Professor meteohəssas insanlara SƏSLƏNDİ:"Nəfəs darlığından əziyyət çəkə bilərlər"






"Bakı küləkli şəhər olduğuna görə, iqlim az qala səhra şəraitinə yaxın, kontinental iqlimdir”.

Bunu "Sherg.az”a iyulun 27-də Abşeron yarımadasında günün bəzi saatlarda hökm sürəcək durğun və rütubətli hava şəraitindən qorunmağın yolları barədə danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O xatırladıb ki, Abşeron yarımadası qışda soyuq, küləkli, yayda isə anomal isti hava şəraiti ilə səciyyələnir:

"Bakı dəniz kənarında yerləşdiyinə görə, buxarlanma çox olur. Külək əsdikdə isti havanı, su buxarını bir qədər hərəkət etdirir müxtəlif istiqamətlərə qovur. Amma külək əsmədikdə durğunluq şəraitində havada rütubətlilik həddindən çox olur və insanların nəfəs alması, dəri tənəffüsü pisləşir. Nəticədə, uzun müddət belə situasiyada qalmaq çətin vəziyyət yaradır, orqanizmdə problemlər baş qaldırır. Hətta istivurma halı da müşahidə olunur.

Ev şəraitində rütubətliliyi ölçmək üçün xüsusi cihazlardan istifadə oluna bilər. Yaxşı olar ki, meteohəssas insanlar havadakı nəmişliyə diqqət etsinlər. Durğun hava şəraitində sərinkeşlərdən istifadə edilməlidir. Evdə rütubətin normal saxlanmasına xüsusilə ehtiyac var. Çünki yaşlı insanlar, hamilə qadınlar, uşaqlar rütubətli hava şəraitində nəfəs darlığından əziyyət çəkə bilərlər. Məsləhət görürəm ki, sakinlər günorta saat 12-dən, axşam 19-a qədər bayırda az vaxt keçirsinlər”.

Qeyd edək ki, tibbi-meteoroloji proqnoza əsasən, iyulun 27-də Abşeron yarımadasında günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Aysel Aslan