Strateji müəssisələrə enerji tarifində güzəşt olacaq

“Yeniliklərin və güzəştlərin nədən ibarət olacağını indidən söyləmək çətindir”



2017-ci ildə əsas icraçı qurum olan Tarif Şurası Azərbaycanda strateji müəssisə anlayışına dair meyarların müəyyənləşdirilməsi və enerji tarifləri üzrə güzəştlərin tətbiqi məqsədilə strateji müəssisələrin siyahısının müəyyən edilməsinə dair təkliflər hazırlanması ilə bağlı tədbiri qismən icra edib.

Bu barədə "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

 Sənəddə qeyd edilib ki, Tarif Şurası digər icraçı qurumlar - İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısını tərtib etməlidir.

Bundan başqa, sözügedən qurumlar 2018-2019-cu illər ərzində strateji müəssisələr üçün elektrik enerjisindən istifadə ilə bağlı güzəştli tariflərin müəyyənləşdirilməsinə dair qərar qəbul etməlidir.
İqtisadçı-ekspert Natiq Cəfərli isə "Şərq” qəzetinə açıqlamasında Azərbaycanda strateji müəssisələrin təsnifatının iki istiqamət üzrə aparıldığını deyib: 

"Birinci qrupa enerji sektoru və enerji daşıyıcılığı, istehsalı və logistikası ilə bağlı istiqamət. İkinci qrupa isə ərzaq təhlükəsizliyi aiddir. Dövlət proqramlarında da qeyd olunub ki, ərzaq təhlükəsizliyi ilə bağlı xidmətlərin istiqamətində müəyyən tənzimləmələr var. Dövlətin təbii inhisarçıları olan "Azərenerji”, "Azəriqaz” , "Azərsu” da strateji istiqamətlər sayılır. Təbii ki, yeniliklərin və güzəştlərin nədən ibarət olacağını indidən söyləmək çətindir. 

Böyük ehtimalla bu siyahıda ərzaq təhlükəsizliyi ilə bağlı yeni yaradılan şirkətlərin və müddəaların artırılması gözləniləndir. Yeni yaradılan Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Agentliyi ilə bağlı müəyyən addımların atılması gözləniləndir. Hesab edirəm ki, sözügedən siyahı təkmilləşdirildikdən sonra subsidiyaların, güzəştli kreditlərin verilməsi, vergi və gömrük güzəştlərinin tətbiq olunması ilə bağlı da real addımlar atılacaq”.

Şəymən