Mühacirlərin “Bildiriş” qəzeti...

Bu nəşr Azərbaycan davasını istiqlala çatdırmaq üçün yola çıxmışdı



Azərbaycan mühacirət tarixinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Məlum olduğu kimi, 1920-ci ilin aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. 23 aylıq mövcudluğu dövründə Cümhuriyyət milli-demokratik dövlətin qurulmasında, milli şüurun oyanmasında, müstəqilliyin siyasi, hüquqi və mənəvi baxımdan təminində əhəmiyyətli rol oynadı. Qısa zaman ərzində milli ordunun yaradılması, Azərbaycanın ərazi bütövlüyünün qorunması, azad mətbuatın inkişafı, ictimai-siyasi həyatın bütün sahələrində demokratiyanın bərpası böyük tarixi hadisə idi.

Aprel işğalından sonra Azərbaycan xalqı bolşevik rejimi və işğalçılıq siyasəti ilə razılaşmadı. İlk günlərdən başlayaraq, gizli təşkilatların yaradılması, müqavimət hərəkatının güclənməsi sübut etdi ki, Azərbaycan xalqı bolşeviklərin işğalı ilə barışmayıb, təcavüzə qarşı ciddi mübarizə aparıb. Eyni zamanda mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin və Əlimərdan bəy Topçubaşovun xidmətləri sayəsində azərbaycanlı mühacirlərin fəaliyyəti sistemli olaraq daha da güclənib. 1923-cü ilin sentyabr ayında İstanbulda "Yeni Qafqaziya” jurnalının nəşrə başlaması ilə Azərbaycan mühacirət mətbuatının əsası qoyulub. Sonradan Türkiyənin İstanbul və Ankara şəhərlərində, Almaniyada, Polşada, Fransada çoxlu sayda qəzetlər, jurnallar, kitablar nəşr edilərək mühacirət mətbuatımızın dəyərli nümunələri olub. Mətbuat orqanlarında Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənətu və folkloru ilə bağlı yazılar çap edilib. Lakin sovet rejiminin mövcudluğu şəraitində bu qəzet və jurnalların Azərbaycana gətirilməsi və təbliği qeyri-mümkün olub. Yalnız 1991-ci ildə SSRİ rəsmi olaraq dağıldıqdan sonra ölkəmizin tarixinə yeni baxışlar sistemi formalaşıb. Nəticədə bu istiqamətdə obyektiv araşdırmalar, tədqiqatlar ortalığa qoyulub. Məlumdur ki, Azərbaycan mühacir mətbuatının ən geniş yayıldığı ölkə Türkiyə idi. Bu da səbəbsiz deyildi. Bolşeviklərin təqib və təzyiqlərindən qurtarmağa çalışan bir çox mühacir həmvətənlərimiz məhz qardaş ölkəyə üz tuturdular. Azərbaycanlı mühacirlər tərəfindən əsası qoyulan və Türkiyədə işıq üzü görən mətbu orqanlar içərisində "Yeni Qafqaziya”, "Azəri türk”, "Bildiriş”, "Türk yolu”, "Yaşıl yarpaq”, "Odlu yurd”, "Azərbaycan yurd bilgisi”, "Türk izi”, "Azərbaycan”, "Mücahid”, "Türk birliyi” və başqalarını göstərmək olar.


Azərbaycan mühacir mətbuatının irəliləməsində böyük xidmətləri olan, ölkə hüdudlarından kənarda nəşr olunan bir çox qəzet və jurnala redaktorluq etmiş Mirzə Bala Məmmədzadənin rəhbərliyi ilə İstanbulda çıxan qəzetlərdən biri də "Bildiriş” qəzeti idi. İlk siyasi həftəlik qəzet olan "Bildiriş” 1930-cu ilin 7 avqustunda nəşr olunmağa başlayıb. Qəzetin ilk sayının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal olub. Lakin qəzetin 45-ci sayından etibarən məsul müdir vəzifəsini B.Süleyman, 56-cı saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdirliyi Mirzə Bala Məmmədzadə yerinə yetirib. "Orhamiyyə” mətbəəsində nəşr edilən qəzet 37-ci sayından başlayaraq, "Öztürk” mətbəəsində nəşr edilib. Qəzet həftədə bir dəfə cümə axşamı dörd səhifədən ibarət olaraq nəşr olunurdu. Son sayı 1931-ci il 10 sentyabr tarixinə aiddir.

