədbirləri 2017-ci ilə aid edilə bilər. Ona görə də SOCAR rəsmisinin xərcləri azaltmaq üçün ixtisarlara davam etməsi 2017-ci ildə nəzərdə tutula bilər: "Hazırda SOCAR-da aparılan struktur dəyişikliklərinin əksəriyyəti lazımi fayda vermir. Bu səbəbdən ixtisarların artırılmasından çox məsrəflərin azaldılmasına çalışmaq lazımdır. Neft Şirkəti dövlətin bir növ ikinci büdcəsi hesab edilir. Sosial layihələrə lazımından artıq pul xərcləyən şirkət ilk öncə bu problemləri tənzimləməlidir. Şirkətin faydasız daxili orqanları var ki, bəziləri hazırda da fəaliyyətdədir, onların ləğvi məsrəflərin azaldılmasına yaxşı nəticə verə bilər. İsrafçılığın qarşısını almaq işçilərin ixtisara salınmasından daha yaxşı maliyyə qənaətinə gətirib çıxara bilər”.

Aysel Aslan