Bakı metrosunda bələdçinin xəbərdarlığına sərnişinlər məhəl qoymur
Faciələrin baş verməməsi üçün şüşə arakəsmələr qoyulmalıdır. Bu böyük vəsait tələb etmir
Metroda dayanıb qatar gözləyərkən bələdçinin "xətdən kənara çəkilin!..” xəbərdarlığını, azca keçmiş xəbərdarlığa məhəl qoyulmadığını görən xanım bələdçinin bir az da ucadan və artıq əsəbi halda, "ay vətəndaş, xətdən kənara çəkilin” qışqırmasına yəqin, çoxumuz şahid oluruq.
Doğrudan da, qəribə camaatıq; qatarı gözləməyə səbrimiz çatmır, platformada dayananların əksəriyyəti tez-tez qaranlıq tunelə boylanır, qatarın işığını görmək arzusu ilə... Və məhz bu zaman da özümüz bilmədən təhlükəsizlik xəttini - hüdud xəttini keçmiş oluruq. Bu isə həyat üçün təhlükəlidir və belə faciələrin də dəfələrlə şahidi olmuşuq. Bu günlərdə yenə oxşar hadisə təkrarlanıb. Metropolitenin "Neftçilər” stansiyasında 30 yaşlarında şəxs platformada qatar gözləyərkən hüdud xəttini keçib, nəticədə qatarın güzgüsü həmin şəxsə dəyib. 30 yaşlı adam başından və qolundan zədə alıb. Hadisə yerinə təcili yardım briqidası çağırılıb, şəxsə tibbi yardım göstərilib.
Bəs belə qəzaların qarşısını almaq üçün başqa vasitələr varmı?
Uzun illər metro sahəsində çalışmış, özünün dediyi kimi, "15 il metroda can qoymuş” hüquq müdafiəçisi, Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında bildirdi ki, dünya ölkələrində metroda təhlükəsizliyin təmin edilməsi məqsədilə bir çox vasitələrdən istifadə olunur:
- Onlardan biri də şüşə arakəsmələrdir. Bizdə isə hələ də metro nəzarətçiləri "ay yoldaş, xətdən kənara çəkil” deyə bağırırlar. Bu şüşə arakəsmələr platformada elə quraşdırılır ki, qatar platformaya çatıb dayananda vaqonların qapısı şüşə arakəsmələrin qapısı eyni nöqtədə olur, yəni qapılar paralel şəkildə dayanır və vaqonların qapısı açılanda şüşə arakəsmələrin də qapısı açılır. Sərnişinlər də tam təhlükəsiz vaqona daxil olurlar. Bakı metropliteninin keçidlərlə birgə 23 stansiyası var. Şüşə arakəsmələri etmək cüzi vəsait tələb edən işdir. Bakı metropoliteninin Moskva metrosu kimi 100-ə yaxın stansiyası yoxdur ki, bu, çətin bir iş olsun. Bunu asanlıqla icra etmək mümkündür.
Dünyada metropoliten ən müasir ictimai nəqliyyat növüdür. Və artıq çoxdan elektron idarəolunma sisteminə keçilib. Təsəvvür edin ki, Bakı metrosu Nyu-York metrosunun heç 1000-də birini təşkil etmir. Nyu-Yorkda da, Parisdə də metronun hərəkətində elektron sistemə keçilib. Bakı metrosuna dövlət tərəfindən külli miqdarda vəsait ayrılır, yeni stansiyalar tikilir, bəzədilir, amma nə hərəkətdə müasir idarə sistemi var, nə də ümumiyyətlə, müasir infrastruktur. Bizimkilər yenilik, müasirlik deyiləndə, ticarət köşklərini sökmək və ya yeniləməyi nəzərdə tuturlur. London metrosu ən qədim metrolardan biridir, 1863-cü ildə tikilib. London metrosunda xırda ticarət köşkləri var.
Paris metrosunda, baxmayaraq ki, onun da tarixi qədimdir, platformalar ensizdir, dardır, orada platformalarda su, buterbrod avtomatları quraşdırılıb. Və bunlar sərnişinlərin hərəkətinə heç bir maneə törətmir. Əksinə, sərnişin su istəyirsə, su içir, buterbrod istəyən alıb yeyir. Ticarət köşkləri deyiriksə, bu, univermaq açmaq anlamına gəlməməlidir. Dünyanın əksər ölkələrində ictimai nəqliyyatdan sosial reklam vasitəsi kimi istifadə olunur. Bizdə də belə olmalıdır. Son zamanlar bu sahədə irəliləyiş var. Bu da çox yaxşıdır.
Platformada divarların boş qalmasındansa, hansısa maarifləndirici, sosial və ya lap olsun kommersiya xarakterli, amma təbii ki, abırlı reklam lövhələrinin olmasının heç kimə ziyanı yoxdur.
Məlahət Rzayeva