“Biz istəyirik ki, ticarət dövriyyəmiz çoxşaxəli olsun”
Prezident İlham Əliyev: “Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub”
"Apardığımız müzakirələr zamanı bir daha gördük ki, İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir. Bizim tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl İtaliya və Azərbaycan öz strateji tərəfdaşlığını rəsmən təsdiq etdilər, müvafiq bəyannamə qəbul olundu”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib. Dövlət başçısı İtaliya-Azərbaycan əlaqələrinin uğurla, sürətlə inkişaf etməsini istədiyini bildirib. Ölkə rəhbərinin sözlərinə görə, İtaliya prezidentinin bu səfəri ikili əlaqələrin inkişafına çox güclü təkan verir: "Əlbəttə ki, siyasi əlaqələr yüksək səviyyədə olduqda biznes dairələri də bunu dərhal görür və öz addımlarını atmağa başlayır. Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Deyə bilərəm ki, mükəmməldir, həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq çox müsbətdir. Bunun bariz nümunəsi birgə açdığımız polipropilen zavodudur. Bu, bizim birgə yaratdığımız gözəl müəssisədir. Mən cənab prezident Sercio Mattarellaya dedim ki, bu, İtaliyanın Azərbaycanda müasir texnoloji əsəridir. Əlbəttə, bu zavodun timsalında biz şirkətlər arasındakı əməkdaşlığı görürük. İstəyirik ki, bu əməkdaşlıq gələcəkdə dərinləşsin, genişlənsin, yeni layihələr icra edilsin”.
"Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar”
Dövlət başçısı xatırladıb ki, Azərbaycanın sənaye və iqtisadi inkişafı ilə bağlı planlar kifayət qədər çoxdur: "Azərbaycanda çox sürətlə sənayeləşmə prosesi gedir. Əlbəttə ki, bizə çox gözəl, etibarlı, sınanmış tərəfdaşlar lazımdır. İtaliya şirkətləri bu tərəfdaşlardandır. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur”. Prezident qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər: "İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq və hesab edirəm ki, biznes dairələri bu barədə bu gün danışacaqlar. Ona görə, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət hesab edirəm ki, növbəti illər üçün əsas istiqamətlər olmalıdır”.
"Yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq”
Dövlət başçısı bildirib ki, İtaliya şirkətləri bilməlidirlər ki, bizim planlarımız, dövlət investisiya proqramları hər il icra edilir: "Bizim beşillik sosial-iqtisadi inkişaf planlarımız var. 2004-cü ildən başlayaraq, bu proqramlar dərc olunur və icra edilir. Orada Azərbaycanda görüləcək bütün işlər göstərilir. Şəhərlər, hətta qəsəbələr, kəndlər üzrə infrastruktur layihələri, sosial obyektlərin tikintisi, texnoloji inkişafla bağlı hər şey orada göstərilir. Sadəcə olaraq, bu məlumatı əldə etmək lazımdır. Hesab edirəm ki, biznes-forum bu məlumatın təqdim edilməsində də müsbət rol oynayacaq”. Prezident bəyan edib ki, Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbət və uğurludur: "Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq. Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekorddur. Bundan daha vacib məsələ odur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və 5 faiz səviyyəsindədir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni, bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir.
"Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən çox sabit ölkədir”
Dövlət başçısı nəqliyyat məsələsinə də toxunub: "Coğrafi cəhətdən bizim açıq dənizlərə çıxışımız yoxdur. Ancaq buna baxmayaraq, biz Azərbaycanda beynəlxalq nəqliyyat və logistika mərkəzini yaradırıq. Bunun üçün məqsədyönlü, çoxşaxəli iş aparılıb. Son 15 il ərzində Azərbaycanda 6 beynəlxalq hava limanı yaradılıb. Azərbaycan daxilində dəmir yollarında təmir-bərpa işləri gedir. Xəzər hövzəsində ən böyük dəniz ticarət limanı bu ilin may ayında istifadəyə verilib. Onun hazırda yükaşırma qabiliyyəti 15 milyon ton, gələcəkdə isə 25 milyon ton olacaq. Son 15 il ərzində 15 min kilometr magistral yollar çəkilib. Bütün qonşu ölkələrlə bizi çox gözəl yeni yollar bağlayır. Keçən ilin oktyabrında Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yol Azərbaycan ərazisindən açılıb. Əgər ənənəvi dəniz yolu 30-35 gün tələb edirsə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər Asiyadan Avropaya cəmi iki həftə ərzində daşınır. Biz görürük ki, bu yolla yükdaşımalar gündən-günə artır və bu, çox etibarlı yeni bir nəqliyyat damarı olacaq. Bununla paralel olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır, üzvüdür. Biz bu sahəyə də böyük vəsait qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi hazırda fəaliyyətdədir. Azərbaycan ərazisində lazım olan bütün infrastruktur yaradılır. İndi yüklər Azərbaycan ərazisindən rahatlıqla daşınır. Gələcəkdə qonşu ölkələrdə əlavə vəsait qoyuluşu nəticəsində bu yolun yükaşırma qabiliyyəti daha da artacaq. Bütün bu infrastruktur imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Çünki neft-qaz sektoruna qoyulacaq sərmayə üçün bütün neft-qaz kəmərləri var və onun tikintisi davam edir. Yeni sənaye müəssisələri ilə bağlı investisiyalar üçün nəqliyyat imkanları çox genişdir. Onu da qeyd etməliyəm ki, Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması, gözəl investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır. Azərbaycan çox sabit ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə, hesab edirəm ki, sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir. Əlbəttə, xarici qonaqlar hesab edə bilərlər ki, mən burada ölkəmizi tərifləməklə məşğulam. Mən bunu gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət başçısı çalışmalıdır ki, onun ölkəsini daha yaxından tanısınlar, daha çox vəsait qoysunlar. Ancaq bu tərif ədalətlidir. Mən tam həqiqəti qonaqlara çatdırıram və ümid edirəm ki, onlar mənim sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə gələcəklər və işləyəcəklər”.
