Sərnişin qatarında qiymət artımının heç bir iqtisadi əsası yoxdur
“Azərbaycan Dəmir Yolları” atdıqları addımlara məntiqi izah vermirlər”
27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək. "Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları orta hesabla 10 faiz artırılacaq.
Dəmir yolunda qiymət artımı xəbərdarlığı əhalinin narazılığına səbəb olub. Qiymət artımı sosial şəbəkələrlə yanaşı media orqanlarında da tənqidlə qarşılanıb. Ekspertlər də bu bahalaşmanın heç bir iqtisadi əsası olmadığını düşünür.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, qatarlarda gediş haqqının artırılması bu sahədə mövcud olan inhisarçılıqdan qaynaqlanır: "Əslində, "Azərbaycan Dəmir Yolları” digər dövlət şirkətləri kimi dövlətin rəqibləri olmayan təbii inhisarçılarıdırlar. Onlar atdıqları addımlara heç vaxt məntiqi izah vermirlər. Gətirdikləri yeganə arqument bundan ibarət olur ki, guya maya dəyəri artıb, xərclər çoxalıb və sair. Təbii, maya dəyəri artırsa, qiymət artımı qaçılmazdır - bu, hər yerdə belədir. Ancaq çox təəssüf ki, dövlətin inhisarçı müəssisələri cəmiyyətə tutarlı əsaslandırma göstərə bilmirlər. Son bir ildə ölkədə nə elektrik enerjisinin, nə də digər xidmətlərin qiyməti qaldırılmayıb. Hətta hökumət ölkədə inflyasiyanın birrəqəmli olduğunu iddia edir. O halda, "Dövlət Dəmir Yolları”nın hansı bəhanə ilə qiymət artımına getməsini söyləmək çətindir. Yəni dəmir yolunda qiymət artımını şərtləndirən heç nə baş verməyib. Bu isə o deməkdir ki, dövlətin inhisarçı müəssisələri - indiki halda "Azərbaycan Dəmir Yolları” - rəqibsizlikdən sui-istifadə edərək, qiymət artımına gedib. Bunun başqa izahı yoxdur”.
Sərnişin qatarlarında gediş haqqının 10 faiz bahalaşması qərarını dəyərləndirən Milli Məclisin deputatı Araz Əlizadə də mövcud şəraitdə hər hansı sahədə qiymət artımının əleyhinə olduğunu deyib: "Hazırda Bakıda olmadığım üçün bu barədə geniş məlumata malik deyiləm.
Ona görə də "Azərbaycan Dəmir Yolları”nın bu addımı nəyə görə atmasının səbəbləri haqqında danışmağa çətinlik çəkirəm.
Bəlkə də, bu qiymət artımı üçün obyektiv səbəblər mövcuddur, yaxud da, ola bilsin ki, buna heç bir ehtiyac yoxdur. Mən bəzi təhlillər aparmadan, bu barədə qəti fikir söyləyə bilmərəm. Ancaq şəxsi yanaşmam bundan ibarətdir ki, Azərbaycan vətəndaşlarına narahatlıq və çətinliklər yaradan bahalaşma qərarlarının, o cümlədən də sərnişindaşımada tarif artımlarının əleyhinəyəm”.
İqtisadçı-ekspert Elçin Bayramlı isə "Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumatda qiymət artımı üçün heç bir iqtisadi əsaslandırma göstərilmədiyini deyib:
"Deməli, yoxdur. Dəmiryolunda sərnişindaşımanın maya dəyəri bahalaşmayıb. Çünki nə elektrikin qiyməti artıb, nə xidmət keyfiyyəti artıb, nə də müasir qatarlar xəttə buraxılıb. Bu vəziyyətdə qiymət artımı sünidir və əsası yoxdur. Tələbatın tənzimlənməsi məqsədilə ifadəsi isə gülüncdür və biabırçılıqdır. Yaxşı olardı ki, vaxtilə işləmiş bütün elektrik qatarları və uzaqməsafəli sərnişin qatarları bərpa olunsun, xidmət keyfiyyəti artırılsın və yalnız bundan sonra qiymətlərə baxmaq olar. Hazırda taksilər Bakıdan Tovuza adamın birini 10 manata aparır, həm də 5-6 saata. Qatarda qiymət daha bahadır, özü də ki, 10 saata çatır. Bu şəraitdə dəmiryoluna tələbat nəinki artır, əksinə, azalır. Yaxşı olar ki, heç olmasa, plaskart vaqonlarda qiymət artmasın. Çünki bu vaqonlardan ən imkansız təbəqə istifadə edir”.
Qatarla sərnişindaşımada qiymətlərin bahalaşdırılması iqtisadçı-ekspert Azər Mehtiyev üçün də əsaslandırılmamış görünür. Onun fikrincə, buna ehtiyac yox idi:
"Düzdür, Azərbaycanda sərnişindaşımada qiymətlər aşağıdır. Amma bunun o biri tərəfi də var ki, Azərbaycanda gəlirlər də aşağıdır, odur ki, indiki halda bunu etmək olmazdı. Yenə deyirəm ki, bu qiymət artımı mənə əsaslandırılmamış kimi görünür”.
A.Mehtiyevin sözlərinə görə, qərarın əsassız olması şübhəsi daha çox bu tipli inhisarçı dövlət şirkətlərinin maliyyə fəaliyyətində şəffaflığın, vəsaitlərin necə xərclənməsi barədə məlumatın olmamasından, şirkətin qənaət imkanlarından nə dərəcədə istifadə edib-etməməsindən qaynaqlanır:
"Əgər bu şirkətlər belə qiymət artımlarına gedirlərsə, o zaman fəaliyyətlərində birinci şəffaflığı təmin etməlidirlər ki, vəsaitlərin necə xərclənməsi məsələsində şübhə yeri yaranmasın”.
A.Mehtiyev yada salır ki, keçən ildən qiymətlərə yenidən baxmaq hüququ QSC-nin özünə verilib deyə, artıq qurumun statusu da dəyişib, yəni, o özəl şirkət olaraq dövlətin subsidiyalarından, maliyyə vəsaitlərindən imtina etməlidir, qazandığı gəlirlə yaşamalıdır.
Şəymən