İnsan qatilləri...

Anaları balasız, balaları anasız qoyan, ailələri faciələrə sürükləyən həkimlər niyə cəzadan kənarda qalır?




İnsan həyatının xilasedicisi sayılan həkimlər nə yazıq ki, bəzən insan qatilinə çevrilir. Son zamanlar ana və körpə ölümləri statistikasının durmadan artması ağ xalatlı həkimlərin artıq qara geyimdə təsvir edilməsinə gətirib çıxarıb. Qazaxın Daş Salahlı kənd xəstəxanasında gənc ananın doğuşdan sonra vəfat etməsi hadisəsi təkcə mərhumun ailəsini, doğmalarını deyil, ölkə ictimaiyyətini sarsıdıb.

Bu, tək-tük, nadir hallarda baş verən hadisə olsaydı, bəlkə də bu qədər diqqət cəlb etməzdi. Amma ana və körpə ölümləri getdikcə daha intensiv xarakter alır. Və hər kəsi bir sual düşündürür. İnsan həyatı ilə oynayan, anaları balasız, balaları anasız qoyan, ailələri faciələrə

sürükləyən həkimlər niyə cəzadan kənarda qalır? Belə bir vəziyyətdə Səhiyyə Nazirliyinin hər zaman eyni açıqlamalar verməsi, hansısa yoxlamaların, araşdırmaların aparıldığını bildirməsi, hansısa tibbi personalı töhmət və ya şiddətli töhmətlə "cəzalandırması”, uzaqbaşı, kimisə işdən kənarlaşdırması insanlarda haqlı narazılıq, hətta ikrah yaradır. Yəni, bir ananın və ya körpənin ölümünə kəsilən cəza sadəcə töhmət və ya işdən kənarlaşdırmadırmı? İnsan həyatı bu qədərmi ucuzdur? O zaman gərək insan qatilləri də həbs edilməsin. "Bir hadisədir, təsadüfən baş verib” donu geyindirilərək qatilin sərbəst qalması təmin edilsin. Həkimin səhvi və ya bacarıqsızlığı ucbatından baş vermiş insan ölümünün cəzası daha ağır olmalıdır. Çünki burada vəzifəni icra edə bilməmək, səriştəsizlik, səhlənkarlıq var. 20 yaşlı Şəhla da məhz həkim səriştəsizliyinin qurbanı oldu. Amma o həkimə və öz vəzifələrini yerinə yetirməmiş tibb işçilərinə hansı cəza veriləcək?

Səhiyyə Nazirliyi hələ ki, araşdırma aparır və təcrübəyə əsasən bunun nə ilə nəticələnəcəyini təxmin etmək çətin deyil.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə "Şərq”ə açıqlamasında bu kimi hallarda cəzalanma mexanizminin olmadığından təəssüfləndiyini bildirdi:

- Bilirsiz ki, həkim səhlənkarlığı ilə bağlı mən bir neçə dəfə Respublika Prokurorluğuna müraciət etmişəm. Jurnalist Anar Niftəliyevin həyat yoldaşı, ANS-in əməkdaşı Afət Telmanqızının qardaşının yoldaşı rəhmətə gedəndə, məhz həkim səhlənkarlığı ilə bağlı mənə də müraciətlər olmuşdu, mən də öz tərəfimdən məsələni Respublika Prokurorluğu qarşısında qaldırmışdım. Təəssüf ki, biz insanların həyatına bu və ya digər dərəcədə məsuliyyət daşıyan həkimlərin konkret cəzalanmasının şahidi olmuruq. Səhiyyə Nazirliyi o dediyi araşdırmaları sanki həkimlərin günahsızlığını sübut etmək üçün keçirir. Həkim günahkar deyilsə, bəs kimdir? Bu ölüm faktları nədən baş verir? Həm də bu faktlar getdikcə çoxalır. Ayda bir neçə belə hadisənin şahidi oluruq. Biz necə deyək ki, burada həkimin heç bir günahı yoxdur. Xəstənin həyatına cavabdehlik daşıyan birbaşa həkimdir. Perinatal Mərkəz yaradıblar, qəribə bir ad qoyublar, sanki bununla bütün problemlər həllini tapacaq. Doğum şöbələrində biabırçı vəziyyətdir. Qapıdan içəri daxil olan hər qadına gəlir mənbəyi kimi baxırlar. Yalandan hay-küy qoparırlar ki, vəziyyəti ağırdır, cərrahiyyə əməliyyatı olunmalıdır və s. Təki pulları artıq olsun. Biz bu xəbərləri hər gün eşidirik. Gizli bir şey qalmayıb. Amma tələfat, ölüm hadisəsi baş verəndə kiminsə cəzalandırılmasını görmürük. Cəzasızlıq olduqca, ölüm faktları da çoxalacaq. Həkimlər arxayındır ki, nə baş versə də, onlara dəyib-dolaşan olmayacaq. Doğulduğum Ağdaş rayonunda neçə dəfə ana və körpə ölümü baş verib. Heç kəs cəzalanmayıb. Həmin həkimlər bu gün də işləməkdə davam edirlər.

Ç.Qənizadə belə faciələrlə üzləşmiş ailələrə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görür:

- Mənim məsləhətim budur ki, insanlar çəkinməsin və ya rayon prokurorluğuna, ya da birbaşa Respublika Prokurorluğuna müraciət etsinlər, faktın araşdırılmasını tələb etsinlər. Onsuz da prokurorluq hər bir ölüm faktının istintaqını aparır. Daş Salahlıda baş vermiş ana ölümü ilə bağlı da şübhəsiz ki, istintaq aparılır və cinayət əməli aşkarlanarsa, günahkarlar cəzalandırılmalıdır. Böyük ehtimalla burada işdə səhlənkarlığa yol verilməsi halı var, bu da cinayət məsuliyyəti yaradan amildir. Mən bir daha hüquq-mühafizə orqanlarını faktı hərtərəfli araşdırmağa, Səhiyyə Nazirliyini isə "ənənəvi” açıqlamalardan əl çəkib daha ciddi tədbirlər görməyə çağırıram.

Bizim vətəndaşların hüquqi bilikləri də zəifdir. Vətəndaşlarımız problemlərinin hüquqi müstəvidə həllinə çalışmırlar. Bunun üçün gərək telekanallarda, mediada maarifləndirmə işləri aparılsın. Vətəndaşlar birdəfəlik bilsinlər ki, hansısa hadisə baş veribsə, ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Qoy işi məhkəmələr araşdırsın. Bəlkə bununla hər kəs öz vəzifəsinə məsuliyyətlə yanaşar. Etdiyi səhvə görə hakim qarşısında cavab verməli olduğunu anlayar.

Məlahət Rzayeva