Deputat:"İcbari tibbi sığortanın tam tətbiqinə böyük ehtiyac var" - Neçə il gözləyəcəyik ?






"Ölkə başçısının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayırdığı 1,3 milyon manat vəsait regionlarda həyata keçirilən pilot layihələrin genişlənməsi üçün vacibdir”.

Bunu "Sherg.az”a iqtisadçı, millət vəkili Vahid Əhmədov söyləyib. O diqqətə çatdırıb ki, bəzi bölgələrdə həyata keçirilən pilot layihələrin yekununda artıq effektiv nəticələr özünü göstərir:

"Ölkə başçısının ayırdığı 1,3 milyon manat vəsait də pilot layihələrin miqyasının genişləndirilməsini nəzərdə tutur. Əlbəttə, icbari tibbi sığorta çox vacibdir. Bu layihənin tamamilə həyata keçirilməsi pilot layihələrin ümumi yekun nəticəsindən asılıdır. Hesab edirəm ki, bu prosesi tezləşdirmək lazımdır. İnsanların icbari tibbi sığortanın tam reallaşdırılmasına böyük ehtiyacı var. Bununla əlaqədar qanun layihəsi qəbul olunub, heç bir problem yoxdur”.

V.Əhmədov onu da əlavə edib ki, icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün bir neçə il lazımdır:

"Çünki pilot layihələrin dairəsinin genişlənməsi bu proqramın daha səmərəli olmasına şərait yaradır. Ola bilər, bir neçə ilə Azərbaycan tam icbari tibbi sığorta ilə təmin edilsin”.

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılıb.

Aysel Aslan