“Qarpızın monopoliyası yoxdur, ona görə süni qiymət artımından söhbət gedə bilməz”
Qiymət iki halda bahalaşır
Ya az becərilib, ya da məhsulun çoxu ixrac olunub
“Qarpızın monopoliyası yoxdur, ona görə süni qiymət artımından söhbət gedə bilməz”
“Qarpızın monopoliyası yoxdur, ona görə süni qiymət artımından söhbət gedə bilməz”
Son günlər ölkədə qarpızın qiymətinin baha qiymətə satılması ölkə ictimaiyyətində ciddi narazılığa səbəb olub. Əgər yayın ilk ayının son günlərində bu məhsulu 30-40 qəpiyə almaq mümkün idisə, artıq bu gün qarpız bazar və marketlərin piştaxtalarında 55-60 qəpiyə təqdim edilir. Sahələrdə isə qarpızın topdansatış qiyməti 30-40 qəpik, paytaxtın iri satış mərkəzlərində isə 55-60 qəpikdir. Təbii ki, havalar isti keçdiyi üçün bu məhsula əhali arasında böyük maraq var, ona görə də isti havalarda "qarpız ləzzəti”ndən məhrum olmaq təhlükəsi camaatı daha da gərginləşdirir.
"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat katibi Nicat Nəsirli bildirib ki, bir neçə gündür qarpız-yemiş mövsümünün tez sovulacağı, qiymətinin isə kəskin bahalaşacağı haqda ajiotaj yaranıb: "Bu söz-söhbəti qarpız satanların daha çox yayması adamda "süni qiymət artımına cəhd” kimi fikir yaradır.
Onun sözlərinə görə, qiymət artımı müvəqqəti xarakter daşıyır: "Hazırda satışda olan məhsul örtük altında yetişdirilib, təxminən bir həftədən sonra açıq sahədə qarpız yetişəcək. Açıq sahədə qarpız kütləvi yetişdiyi üçün iyulun sonu - avqustun əvvəlləri qiymətlərin sabitləşməsini görəcəyik. Bu gün satışda olan məhsulun böyük əksəriyyəti Salyandan gəlir. Əslində, qarpızın təbii yolla yetişmə dövrü avqust ayıdır”.
O, bahalaşmanın əsas səbəbi kimi havaların kəskin isti keçməsi və bu məhsula olan tələbatın dəfələrlə artması, tələblə təklif arasında balansın pozulmasını göstərir: "Əsas qarpız istehsalçısı olan Sabirabadda bostan mövsümü uğursuz olub, ötən ilə nisbətən sahələr azalıb. Adətən, Sabirabad qarpızı iyulun sonu - avqustun əvvəllərinə qədər bazarlarda "hökmranlığını” qoruyurdusa, artıq iyulun birinci ongünlüyündə yığımı başa çatıb. Digər qarpız-yemiş istehsalçısı olan Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir, İmişlidə isə qarpız gec yetişdiyi üçün bazarda boşluq yaranıb və qiymətlərə təsir edib. Hazırda da davam edən kəskin istilər bostan sahələrinin məhsuldarlığına ciddi ziyan vurub, vaxtında suvarma imkanı olmadığı üçün sahələrdə yanma, tağların az bar verməsi müşahidə edilir”.
O, qiymət artımının digər səbəbini qarpız-yemiş sahələrinin azalması ilə izah edir.
İqtisadçı-ekspert Elçin Bayramlı isə bazarlardakı mövcud vəziyyətin onun üçün də anlaşılmaz olduğunu deyib: "Bu haqda məlumatım yoxdur. Lakin güman edirəm ki, əkilən qarpız-yemişin çoxu ixrac olunur, ölkədə az qaldığından təklif tələbatı qarşılamır və bu səbəbdən də qiymət artır. Məlum olduğu kimi, şimal qonşularımızda bu məhsulların qiyməti bizdən xeyli bahadır, bu səbəbdən də çoxları öz məhsulunu o ölkələrə aparmaqda maraqlıdır.
Bostan məhsullarında monopoliya yoxdur, ona görə süni qiymət artımından danışmaq düzgün olmazdı. Qiymət 2 halda bahalaşır - məhsul yığımı az olduqda və məhsulun çoxu ixraca getdikdə. Mən bilən əkin sahələrində azalma və məhsuldarlıqda ciddi zəifləmə yoxdur. Ona görə də, güman edirəm ki, bu, məhsulun çox hissəsinin ixrac olunması və ölkədə az qalması ilə bağlıdır”.
Kənd Təsərrüfatı Nazirliyi son günlərdə sosial mediada bazarda qarpızın qiymətinin bahalaşması ilə bağlı müzakirələrə münasaibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun məlumatına görə, bununla bağlı nazirliyə də müraciətlər daxil olur:
"Kənd Təsərrüfatı Nazirliyi nəinki qarpızın, ümumiyyətlə, heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir.
Qarpızın bahalaşması səbəblərinə gəldikdə, bir neçə səbəb var. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər. Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha, ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki, fermerlər özləridir.
Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur - daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s.”. A.Hüseynov bildirib ki, bu problemlər Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur: "Amma bir daha qeyd etmək istəyirəm ki, qarpızın və digər kənd təsərrüfatı məhsullarının qiymətinin formalaşmasında Kənd Təsərrüfatı Nazirliyi heç bir formada iştirak etmir”.
Şəymən