Fransa Azərbaycanı müstəqil partnyor kimi qəbul edir
Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri böyük əhəmiyyət daşıyır
Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya səfəri başlayıb. Dövlət başçısı Yelisey Sarayında Fransa rəhbəri ilə görüş keçirib. Prezident İlham Əliyev səfər əsnasında Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyevin Fransaya səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Dövlət başçısı Fransaya səfəri çərçivəsində bir çox şirkətlərin rəhbərləri ilə də bir araya gəlib. Prezident İlham Əliyev Azərbaycanla Fransanın 15 şəhərinin qardaşlaşdığını qeyd edib. Dövlət başçısı vurğulayıb ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir və regionlar arasındakı təmasların inkişaf etməsinə imkanlar açır. Görüşdə, həmçinin Azərbaycan-Fransa əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından önəmi vurğulanıb. Söhbət zamanı ölkələr arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı, bu sahələrdə gələcək layihələrin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Fransada daha geniş tanıdılması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb.
"Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir”
Daha sonra Prezident Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə də görüşüb. Jerar Larşe dövlət başçısı İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu deyib. O, bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Senat sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışıb. Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi qeyd edib. Bildirib ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Prezident İlham Əliyev isə öz növbəsində Fransa Senatına gəlməkdən məmnunluğunu ifadə edib.
Qeyd edib ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Görüşdə vurğulanıb ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq Sazişə öz müsbət töhfəsini verəcək. Görüşdə parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edilib. Əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırılıb.
"Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var”
Dövlət başçısı İlham Əliyev Parisdə "Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılıb. "Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı qeyd edilib ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir. Dövlət başçısının "Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşü də maraqlı keçib. Görüşdə "Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xəzərin Azərbaycan sektorundakı "Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində "Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olunub. Prezident "Thales İnternational” şirkətinin rəhbərliyi ilə də bir araya gəlib və əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Şirkətin ölkəmizdə etibar qazandığını vurğulayıb.
Qeyd edək ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün sülh danışıqlarında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir, həmçinin Avropa İttifaqında mühüm dövlətlərdəndir. Bu dövlətə Azərbaycan prezidentinin rəsmi səfərinin ölkəmiz üçün ciddi əhəmiyyəti var.
"Azərbaycan-Fransa münasibətləri bir çox istiqamətlər üzrə inkişaf edir”
Millət vəkili Elman Nəsirov bildirib ki, Fransa ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını hələ mərhum prezident Heydər Əliyev bir sıra addımları ilə ortaya qoymuşdu. İndi bu ənənəni Prezident İlham Əliyev davam etdirir: "Azərbaycan-Fransa münasibətləri kifayət qədər inkişaf etmiş münasibətlərdir. Bu münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Heydər Əliyev 1993-cü ilin oktyabr ayında prezident seçildikdən sonra ilk rəsmi səfəri 1993-cü ilin dekabrında məhz Fransaya olmuşdu. Ulu öndər çox strateji bir addım atmışdı. Çünki o zaman Fransanın iki nəhəng enerji şirkətinin Azərbaycan neftinin istismarına nail olunmuşdu. Fransa Azərbaycana investisiya qoymuşdu. Yəni hələ ulu öndər Heydər Əliyev Fransanın Azərbaycan üçün necə əhəmiyyətli dövlət olduğunu gözəl bilirdi. Cənab İlham Əliyev də Heydər Əliyevin müəyyən etdiyi kursu çox sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir. Beləliklə də bu gün Azərbaycan-Fransa münasibətləri bir çox istiqamətlər üzrə - həm siyasi dialoq, həm iqtisadi, ticarət, həm humanitar sahələrdə kifayət qədər inkişaf edir. Azərbaycanda Fransa universiteti fəaliyyət göstərir. Təbii ki, Fransa ilə münasibətlərimizdə ən mühüm amil Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Fransanın Minsk Qrupunun həmsədri olmasıdır. Cənab prezidentin Fransaya səfəri ilk növbədə münaqişənin tənzimlənməsi prosesində Fransanın yeni rəhbərliyinin daha çevik, daha məhsuldar siyasət həyata keçirməsinə nail olmaqdır. Danışıqlar prosesində Fransanın daha fəal rol oynaması təbii ki, hər halda, diqqət mərkəzində saxlanılacaq”. Deputat bildirib ki, Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə çox böyük dəstək verdiyinin Fransa çox gözəl fərqindədir. Bu nöqteyi-nəzərdən Azərbaycan-Fransa danışıqlarında, heç şübhəsiz ki, regional, qlobal təhlükəsizlik məsələləri, xüsusilə də enerji təhlükəsizliyi məsələləri diqqət mərkəzində olacaq: "Fransa dərk edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında çox mühüm rol oynayır. Azərbaycan bu gün Avropa üçün yeni alternativ mənbəyidir. Bu nöqteyi-nəzərdən Cənub Qaz Dəhlizi layihəsini xüsusi vurğulamaq istərdim. Artıq bu layihənin üç komponenti üzrə işlər yekunlaşıb. Yeganə qalan TAP-dır ki, onun da reallaşması istiqamətində çox ciddi işlər gedir. Hesab edirəm ki, İlham Əliyev-Emanuel Makron danışıqlarında bu məsələlər də xüsusi diqqət mərkəzində olub.
Eyni zamanda hesab edirəm ki, humanitar sahədə, təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə mövzusu olacaq. Bir sözlə, düşünürəm ki, Fransa ilə danışıqlar üçün kifayət qədər mövzular var. İndidən söyləmək mümkündür ki, Azərbaycan prezidentinin Fransaya səfəri kifayət qədər böyük əhəmiyyət kəsb edən səfər olacaq”.
"Dövlət başçımızın Fransaya səfəri mühüm əhəmiyyət kəsb edir”
Siyasi şərhçi Arzu Nağıyev də deyib ki, Fransa Azərbaycanı müstəqil partnyor kimi qəbul edir: "Azərbaycan dövlətinin Fransa ilə daimi əlaqələri olub. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olduğu üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransa rəhbərliyi ilə daimi təmasda olub”. Ekspertin sözlərinə görə, cənab prezidentin Fransaya səfərində əsas məqamlardan da biri "Total” şirkəti ilə bizim əlaqələrimizin olması, hərbi-sənaye kompleksi ilə bağlı müəyyən müqavilələrin imzalanması istiqamətində aparılan danışıqlardır: "Bu gün Fransa dövləti ilə istər siyasi, iqtisadi, istərsə də hərbi baxımdan bizim yaxınlığımız mövcuddur. Dövlət başçımızın Fransaya səfəri mühüm əhəmiyyət kəsb edir. Fransa Avropa Birliyində öz sözünü deyən, eyni zamanda NATO-nun üzvü olan mühüm dövlətlərdən biridir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə qarşı təhdidin qarşısının alınmasında iştirak edən bir dövlətdir. Fransa Azərbaycanı bir müstəqil partnyor kimi qəbul edir. Eyni zamanda unutmaq lazım deyil ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir. Bunun qarşısını almaq üçün də birbaşa təmas çox mühüm əhəmiyyət kəsb edir”.
İsmayıl