"Bu il sentyabr ayının 1-dən şəxsiyyət vəsiqəsi almaq istəyən, yaxud dəyişdirmək üçün müraciət edən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq olunacaq”.
Bu barədə "Sherg.az”a Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov məlumat verib.
O söyləyib ki, şəxsiyyət vəsiqəsini yeniləmiş şəxslər üçün əvvəlki vəsiqələr qüvvədə qalır:
"Etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqələrinin zərurət olmadığı halda yenilənməsinə ehtiyac yoxdur. Bir müddət əvvəl sürücülük vəsiqələrinin yenilənməsi zamanı elə situasiya yaranmışdı ki, vəsiqəsinin etibarlılıq müddəti bitməyən şəxslər belə yeni sürücülük vəsiqəsi əldə edirdilər. Amma bu, hər kəs üçün mütləq deyil. Bu hər kəsin könüllü atacağı addımdır”.
Yeni nəsil şəxsiyyət vəsiqələrinin əvvəlkilərdən fərqinə gəlincə, A.Allahverənov bildirib ki, bu sənədlərdə şəxsin biometrik informasiyalarını özündə saxlayan xüsusi çiplər olacaq:

"Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək.
Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək. Ona görə, yeni nəsil vəsiqələr funksionallıq baxımından daha əlverişli sənəddir”.
Qeyd edək ki, Milli Məclisin iyunun 29-u keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq, qəbul edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi üçün lazım olan avadanlıqların artıq ölkəmizdə olduğunu bildirib.
Aysel Aslan