M.B.Məmmədzadədən başqa "Bildiriş” qəzetinin səhifələrində Məhəmməd Əmin Rəsulzadənin, Krımlı Cəfər Səid Əhmədin, B.E.Ağaoğlunun, H.Ovçuköylünün, Murskinin və başqırdıstanlı Abdulqadirin imzalarına rast gəlmək olar. Milli Azərbaycan davasını istiqlala çatdırmaq məqsədilə yola çıxan "Bildiriş” qəzetinin ilk sayındakı baş məqalədə qəzetin məqsəd və siyasəti aşağıdakı kimi izah olunurdu: "Bu gündən etibarən hər həftə müntəzəm çıxacaq olan "Bildiriş” qəzeti; yaxın, orta və uzaq Şərqdə, əsasən türk dünyasında cərəyan edən siyasi, milli, harsi və ictimai hərəkətlər haqqında ətraflı məlumat verməklə türk əfkarı ümumisini aydınlatmağa çalışacaqdır. Türk dünyasının yeganə müstəqil dövləti və Şərqin yeganə Cümhuriyyəti olan Türkiyədəki aləmşumul islahat hərəkətini qiymətləndirməklə "Bildiriş” bu xüsusda və Türkiyənin əsas iqtisadi, harbi, ədəbi və ictimai yenilikləri haqqında oxucularına məlumat verəcəkdir. 

"Bildiriş” Azərbaycan, Türküstan, Ural, Şimali Qafqazya, Krım, Gürcüstan və Ukraynada cərəyan edən hadisələri bildirməklə bərabər Sovet Rusiyasına aid siyasi, iqtisadi, ictimai həyat səhifələrini göstərən olaylar haqqında oxucularını məlumatlandıracaqdır. İran, Əfqan, Hind kimi Şərq məmləkətləri haqqında məlumat verəcəyi kimi, Misir, Suriya, Fələstin, Hicaz kimi Ərəb dünyasındakı hadisələrə də öz sütunlarında yer verəcək. Avropada cərəyan edən mühüm havadisi çatdırmağa çalışacaqdır. Verəcəyimiz məlumat, türk millətinin ana beşiyi olan qardaş Türkistana, Türkistanla Anadolu arasında uzanan zəngin və gözəl Azərbaycana, Xəzər imperatorluğuna, Kazanla Başqırdıstandan ibarət Edil Ural Türklüyünə, Qara dənizin şimalında Anadolu ilə qarşı-qarşıya duran sevimli və gözəl Krıma və şimali Qafqazyaya aid olacaq. 40 milyon türkün yaşadığı bu ərazidə cərəyan edən hadisələri, milli istiqlal mücadilələrini təsvir edəcəkdir”. Məlumat üçün deyək ki, qəzet əvvəl xəbər vermək məqsədi ilə fəaliyyətə başlayıb. Qəzetin ilk sayında Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan, Ermənistan Kommunist firqələrinin 6-cı konfransı haqqında məlumat, Sovet Rusiyasındakı ümumi vəziyyətlə bağlı yazılar verilib. "Son xəbərlər” guşəsində Qarabağın Zəngəzur bölgəsində baş verən üsyandan danışılıb. Hüseyn bəyin başçılıq etdiyi partizanların Qızıl Ordu hissələrini məğlub edib silahlarını aldığı bildirilib. "Beynəlmiləl həyat” başlığında verilən yazılar da diqqəti cəlb edir. Yaqub Qədri bəyin "İki qütb” adlı yazısı maraqlı və məzmunluluğu baxımından seçilir. "Velikorus şovinizmi haqqında Stalin nə deyir?” başlıqlı yazıda isə Kommunist Partiyasının 16-cı qurultayında Stalinin "rus kommunistlərinin qeyri-rus millətlərə qarşı qüvvətli bir şovinizm bəslədiklərini” qeyd etdiyi göstərilir. Qəzetin "Sürülən köylülər” başlığındakı yazıda bildirilir: "Krımdan gələn son xəbərlərə görə, Ural dağlarına iyirmi beş mindən artıq kəndli sürgün edilib. Sürgün edilənlərin çox qismi əmlak və əraziləri əllərindən alınaraq, səfil və pərişan buraxılan köylülərdir”. Qəzetin ilk sayında "İranda”, "Şimali Qafqaziyada” "Millətlər cəmiyyəti” başlığı altında məqalələr, informasiyalar toplanıb. Qəzetin 9-cu sayından başlayaraq B.Ağaoğlunun "Solovkidə gördüklərim” başlığı ilə silsilə yazıları verilib. Solovki həyatını yaşamış bu azərbaycanlı sovet həbs düşərgələrinin dəhşətlərindən, insanların əzablar içərisində saxlandığından yazır. "Solovkidə gördüklərim” yazılarında "buzlu cəhənnəmdə” dünyasını dəyişən çoxlu həmvətənlərimizin adları verilib. Qəzetdə Azərbaycanda baş verən silahlı üsyanlar, partizan hərəkatları ilə bağlı geniş yazılar verilirdi.

