Ehtiyatlı olun!

Satılan qarpızların 98 faizi GMO məhsullardır




Qızmar yay günlərində qarpızdan zəhərlənmə halları çoxalır. Bu dəfə artıq kütləvi zəhərlənmə halı qeydə alınıb. Bir ailənin yeddi üzvü qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunun səbəbini Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətsizliyində görür: "Dövlət büdcəsi hesabına alınan səyyar laboratoriyalar kənd təsərrüfatında çalışan insanlara xidmət etmir, Həmçinin yerlərdə, aqronom məsləhəti yoxdur. Ona görə də hələ bu zəhərlənmələr davam edəcək”.

E.Hüseynov qarpızın tərkibinə vurulan kimyəvi maddələrdən danışıb: Qarpızı istənilən vaxt alıb yemək olar. Sadəcə qarpızların yetişdirilməsində istifadə edilən peristit və nitritlərin miqdarı gərək məhdudlaşdırılsın. Müəyyən normalar çərçivəsində olsun. Bazarda əllərində primitiv aparatla guya nitritlərin miqdarını yoxlayırlar. Ancaq Kənd Təsərrüfatının əməkdaşları bunları bilmirlər. Bununla yanaşı qarpız yetişdirənlər nə qədər mümkündürsə azot kübrələri alırlar və nitritlər vururlar ki, böyük qarpızlar yetişsin və satsınlar. Hətta pulyonka altında belə erkən normal yetişdirilmiş qarpızı da hər vaxt yemək olar”.

O, həmçinin istehlakçılara qarpız alarkən hansı məqamlara diqqət etməyi də açıqlayıb: "İstehlakçılar bilməlidirlər ki, nitritlərsiz və süni kübrələrsiz qarpızların çəkisi 4-5 kq-dən artıq olmur. Bundan əlavə, normal qarpıza bıçaq vurarkən partlamalıdır. Qarpız kəsilərkən qabığının qalınlığı yarım sm-dən artıq olmamalıdır. Qarpızın içərisi çəhrayı rəngi çıxmaqla tünd qırmızı və al qırmızı olmalıdır. Qarpızın özəyi ən yeməli yeridir. Orada ağ damarlar deyilən hissələr gözə çarpmamalı və yaxud çox nazik tük şəklində olmalıdır. Azərbaycanda satılan qarpızların 98 faizi GMO məhsullardır. Yəni balaca tutumlu qarpızlardır. Çünki böyük (aborogen) qarpız növləri artıq yoxdur. Həmçinin qarpız öz-özünə mikrob əmələ gətirən qida məhsulu deyil və yalnız kimyəvi zəhərlənmə ola bilər”.

Vüqar Şahinoğlu