Bəlkə o qız ləkəsiz idi?!
Qatil atanı “qızın Bakıda pozğunluq edir” deyib qızışdıranlar da günahkardır
Bir cənub şəhərində namus qətlləri 21-ci əsrdə də baş verir. Sevimli kinorejissorumuz Eldar Quliyevin "Bir cənub şəhərində” filminin əsas süjet xətti yadınızdadırmı? Bacısı ilə evlənməyə hazırlaşan, amma sonra başqa qızı evinə gətirən dostunu bıçaqlayır. Öz istəyi ilə yox, anasının, qonşuların, tin uşaqlarının tənəsi altında.
Görəsən, Masallı rayonundan Bakıya gəlib 27 yaşlı qızını qətlə yetirən ata kimlərin tənəsi, sözü, eyhamı, göndərişi ilə bu cinayəti törədib?
Rəyini soruşduğumuz hüquq müdafiəçilərinin toxunduğu ilk məsələ məhz bu oldu; atanı kim "qızışdırıb” övladının üzərinə göndərib?
Bir az əvvələ qayıdaq.
Paytaxtın Yasamal rayonunda qətl hadisəsi baş verib. Bu barədə "Sputnik Azərbaycan” Yasamal Rayon Polis İdarəsinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 23-ü günorta saatlarında "20 Yanvar” metrostansiyası yaxınlığında, H.b.Zərdabi küçəsində Masallı rayonu kəndlərindən birinin sakini, 57 yaşlı Eldar Həsənov 27 yaşlı qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ata polisə təslim olub və qızını namus üstə öldürdüyünü etiraf edib. Ata ifadəsində deyib ki, qızının pozğunluqla məşğul olduğu qulağına çatıbmış, buna görə də onu cəzalandırmaq üçün kənddən şəhərə gəlib. E.Həsənov şərəf və ləyaqətinin ləkələnməsini qanla yumağı qərara alıb. Hazırda Yasamal Rayon Prokurorluğunda faktla bağlı AR CM-nin 120-ci maddəsi ilə (qəsdən adamöldürmə) cinayət işi açılıb.
"Namus qoruyucusu”nun mühakiməsi...
Baş vermiş hadisənin hüquqi müstəvidə necə araşdırılacağı məsələsinə keçməzdən öncə, dünən yekunlaşmış başqa bir məhkəmə prosesi haqqında məlumat verək. Yasamaldakı hadisə ilə çox oxşardır, o səbəbdən.
Bu hadisədə qayınata namus qoruyucusu rolunda çıxış edib.
Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Seyidmalik Məmmədovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi dünən başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Seyidmalik Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror çıxışında Seyidmalik Məmmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Xatırladaq ki, Seyidmalik Məmmədov özünü təqsirli bilib. Məhkəmədə sərbəst ifadə verən 60 yaşlı kişi bildirib ki, istintaqda nə yazılıbsa, düzdür: "Qızı başqası ilə tutdum və öldürdüm. Cinayəti namus üstündə törətmişəm”.
Qeyd edək ki, qətl ötən il Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu gəlini Aysel Məmmədovanı qətlə yetirib. Məlumata görə, S.Məmmədov hadisədən bir neçə gün əvvəl həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub.
S.Məmmədov onlara Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.
Həmin hadisədən sonra qonşuluqda yaşayan şəxs Bakını tərk edib. Gəlini isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.
Övlada əl qaldıran atanı...
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Şərq”ə açıqlamasında Yasamal rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı təqsirsizlik prizumpsiyasının pozulduğunu dedi:
- Şəxsin təqsirli olub-olmadığını yalnız məhkəmə təyin edir. Atanın 27 yaşlı qızını məhz pozğun həyat tərzi keçirdiyinə görə öldürdüyü nəylə sübut olunub? Sübut olmadan, hadisənin həqiqətən hansı səbəbdən baş verdiyi bilinmədən, təsdiqlənmədən bir insan haqqında "pozğunluq edirdi” demək o insanın haqqını, hüququnu tapdalamaqdır. Bəlkə o qız təqsirsizdir? Bəlkə şəhərə gəlib iş tapıb işləyirmiş, gecə saatlarında evə qayıdırmış, bəlkə iş yoldaşı onu ötürürmüş? Bəlkə o qız ər evində, yaxud ata evində zorakılığa məruz qalırmış, günü qaraymış? Axı biz bunların heç birini bilmirik, bunların heç biri ilə bağlı araşdırma aparılmayıb, qızın qonşuları, kənd camaatı dindirilməyib. Atanın "qulağıma çatdı ki, qız pozğunluq edir, gəldim namusumuzu təmizləyim” deməsi ilə indi az qala bütün respublika o qızı pozğun kimi qəbul edir. Bu nə dərəcədə doğrudur? Övlada əl qaldırmaq həm günahdı, həm də cinayətdi. Onsuz da ömrü boyu bu hadisə o ataya tənə olacaq. Elə atanı Allah öldürsün! O qızın 27 yaşı vardı. Həddi-büluq yaşını çoxdan atlatmış bir insan idi. Nə bilirik, bəlkə həyatını yenidən qurmaq üçün şəhərə gəlmişdi? O ata bu hərəkətiylə qızına ləkə vurdu. Bəlkə də qızı günahsız idi, ləkəsiz idi. Amma artıq hər kəs o qızı günahkar, ləkəli hesab edəcək. Məncə, bu hadisə ciddi şəkildə araşdırılmalıdır ki, ata niyə qızını öldürüb. Ola bilər bu qətl başqa bir cinayəti ört-basdır etmək üçün törədilsin. Ola bilər ata həmin anda içkili vəziyyətdəymiş. Hər şey mümkündür. Ancaq təəssüf ki, bəzən hüquq-mühafizə orqanları da namus məsələsi ortaya çıxanda ehtiyatlı davranırlar. Cinayət törədənlərin bilərəkdən, düşünülmüş tərzdə namus pərdəsinə büründüyünün fərqinə varmırlar.
