Müəllimliyə qəbul imtahanında tam şəffaflıq var

“Hər kəsə bərabər imkanlar yaradılıb, uzun illər təhsildən ayrı düşən insanların da bu sahəyə qayıtmasına şərait yaradılıb”




İyulun 18-də ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə mediatur təşkil edilib.
Mediaturda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri və təhsil ekspertləri iştirak ediblər. Mediatur zamanı imtahanın gedişi yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, müsabiqədə iştirak üçün müraciət edənlərdən 46839 namizədin elektron ərizəsi təsdiqlənib. Gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verməsi üçün hər cür şərait yaradılıb.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli imtahan prosesinin tam şəffaf təşkil olunduğunu deyib. Hər kəsə bərabər imkan yaradıldığını vurğulayan baş redaktor deyib ki, uzun illər təhsildən ayrı düşən insanların da yenidən təhsilə qayıtmasına şərait yaradılmasının özü böyük uğurdur: "İmtahan verənlər arasında yaşı 30-dan çox olan insanların da sayı kifayət qədər idi. Bu isə təhsilə qayıdışın yavaş-yavaş kütləvi xarakter aldığını göstərir. Xüsusən də regionlarda müəllimlik peşəsinə maraq artıb. Bu isə təqdirəlayiq hal kimi qiymətləndirilməlidir”.

E.Mirzəbəylinin qənaətincə, imtahan prosesi elə təşkil olunub ki, hansısa formada şəffaflığı pozmaq mümkün deyil. Proses tam şəkildə nəzarət altındadır və imtahanlar kompüter vasitəsilə keçirilir. İmtahanların ikinci, müsahibə mərhələsindən keçə bilməyənlər üçün də əmək müqaviləsi vasitəsilə fəaliyyət göstərmək imkanı yaradırlar. Onlar da müəyyən müddət öz üzərlərində işləyib inkişaf etsinlər deyə.

Baş redaktorların sözlərinə görə, imtahanların təşkil olunma qaydası bir daha sübut edir ki, ümumilikdə proses müəllim olmaq istəyən insanların uğur qazanmasına yönəlib: "Bu isə insan faktorunun önə çəkilməsi baxımından həddindən artıq müsbət tendensiyadır. İlk dəfə idi müəllimlərin işə qəbul imtahanının gedişini izləyirdim. Sözün düzü, son illər bu sahədə aparılan islahatlar yaxşılığa doğru öz nəticəsini göstərir. Sadəcə, bir şeyi nəzərə almaq lazımdır ki, təhsil sahəsində yekun nəticələr müəyyən zamandan sonra özünü büruzə verir. Bu gün həyata keçirilən islahatların da 5-10 sonra Azərbaycanın təhsil sistemində özünü qabarıq şəkildə göstərəcəyinə əminəm. İndiki halda isə prosesin genişləndirilməsinin tərəfdarıyam. Düşünürəm ki, bu tendensiya ali məktəblərə də ayaq açmalıdır. Bu həm seçim imkanının artmasına, həm də ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsini stimullaşdıra bilər”.

Təhsil eksperti Kamran Əsədov ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə iyulun 16-da start verildiyini deyib. Onun sözlərinə görə, MİQ imtahanlarında iştirak etmək üçün 50 mindən çox şəxs elektron müraciət etsə də, onların 46 mindən çoxunun ərizəsi təstiq olunub imtahan mərhələsinə buraxılıb.

İmtahanların davam etdiyi 4 gün ərzində 12 minə qədər müəllimliyə namizəd imtahan verib. Onların arasında hələ ki ən yüksək nəticə 59 bal olub. Ən aşağı nəticə isə 5 bal olub. Ümumilikdə 100 nəfərə yaxın müəllimliyə namizəd 5-10 bal arası nəticə göstərib: "İmtahanlar Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində imtahan verən şəxslər üçün bütün normal şərait yaradılıb. Onları gözləyən şəxslər üçün də geniş, rahat gözləmə zalları mövcuddur. Əvvəlki illərlə müqayisədə bu il MİQ imtahanlarının təşkilində müsbətə doğru ciddi irəliləyişlər var. Əminliklə deyə bilərəm ki, imtahanların gedişi üçün təşkilatçılıq yüksək səviyyədə təşkil olunub. İsti hava şəraiti olduğuna görə istər imtahan iştirakçıları, istərsə də onları gözləyənlər üçün kifayət qədər sərin su, sərin zallar təşkil edilib. Bu, MİQ imtahanı üçün mütərəqqi addımdır.

Hesab edirəm ki, son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ciddi islahatlar var. Bundan başqa, nazirlik sistemində mobilləşmə və modernləşmə prosesi göz önündədir.
Düşünürəm ki, bütün bu görülən işlər daha savadlı, keyfiyyətli və perspektivli müəllimlərin seçilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib”.

Təhsil eksperti Etibar Əliyev imtahanların nəticələrinin təhlilinə zərurət olduğunu vurğulayıb: "İmtahanlar çox şəffaf təşkil edilib. Hesab edirəm ki, imtahanların nəticələrinin təhlilinə də önəm verilməli, hətta əvvəlki illərin nəticələri ilə müqayisəli təhlili aparılmalıdır. Əvvəlki illərlə müqayisədə müəllimliyə namizədlərin imtahanlarında hansı tendensiyanın müşahidə edildiyi müəyyənləşdirilməlidir”.

Mediaturda iştirak edən millət vəkili Elman Nəsirli imtahan prosesinin təşkilini yüksək qiymətləndirib: "Bu cür şəraitdə imtahan verib uğursuz nəticə göstərən namizəd günahı özündə axtarmalıdır. Hesab edirəm ki, bu, unikal bir şansdır. Müsabiqədə iştirak edib həm işə qəbul olunur, həm də yüksək maaş alanlar siyahısına daxil olursan. Bu gün həm də onun şahidi oldum ki, müəllimlik peşəsinin nüfuzu bərpa olunub. Hər gün hörmətdən düşmüş bir peşənin necə dirçəldiyinin şahidi oluruq. Bir vaxtlar müəllimliyi atanlar indi öz peşəsinə qayıtmaq üçün can atır, çaba göstərirlər”.

Millət vəkili Tahir Mirkişili müəllimliyin artan nüfuzunda yaradılan ədalətli rəqabət mühitinin rolunu xüsusi qeyd edib: "İmtahanları çox yüksək qiymətləndirirəm. Xüsusən, təşkilati cəhətdən çox yüksək səviyyə müşahidə etdim. Müəllim olmaq istəyənlər üçün bərabər imkanların yaradılması, şəffaflıq şəraitində mübarizə mühiti formalaşdırılması, nəticədə ədalətli rəqabətin təmin edilməsi müəllimliyin nüfuzunun artmasında olduğu qədər, müəllimlərin peşəkar inkişafında - gələcəkdə daha sağlam nəslin yetişməsində çox önəmlidir.

Şəymən