Çimərliklər: İnsanların istirahəti bu məkanlarda “zəhərə” dönür





Çimərlik mövsümünün qızğın vaxtıdır. Xaricdə istirahət etmək imkanı olmayanların gümanı dənizə qalır. "Nə yaxşı ki, Xəzər də var...” deyib çimərliyə üz tuturlar. Sərinlənmək, dincəlmək üçün. Amma çimərliklərdə elə qiymətlərlə qarşılaşırlar ki, sərinlənmək əvəzinə, alışıb yanırlar. Su, meyvə şirəsi, "Cola”nın baş döndürən qiymətləri hələ nədi ki!.. Kölgəni də pulla satırlar. Çətirin altında əyləşmək istəyirsənsə, 10 manat ödəməlisən. Şəxsi avtomobillə getmisənsə, maşını saxlamaq üçün yer haqqı verməlisən. "Lejanka” 10 manat, masa və kətillər də 10 manat. Hətta insanlara özü ilə yemək gətirməyi qadağan edən çimərlik sahələri də var. Gərək mütləq çimərliyin daxilindəki yeməkxanada nahar sifariş edəsən. İnsanlar çimərliklərdə basqı altında qalır. İstirahəti "zəhərə” dönür.

Milli Məclisdə bu məsələlər dəfələrlə gündəmə gətirilib. Millət vəkilləri dəniz kənarının hasarlanmasından, insanların dənizdən istifadəsinə maneələr yaradılmasından, çimərlik mövsümündə vətəndaşların möhtəkirlərin girovuna çevrilməsindən danışıblar. Təəssüf ki, aparılan müzakirələrin heç bir nəticəsi olmayıb. Yenə eyni vəziyyət, eyni problemlər qalır.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən millət vəkili Fazil Mustafa problemin həllini alternativ istirahət imkanlarının yaradılmasında görür:

- Əvvəla onu deyim ki, Bakının turistik məkan olması, dəniz kənarında yerləşməsi sahibkarlıq fəaliyyəti üçün o qədər də geniş imkanlar açmır. Bu səbəbdən ki, iqlim şəraitindən dolayı bizdə çimərlik mövsümü gec başlayıb, tez bitir. Havaların küləkli keçməsi çimərlik mövsümündən gözlənilən qazancı əldə etməyə imkan vermir. Məsələn, Antalyada 2 ay əlverişli şərait olduğu halda Abşeron çimərliklərində üst-üstə 15-20 gün əlverişli imkan yaranır. Sahibkarlar da qoyduqları vəsaiti qazanmaq üçün qiymətləri qaldırırlar. Nəticədə belə bir bərbad vəziyyət yaranır. Çimərliklərdə xidmət mədəniyyətinin aşağı olması insanları xarici ölkələrə səfərə çıxmağa sövq edir. Ümumi davranış qaydaları, etika səviyyəsi də aşağıdır. Burada çıxış yolu insanlara alternativlərin təqdim edilməsidir. Deyək ki, az imkanlı ailələr üçün 1-5 kilometrlik ərazidə, sərbəst bir zonada ümumi çimərliklər yaradıla bilər. Əhalinin imkansız təbəqəsi, aztəminatlı ailələr bu çimərliklərdən istifadə edər. Vətəndaş özü ilə evindən suyunu götürər, yeməyini götürər, xərci də az çıxar. Yoxsa, vətəndaşın qarşısına şərt qoymaq ki, özünlə yemək gətirə bilməzsən, gərək bizim xidmətlərimizdən istifadə edəsən, bu, insan hüquqlarının pozulmasıdır. Bunu ona görə edirlər ki, qazanc əldə etsinlər. Siz gedib o kababların bişirildiyi yerə, suların saxlandığı şəraitə baxsanız, dəhşətə gələrsiniz. Yəni, Azərbaycan insana qayğının bərbad olduğu bir ölkədir. Kimisi bir xətt çəkib, deyir "bura mənimdir”, orada istədiyi kimi davranır. Bəzən çimərliklərdə elementar duş, soyunma yerləri, tualet də tapmaq olmur. Bu insan 5-6 saat dəniz kənarında olur, bu müddət ərzində neyləməlidir? İnsanlar sanki yabanı şəkildə istirahət edirlər. Buna istirahət demək mümkünsə. Bu, sadəcə, suya girib sərinlənməkdir. Özəl, ödənişli çimərliklərlə yanaşı, ümumi çimərliklər də olmalıdır ki, insanlar dəniz istirahətindən istifadə edə bilsinlər. İnsanları dənizdən məhrum etmək anormallıqdır, barbarlıqdır. Dənizə aparan yolların açılması lazımdır. Varlı, imkanlı şəxslər insanların yolunu kəsir. Bu cür vəhşi yanaşmalar bitsə, dəniz kənarı dövlətə böyük xeyir gətirər. Hətta dövlət sahibkara dotasiya da ayıra bilər. Dotasiya hesabına aztəminatlı ailələr də çimərliklərdən istifadə edər. Xarici ölkələrdə bu işlərlə əsasən bələdiyyələr məşğul olur. Bələdiyyələr istirahət məkanları təşkil edir, uşaqlar üçün əyləncə yerləri yaradır, təmizliyə nəzarət edirlər, xüsusi marşrutlar açırlar ki, insanları çimərliyə aparıb gətirsin. Bizdə belə imkanlar yoxdur.

