Aqil Abbas: "Daim qaçqınların arasında, problemli ailələrin yanındadır"
"Rövşən Rzayev illərdir millət vəkili kimi xalqın içində olub, Qarabağ icmasının sədr müavini kimi çalışıb”.
Bunu "Sherg.az”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin yeni vəzifəsində gördüyü işlərdən danışarkən millət vəkili Aqil Abbas söyləyib.
O qeyd edib ki, R.Rzayev qaçqın və məcburi köçkünlərin problemlərini yaxından müşahidə edən, bunun həlli üçün lazım olan prosedurlarla tanış kadrdır:

"O, indiyə qədər də qaçqın və məcburi köçkünlərin problemləri ilə dolayısıyla maraqlanıb, həlli üçün çalışıb. R.Rzayevin özü də qarabağlıdır, əsli-nəsli Şuşadandır. Ətrafında qaçqın və məcburi köçkün ailələr çox olduğuna görə, bu problemləri bilən, ağrı-acını yaşayan insandır.
Bu imkan verir ki, qaçqın və məcburi köçkünlərin yaşayış problemləri barədə yaxından maraqlansın. Bir neçə aydır vəzifəyə təyin olunan R.Rzayev hələ bir dəfə də kabinetində oturmayıb. Daim qaçqınların arasında, problemli ailələrin yanındadır. Mütəmadi görüşələr keçirib, yığılıb qalmış problemləri həll etməyə çalışır.
Qaçqın və məcburi köçkün ailələrin problemləri kifayət qədər çoxdur. Zaman lazımdır ki, bu işin öhdəsindən layiqincə gəlinsin. İnanıram ki, R.Rzayev bu sahədə yüksək işlər görəcək”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sahədə tədbirlər həyata keçirməyə davam edir. Bu istiqamətdə iyulun 25-də Dövlət komitəsinin sədri Rövşən Rzayev Suraxanı rayonunun müxtəlif ərazilərində yerləşən 3 qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məskunlaşma vəziyyəti və yaşayış şəraiti ilə tanış olub.
Aysel Aslan