"Azərbaycan üç dənizin iqtisadi potensialının inkişafında yeni səhifənin baş qəhrəmanı ola bilər”
İtaliya Prezidenti Sercio Mattarella da bəyan edib ki, belə bir vaxtda Azərbaycana rəsmi səfərimin təşkil olunması bizim üçün çox önəmlidir. Çünki iki ölkə arasında nəinki dostluq əlaqələri, eləcə də ikitərəfli əməkdaşlıq baxımından çox yüksək səviyyədə inkişaf var: "Lakin biz bu əlaqələri, xüsusən də iqtisadi sahədə və digər sahələrdə, məsələn, siyasi, humanitar sahələrdə daha da inkişaf etdirmək istəyirik. Bu günlərdə Prezident İlham Əliyevlə keçirdiyimiz görüşlər zamanı ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin müsbət və daimi inkişafının şahidi olduq. İkitərəfli münasibətlərimizin əsas hissəsini iqtisadi əlaqələr təşkil edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ötən 25 ildə sosial, iqtisadi baxımdan qeyri-adi bir inkişaf dövrü yaşayıb. Bundan başqa, mən Bakı şəhərinin memarlıq baxımından inkişafından, müasir və qədim tikililərin gözəlliyindən təsirləndim. Bizim hazırda olduğumuz və Prezident Heydər Əliyevin adını daşıyan bu möhtəşəm bina buna bariz nümunədir. Bu əhəmiyyətli inkişaf prosesi İtaliyada da çox böyük marağa səbəb olub. Təkcə İtaliya deyil, bütün dünyada marağa səbəb olub”. Mattarellanın sözlərinə görə, iki ölkənin iqtisadiyyatı biri-birini tamamlayır: "İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər. Son illərdə italyan müəssisələri tərəfindən həyata keçirilən layihələrdən də göründüyü kimi, İtaliya enerji sahəsində, karbohidrogenlərin nəqlində və kimya sənayesində dünyada yüksək səviyyədə olan bir irsə malikdir. Son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur. Dünən Prezident İlham Əliyevlə birlikdə Sumqayıtda polipropilen zavodunun açılışında iştirak etdik. Bu zavodun inşası "Maire Tecnimont” şirkəti ilə "SOCAR Polimer”in layihəsi əsasında həyata keçirilib”.
"Azərbaycan Xəzər dənizi regionunda nəqliyyat idarəetməsinin mərkəzini təşkil edir”
İtaliya prezidenti vurğulayıb ki, Azərbaycanın mövqeyi strateji baxımdan çox önəmlidir: "Azərbaycan bundan uzunmüddətli şəkildə istifadə etməlidir. Dövlət Dəmir Yolları ilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında mövcud olan marşrutların istifadəsi, dəmir yolu vasitələrinin, vaqonlarının tikintisi, yeni marşrutların inkişaf etdirilməsi üçün əməkdaşlıq memorandumu imzalamışıq. Bizim müəssisələr liman və infrastrukturlar üçün informasiya sahəsində uğurla fəaliyyət göstərir. Bu təşəbbüslərlə italyan mühəndisliyini, avtomobil yollarını, limanlarını, ümumilikdə infrastruktur sahəsini əks etdirən geniş bir işin əsasını qoyduq. Cənab Prezident, bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşma ilə baxmalıyıq. Bizim müştərək iqtisadi maraqlarımız bizi ölkənizlə Avropa İttifaqı arasında olan əməkdaşlıqdan irəli gələn imkanlardan istifadə edərək dialoqumuzu daha da inkişaf etdirərək genişləndirməyə yönəldir. Məhz ötən günlərdə tərəfdaşlıq prioritetləri ilə bağlı danışıqların yekunlaşması ilə əhəmiyyətli irəliləyiş qeydə alındı. Strateji baxımdan regionda önəmli rola malik olan Azərbaycan Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi üçlüyünün iqtisadi potensialının inkişafında yeni bir səhifənin baş qəhrəmanı ola bilər. Biz tarixi dostluğumuz və tərəfdaşlığımızın potensialından istifadə edərək dənizlərimiz arasında bu körpünü birlikdə tikməliyik. Çünki bu, istər indiki, istər gələcək münasibətimizə təsir edir”.
İsmayıl