M.Qəhrəmanlı alternativ araşdırmalar aparılmadığından gileyləndi:
- Təəssüf ki, bu cür hadisələr zamanı alternativ kriminal araşdırmaların şahidi olmuruq. Alternativ hüquqi araşdırmalar, vətəndaş məhkəmələri oxşar situasiyalarda bəzən hətta hüquq-mühafizə orqanlarının da köməyinə çatır. Qızın ailəsinin yaşadığı kəndə səfər etmək, qonşularla danışmaq, vəziyyəti kənardan müşahidə etmək həqiqətin ortaya çıxmasına yardımçı olar. Sosial şəbəkələrə gəlincə, bəzən sosial şəbəkələrdə açılan müzakirələr də həqiqətin ortaya çıxmasına səbəb olur. Bununla belə, həqiqəti bilmədən kimsə kimisə qınamamalı, ağır ifadələr işlətməməlidir. Əxlaqa xələl gətirəcək yazılara, şərhlərə isə qadağa qoyulmalıdır.
Atanı affekt vəziyyətə kim salıb?
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da belə hesab edir ki, atanı qızının üzərinə göndərən şəxslər mütləq aşkarlanmalıdır:
- Ata "qulağıma çatıb ki, qız fahişəliklə məşğuldur” deyirsə,bunu danışan adamlar mütləq aşkarlanmalıdır. Müəyyənləşməlidir ki, atanı affekt vəziyyətə salıb qızının üzərinə göndərənlər kimlərdir. Çünki bu cinayətin törədilməsində onlar da günahkardır. Buna hüquqi dildə cinayətə təhriketmə deyilir. O şəxslər tapılmalı və hüquq qarşısında cavab verməlidirlər. Qızın 27 yaşı vardı. O artıq formalaşmış, müstəqil şəxs idi. Amma bizim əhalidə "övlad 50 yaşında olsa da, yenə uşaqdır” stereotipi çox güclüdür. Valideynlər yaşlı-başlı övladlarının da onların sözü ilə oturub-durmasını tələb edirlər. Digər tərəfdən, hələ heç kim qərar verə bilməz ki, o qız həqiqətən pozğun həyat tərzi keçirirmiş. Bunu sübut etmək lazımdır. Bəlkə də ata qızını nahaqdan öldürüb, qızın günahı yoxuymuş. Belədirsə, ata törətdiyi əməlin cəzasını ömrü boyu çəkəcək. Cəzasını çəkmək bir yana, ömrü boyu övlad qatili adını üzərində daşıyacaq.
M.Zeynalova 27 yaşlı qızın zorakılığa məruz qalmaqla bağlı nə vaxtsa polisə müraciət edib-etmədiyinin də müəyyənləşdirilməsini vacib sayır:
- Müəyyən etmək lazımdır ki, o xanım ailədə zorakılığa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edibmi? Ailə münaqişəli ailə kimi qeydiyyatda olubmu? Hüquq-mühafizə orqanlarına müraciət əsasında xanım sosial xidmət paketlərinə - məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, insan haqları təşkilatları, sığınacaqlara yönləndirilibmi? Çünki zərərçəkənlər oxşar hallarda belə sosial xidmət paketlərinə istiqamətləndirilməli, zorakılığın səbəbləri, zorakılıq törədən və zorakılığa məruz qalan tərəflər bilinməlidir. Bəzən zamanında atılmayan addımlar sonradan faciələrə gətirib çıxarır.
Məlahət Rzayeva