Azərbaycanda korrupsiyaya qarşı mübarizə güclənib

25 milyonluq əmlaka həbs qoyulub, 3 vəzifəli işdən qovulub



Dünən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarımili ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb.

Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması istiqamətində mühüm islahatlar həyata keçirilib. Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi hesabat dövründə də prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən edib. Bildirilib ki, hesabat dövründə ümumilikdə 250 vətəndaşın qəbul edilməsi təmin edilib. 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

"Vətəndaşların korrupsiya ilə bağlı müraciətləri əsasında 82 cinayət işi başlanıb”

Kamran Əliyev deyib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu il vətəndaşların 3874 müraciətinə baxılıb. Həmçinin 126 cinayət xarakterli material araşdırılıb: "Həmin materialların 82-si üzrə cinayət işi başlanıb. 44 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Bu ilin 6 ayı ərzində "161-Qaynar xətt” əlaqə mərkəzinə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib. Aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”.

Korrupsiyaya görə 3 vəzifəli şəxs işdən çıxarılıb

İdarə rəisi bildirib ki, bu il korrupsiya hüquqpozmaları üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib: "Əvvəlki dövrlərdə olduğu kimi, bu il də, korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. 3 nəfər vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilib”.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub. Kamran Əliyevin sözlərinə görə, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 faiz ödənilməsi təmin edilib. Həmçinin, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb”.

"Tikinti şirkətləri ilə bağlı 1 cinayət işi, 5 inzibati icraat başlanıb, 13 xəbərdarlıq edilib”

K.Əliyev vurğulayıb ki, tikinti şirkətlərində işə cəlb olunan 258 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib: "Mərkəzdən daxil olmuş 17 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkət rəhbərləri əmək müqaviləsi ilə bağlı qanunları pozduqlarına görə, 1 cinayət işi və 5 inzibati xəta haqqında iş üzrə icraat başlanması təmin edilib. O cümlədən həmin şirkətlərin rəhbərlərinə gələcəkdə hər hansı bir işin görülməsi zamanı işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 13 rəsmi xəbərdarlıq elan edilib. Həmçinin, bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 28 təqdimat verilib. Eyni zamanda korrupsiya cinayətləri ilə axtarışda olanlardan 9 nəfəri tutularaq istintaqa təhvil verilib”.

"Azərbaycanda ən çox korrupsiya mənzil-tikinti sektorundadır”

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan sahələri açıqlayıb: "Bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub. Bu sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib. Növbəti yerdə isə bank və bank olmayan kredit təşkilatları durur. Bu sahə üzrə 43 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib”.

Daş karxanaları ilə bağlı 7 cinayət işi başlanıb

K.Əliyevin sözlərinə görə, Azərbaycanda daş karxanaları ilə bağlı 7 cinayət işi başlanıb. Onun sözlərinə görə, Baş İdarədə ölkənin müxtəlif regionlarında olan daş karxanaları ilə bağlı 7 cinayət işi istintaq olunur: "Göyçayda körpünün uçması faktı ilə bağlı 7 vəzifəli şəxs məsuliyyətə cəlb edilib. Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir”.

İsmayıl