Gürcüstan hakimiyyəti müxalifətin dizini yerə gətirir 

Hökumət Qərblə əməkdaşlıq edən bütün partiya və QHT sektorunu ya bağlayacaq, ya da tam özünə tabe edəcək


  Gürcüstan Baş naziri İrakli Kobaxidze təkliflə çıxış edib. Onun sözlərinə görə, hazırda həbsdə olan keçmiş Prezident Mixail Saakaşvilinin qurduğu və başçısı olduğu “Vahid Milli Hərəkat” (VMH) partiyası ləğv edilməlidir. Kobaxidze vurğulayıb ki, faşist Almaniyanın kapitulyasından sonra Adolf Hitlerin “Nasional Sosialist Alman Fəhlə Partiyası” necə ləğv edilmişdisə, o cür də VMH ləğv edilməlidir. O, siyasi partiyaların ləğvinin normal hal olduğunu qeyd edib. Kobaxidze deyib ki, Hitlerin partiyası 1945-ci ildən sonrada siyasi arenada qalmağa davam etsə idi, parlament seçkilərində cəmi 15-20 faiz səs toplaya biləcəkdi və bu partiya yalnız bədbəxtliklərə səbəb olacaqdı. Alman xalqının vaxtında bu partiyadan yaxa qurtardığını bildirən Kobaxidze Gürcüstanda da VMH-nin ləğv edilməli olduğunu əlavə edib. O, siyasi partiyaların ləğvinin normal hal olduğunu qeyd edərək oxşar halların Moldova və Ukraynada da baş verdiyini vurğulayıb və Avropa İttifaqının belə bunu müsbət qarşıladığını əlavə edib.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Gürcüstanda Qərb-Rusiya toqquşması yeni mərhələyə keçir. Analitik vurğulayıb ki, Gürcüstanda oktyabrda parlament seçkiləri keçiriləcək:

"Bu seçkilərə Gürcüstanın Qərb və Rusiya arasında seçim imkanı kimi baxılır. Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulundan sonra, Qərblə mövcud hökumət arasında siyasi böhran dərinləşib. 
Hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasi və hökumətin "boz kardinali" Bidzina İvanaşvili Qərblə siyasi əlaqələrə yenidən baxır və daha çox Moskva ilə təmaslarda maraqlı görünür. Gürcüstan hakimiyyətinə Qərb dövlətləri bir sıra sanksiyalar tətbiq edib. Bu sanksiyalara görə hakimiyyət narahat deyil. Demək olar ki, hakimiyyət ölkədə QHT sektorunu neytrallaşdırır və müxalifəti də sıradan çıxarmağa çalışır. Baş nazir Kobaxidze Saakaşvilini Almaniyanın nasist lideri Hitlerlə müqayisə etməkdən çəkinmədi. Göründüyü kimi, hökumət Qərblə əməkdaşlıq edən bütün partiya və QHT sektorunu ya bağlayacaq, ya da tam özünə tabe edəcək". 
  Ekspertə görə, Qərb gələn ay keçiriləcək seçkilərə ümid edir: "Seçkiyə qısa bir vaxt qalmasına baxmayaraq, Gürcüstanda ictimai-siyasi vəziyyət stabildir. Gürcüstan hökuməti Rusiya ilə danışıqlara gedib, Abxaziya və Cənubi Osetiyada nəzarəti bərpa etməyi planlaşdırır. Artıq Rusiya hakimiyyəti Abxaziyaya sosial ödənişləri rəsmən dayandırıb. Bu, seçki qabağı Gürcüstan xalqına indiki hakimiyyəti dəstəkləmək üçün atılan siyasi gedişdir. Seçkilərdə "Gürcü arzusu" Partiyası yenidən seçkilərdə qələbə əldə edəcək. Bundan sonra Qərblə əlaqələrdə Azərbaycan modelinə üstünlük veriləcək. Çalışacaqlar ki, Qərblə məsafəli davranılsın. Gürcüstan hökuməti Rusiya ilə əlaqələri bərpa edib, Abxaziya və Cənubi Osetiyanı birləşdirməyə çalışacaq. Rusiya da gürcü hökumətinə ciddi dəstək verir. Cənubi Qafqazda Qərblə Rusiya arasında toqquşma Gürcüstanda yeni mərhələyə keçir. Ermənistanda uduzan Rusiya Gürcüstanda təşəbbüsü ələ almağa çalışır. Azərbaycan isə regionda öz müstəqil siyasi gündəmi ilə uğurlu siyasət aparmaqdadır".