Əhməd Qəşəmoğlu: “Turistləri aldadıb pullarını mənimsəyən insanları tapmaq mümkün olsa, onları inzibati Xətalar Məcəlləsi ilə cəzalandırmaq lazımdır”
Turist axını hər bir ölkənin gəlirlərini artırır
Təəssüf ki, onlara qarşı bəzən xoşagəlməz hadisələr baş verir
Əhməd Qəşəmoğlu: “Turistləri aldadıb pullarını mənimsəyən insanları tapmaq mümkün olsa, onları inzibati Xətalar Məcəlləsi ilə cəzalandırmaq lazımdır”
Əhməd Qəşəmoğlu: “Turistləri aldadıb pullarını mənimsəyən insanları tapmaq mümkün olsa, onları inzibati Xətalar Məcəlləsi ilə cəzalandırmaq lazımdır”
Son illər Azərbaycanda turist axını müşahidə olunur. Ölkəmizə gələn turistlər arasında xüsusilə də ərəb ölkələrindən və İrandan olan turistlərin sayı çoxluq təşkil edir. Bunun şahidi olmaq üçün Bakı şəhərinin mərkəzi küçəsi olan Nizami küçəsinə çıxmaq, ya da şəhərdə yerləşən böyük ticarət mərkəzlərinə baş çəkmək kifayət edər.
Bu turist axını isə dövlət büdcəsinə milyonlarla vəsait daxil olmasına gətirib çıxarır. Bəs, turist axını fərd olaraq insanlara nə kimi xeyir verib? Sosial şəbəkələrdə paylaşılan fikirlərdən belə çıxır ki, taksi sürücüləri və bələdçilər dövlətdən daha çox gəlir əldə edib? Taksi sürücüsü var ki, ərəb turisti "28 may” metrosundan "Sahil” metrosuna 300 manata aparır.
Qubanın Qəçrəş kəndində isə ərəb turistlə azərbaycanlı gənc ağacın kölgəsinə pul ödəməyə görə mübahisə edib. Həmin yerdə somavar çayı satan gənc ərəb turistdən ağacın kölgəsinə görə 5 manat pul tələb edib. Bu da turistin narazılığına səbəb olub.
Bu hadisəyə münasibət bildirən Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə qeyd edib ki, görüntülərə baxan zaman məlum olur ki, həmin insan ağacın altında oturmaq üçün ərəbdən pul tələb etməyib: "Müəyyən xidmətə görə pul tələb edib. Videodan görünür ki, turistlər masa arxasında oturduğu üçün bu, hansısa sahibkarın xidməti deməkdir. Həmin kadrda əks olunan görüntülər xidmət haqqının tələb olunmasını əks etdirir. Bu sahədə əsas problem ondan ibarətdir ki, xidmət göstərilən yerlərdə, xüsusən regionlarda qiymətlər göstərilmir. Bu da narazılıq yaradır”.
K.Quluzadə deyib ki, bəzi insanlar turistlərə qarşı narazılığı ümumiləşdirib qabardırlar. Dövlət Turizm Agentliyi sosial şəbəkələr və KİV vasitəsi ilə maarifləndirmə işi aparmağı planlaşdırır. Təcrübə belədir ki, turizmi inkişaf etdirmək istəyən ölkələrdə hər bir vətəndaş bu sahənin faktiki iştirakçısı olur: "Bu sahədə maarifləndirmə işi aparılmalıdır, xidmət səviyyəsində də bu nəzərə alınmalıdır. Ölkəsini turizm mərkəzi kimi görmək istəyən vətəndaş özgəlik göstərməməlidir.
Yol göstərmək, gülümsəmək, xidmət etmək təkcə dövlət qurumlarının, o cümlədən Dövlət Turizm Agentliyinin işi deyil. Bu, hamının işidir. Elə hallar olub ki, turistlər yolu soruşanda, onlardan pul istəyiblər. Düzdür, bunlar fraqmental hadisələrdir, amma olmaması yaxşıdır. Əsas məqsəd odur ki, biz turisti məmnun salaq”.
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bildirib ki, insanların turistlərə qarşı bu cür hərəkət etməsinin səbəbi normal iş tapa bilməmələridir: "Təəssüflər olsun ki, insanlar normal iş tapıb, halal maaş almağın yerinə, bu cür asan yollarla pul qazanmağa çalışırlar. Bunların qarşısını almaq mümkün deyil. Vətəndaşlarımızın bu cür davranışı xoşagələn deyil. Bu cür hərəkət etmək ölkəmizin imicinə mənfi təsir göstərir”.
Nahid Bağırov qeyd edib ki, turistlərə qarşı bu cür hərəkətlərə görə dövlət tərəfindən maarifləndirici təbliğat aparılmalıdır:
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu sahədə maarifləndirmənin əsas yükü Turizm Agentliyinin və televiziyaların üstünə düşür: "Ölkə vətəndaşları olaraq bizim hər birimiz Azərbaycana turist axınının stimullaşdırılmasına çalışmalıyıq. Turist axını həm ölkənin maliyyə gəlirlərini artırır, həm də ölkəmizin tanınması baxımından əhəmiyyətlidir. Hansı ölkəyə turist çox gəlirsə, bu, həmin ölkə üçün müsbət hadisə hesab olunur. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanda turizm mədəniyyəti lazımi qədər formalaşmayıb. Bunun üçün Azərbaycan iqtisadiyyatı və mədəniyyəti üçün turist axınının əhəmiyyətini vətəndaşlara aşılamaq lazımdır. Bundan əlavə bizim dinimiz də qonağa qarşı xoş münasibəti diqtə edir”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, Turizm Agentliyi televiziyalar və turizm şirkətləri ilə birlikdə ortaq layihələr hazırlayıb turizmin mahiyyəti ilə bağlı tədbirlər keçirməlidir: "Turizm şirkətlərinin özləri isə onların vasitəsilə ölkəyə gələn turistlərlə söhbət edib, ölkənin mədəniyyəti, davranış qaydaları ilə bağlı ətraflı məlumat verməlidirlər. Sovet vaxtında Azərbaycan Yazıçılar İttifaqının xətti ilə SSRİ-ni başdan - ayağa gəzmişəm. Bizi qəbul edən yerli nümayəndəlik yerli əhalinin spesifik xüsusiyyətləri barədə məlumatlandırır”.
Sosioloqun fikrincə, turistlərə qarşı xoşagəlməz münasibət göstərən, onları aldadıb pullarını mənimsəyən insanları tapmaq mümkün olsa, onları inzibati Xətalar Məcəlləsi ilə cəzalandırmaq lazımdır. Maarifləndirmə ilə yanaşı inzibati tədbirlərin həyata keçirilməsi bu sahədəki özbaşınalıqları müəyyən qədər azalda bilər.
Şəymən