"Birdiriş” özündən əvvəlki mətbu orqanlar kimi istiqlal uğrunda mübarizədə gərgin fəaliyyət göstərib: "Bundan on il əvvəl Azərbaycan Milli Şurasının meydana atdığı istiqlal və cümhuriyyət fikri qətiyyən ölməmiş və ölə də bilməz. O daima yaşayır və bir gün yenə təhəqqüq edəcəyinə qətiyyən şübhə yoxdur. On bir ildən bəri davam edən mücadilə, verilən saysız qurbanlar bunun dəlilidir”.
Azərbaycana müraciət olunaraq yazılan Y.Əlinin "Müztərip vətənimdə” adlı məqaləsində belə deyilirdi: "On illik mücadilə həyatında qatlanmadığın azar, görmədiyin vəhşət və məzalim qalmadı. Min-bir işgəncəyə məruz qaldın, qalırsan və bəlkə daha da qalacaqsan. Nə üçün? Məfkurənin çətin yolunda irəliləyir, istiqlalını istəyirdin, hələ də istəyir və ilələbəd istəyəcəksən. Çünki şüarın hür və müstəqil yaşamaqdır”.

"Bildiriş” qəzeti azərbaycanlı mühacirlərin Türkiyədə çıxardıqları sonuncu siyasi yönümlü mətbuat orqanı idi. Qəzetdəki yazılar məzmun və xarakterinə görə fərqlənsə də, əsasən Azərbaycandakı proseslərə, xalqın öz istiqlalının bərpası uğrundakı mübarizəsinə diqqət yetirilirdi. Qəzetdə Ağabəyov adlı bir azərbaycanlının silsilə olaraq nəşr edilən kitabı böyük maraq doğururdu. Məlum oldu ki, Ağabəyov 1920-ci ildən 1930-cu ilə qədər Moskvada QPU-nun xarici şöbəsinin Şərq bölməsi rəisi vəzifəsində çalışıb. O, bu kitabında "OQPU” haqqında, Rusiyada yaşayan türklər və Qafqaza, Türkiyəyə, İrana, ərəb məmləkətlərinə aid faktlar göstərir. Bu məlumatlar içərisində Ənvər Paşa ilə Leninin əlaqələri, Türküstan üsyanı, Ənvər Paşanın ölümü, "OQPU”-nun təşkilat quruluşu, Müsavat Partiyasına mənsub məktubların izlənməsi kimi informasiyalar diqqət çəkir. "Bildiriş” qəzetində Tərtər, Zaqatala, Şuşa üsyanları və sovet hökuməti əleyhinə olan xalq etirazları ilə bağlı da məlumatlar var.
"Bildiriş”də yazılırdı ki, 1929-cu ilin sonlarından Azərbaycanda kütləvi kəndli üsyanları alovlandı. Üsyan Azərbaycanın bütün vilayətlərini bürüdü. Bu üsyanların başlıca səbəbləri isə bu idi: zorla ruslaşdırma və "kollektivləşdirmə”. Qəzet qeyd edirdi ki, sovet hökumətinin 1928-1929-cu illərdə keçirdiyi seçkilər də əhalidə gərginlik yaradıb. Ziyalılar, ortabablar, tacirlər seçkiyə buraxılmırdılar. Bunun nəticəsində kəndlilər bir çox yerlərdə seçki komissiyalarını dağıtmışdılar. "Bildiriş” qəzeti Azərbaycandakı partizan hərəkatlarının davamı ilə də bağlı məlumatlar yazırdı. Gəncəbasarda, Ağdamda, Qazaxda, Naxçıvanda, Lənkəranda, Qubada olan partizanlar mövcud rejimə qarşı çıxır və xalq tərəfindən dəstəklənirdilər. Mətbu orqanın məlumatına görə, sovet hakimiyyəti Azərbaycanı ruslaşdırır, milli kadrları mühüm vəzifələrə yaxın buraxmırdı. Nəşrdə göstərilirdi ki, dövlət idarələrində çalışan türklərin ruslara olan nisbəti yüzdə 5, yüzdə 9, yüzdə 14, bəzi yerlərdə yüzdə 31 olub.


"Bildiriş”in yazdığına görə, Azərbaycanı türklərdən təmizləmək siyasəti yeridən Moskva 1931-ci ildə ermənilərin Qafqaza, o cümlədən, Dağlıq Qarabağa qayıtmasına dair qərarını pisləyirdi. Qəzet bildirirdi ki, öz xalqının milli istiqlalı uğrunda mübarizə aparan insanları sovet hökuməti həbs edir, güllələyir və uzaq Sibirə, Solovki adalarına göndərir. "Bildiriş”də çap edilən yazıları mövzusuna görə belə qruplaşdırmaq olar: 1. Yaxın və Uzaq Şərqdə baş verən hadisələrlə bağlı yazılar. 2. Türk dünyası ilə əlaqəli məqalələr. 3. Qafqazla bağlı yazılar. 4. Azərbaycanda baş verən hadisələrlə ilgili məlumatlar. 5. Azərbaycanın Milli İstiqlal tarixi ilə əlaqəli yazılar. 6. Sovet dövlətinin və Kommunist Partiyasının yürütdüyü siyasətin tənqidi. Qeyd edildiyi kimi, "Bildiriş” qəzetinin yalnız Azərbaycanda deyil, eləcə də, yaxın və Uzaq Şərqdə, əsasən də türk dünyasında baş verən siyasi, milli, mədəni hadisələr haqqında məlumatlar verməsi çox əhəmiyyətli idi.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb