Abituriyentlər haqlıdır

“Qəbul üzrə kriteriyalar çox sərtdir”




Bəzi abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısında aksiya keçirməyə cəhd ediblər.

Onlar bildiriblər ki, kolleclərə keçirilən qəbul imtahanlarının nəticəsindən narazıdırlar: "Kolleclərə qəbul olmaq üçün tələb olunan keçid ballarını qaldırıblar.

Deyirlər ki, keçid balı 16 olub. Amma biz 28, 32 bal toplamışıq, qəbul olmamışıq. Niyə kolleclərə keçid ballarını qaldırıblar? Bizim şikayətimizə baxan yoxdur. Bizi buradan uzaqlaşdırmağa çalışırlar. Yüksək bal toplamağımıza baxmayaraq qəbul olmamışıq”.

Xatırladaq ki, TQDK 29 iyun tarixində ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bu məsələdə abituriyentləri haqlı hesab edir: "Qəbul üzrə kriteriyalar çox sərtdir. Buna görə aşağı ballar toplanır. Dünya təcrübəsində yüksək bal nəticələri arasında rəqabət gedir. Hətta bəzi yerlərdə 400-500 balla müsabiqədə iştirak etmək hüququ qazanırlar. Ancaq Azərbaycanda əksinə prosesler gedir. Əgər bilərəkdən abituriyentlərin balları aşağı salınırsa, burada şübhəli məqamlar var. Əvvəlcədən balları təyin edirlər. Halbuki keçid ballar müsabiqə nəticəsində müəyyən olur. Digər tərəfdən asan suallar demək olar yoxdur. Ağır və orta dərəcəli suallar çoxluq təşkil edir. Ancaq şükürlər olsun ki, müəyyən tənqidlərimizdən nəticə çıxardıblar. Hələ payızda təhlillər aparacağımıza baxmayaraq builki qəbul imtahanlarında problemli suallara rast gəlinməyib.

Digər tərəfdən testlə qəbulun biliyə xidmət etmədiyini, bunun antimilli olduğunu dəfələrlə söyləyərək sübut etmişik”.

N.Qulamoğlu ictimai nəzarəti təmin edəcək qəbul sisteminin yaradılmasını təklif edir.

Vüqar Şahinoğlu