F.Mustafa qeyd etdi ki, çimərlik sahələri ayrı-ayrı şəxslərin kurasiyasında olduğundan dövlət orqanları onların fəaliyyətinə müdaxilə edə bilmir, ya da müəyyən strukturlar haqlarını alıb gedirlər:

- Nəticə etibarilə sahibkar istədiyi kimi davranır. Qeyri-rəsmi qaydada spirtli içkilər də satırlar. Əslində, çimərlikdə spirtli içki satışı qadağan edilməlidir. Amma sahibkar tələbatı "əsas” gətirib satışı həyata keçirir və deyir ki, insanların istəyi budur. Halbuki çimərliyin birinci düşməni spirtli içkidir. İçkili vəziyyətdə dənizə girmək insanın özünü idarəetməsini çətinləşdirir, bədbəxt hadisələrin çoxu da bu səbəbdən baş verir. İçib başqasının ailəsinə, xanımına, qızına sataşırlar, dava düşür. Təsəvvür edin ki, FHN çimərliklərdə spirtli içki satışının qadağan olunduğunu bəyan edir, amma hər yerdə spirtli içki satılır. İnsanlarımızın istirahət mədəniyyəti səviyyəsi də aşağıdır. Sən dənizə istirahət etməyə gəlmisən, yoxsa kabab yeyib, araq içməyə?! Kababla dəniz biri-birilə heç cür uyğunluq təşkil etmir axı!..

İnsanlarda istirahət mədəniyyəti formalaşmalıdır. Üzgüçülüyü bilən də, bilməyən də özünü dalğaların qoynuna atır. Qadağan olunmuş ərazilərdə üzürlər. Qırmızı xətti görür, qadağa işarəsini görür, amma məhəl qoymur. Bəziləri hətta yersiz prinsip aparırlar ki, görək qadağan olunmuş sahəni keçdikdə kimsə bizə səslənəcəkmi. Bunlar hamısı insanlarımızın daxili mədəniyyət göstəricisidir.

Çimərliyin qaydaları

Qeyd edək ki, çimərlik mövsümünün qızğın olduğu bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev təhlükəsizlik qaydalarını açıqlayıb.

Qaydalarda göstərilir ki, ümumiyyətlə, istirahətə yollanan hər bir şəxs təhlükəsizlik qaydalarını öyrənməli, harda və necə çimmək lazım gəldiyini bilməlidir.

Çimərlikdə istirahət edən insanlar hansı qaydalara riayət etməlidir?

Birincisi, çimərlikdə 13 yaşdan aşağı uşaqları nəzarətsiz qoymaq olmaz.

Sərxoş halda çimərlik ərazisinə daxil olmaq və çimərlikdə spirtli içki qəbul edib suya girmək qadağandır!

Qadağan olunmuş yerlərdə çimmək olmaz!

Su obyektləri və onların sahillərini məişət və digər tullantılarla çirkləndirmək qadağandır!

Uşaqlara çimərlikdən yalnız valideynlərin müşayiəti ilə istifadə hüququ verilir.

Su hövzələrində, çimərlikdə qadağanedici xətlərdən uzağa üzmək qadağandır.

Çimərlik ərazisində balıq tutmaq və tor atmaq da olmaz.

Çimərlik ərazisinə qayıqların və kiçik həcmli gəmilərin daxil olması qadağandır.

Çimərlik ərazisində xilasedicilərin tələblərinə sözsüz əməl olunmalıdır!

Qaydaları pozmayın ki, dəniz də sizinlə mehriban davransın!

Məlahət Rzayeva