"Azərbaycanın hərbi birləşmələri Ermənistanı yer üzündən silməyə qadirdir"





"Ermənistana 20 ildən çoxdur ki, əli qana bulaşmış cinayətkarlar insanlar rəhbərlik edir. Yəqin ki, səbəb erməni xalqının özünə ağıllı və müdrik rəhbər seçə bilməməsidir”.

Bunu "Sherg.az”a Ermənistan müdafiə naziri David Tonoyanın ardınca qondarma respublikanın "müdafiə naziri” Levon Mnatsakanyanın Azərbaycanı Mingəçevir SES-i vuracaqları ilə hədələmələrindən danışarkən millət vəkili Elman Məmmədov söyləyib. 

Onun fikrincə, anormal, cinayətkar xunta rejiminin təmsilçisi olan, işğalçılıq siyasətinə yüksək önəm verən şəxslər erməni rəhbərliyinə gəlir:

"Azərbaycanın güclü silahlı qüvvələri və ordunun tərkibində hava hücumundan müdafiə sistemləri mövcuddur. Respublikanın hava məkanı yüksək səviyyədə qorunur. Məhv olan, dağılmaq ərəfəsindəki dövlətin ölkəmizdəki su elektrik stansiyasını (SES) dağıtmağa nə cəsarəti, nə də qüdrəti çata bilər. Ermənistan öz mövqeyini qorumaq üçün ağıllarına gələn hər bəyanatı səsləndirirlər. Düşmən yaxşı bilir ki, Azərbaycanın malik olduğu güclü hərbi birləşmələr Ermənistanı yer üzündən silməyə qadirdir.

Onlar özlərini sığortalamaq, erməni cəmiyyətində yüksək əhval-ruhiyyə yaratmaq üçün gülünc, sərsəm bəyanatlar səsləndirirlər. Erməni rəsmilərinin səsləndirdiyi fikirləri ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr və beynəlxalq ictimaiyyət də dinləyir. Amma sanki kar olub, eşitmirlər, kor olub, görmürlər, lal olub, ermənilərə qarşı danışmaq istəmirlər. Belə olan təqdirdə, Azərbaycan ermənilər kimi yalandan hay-küy etməməli, gücünü göstərməlidir. Başqa yolumuz yoxdur. Gülünc əqidəyə malik olan ünsürlərlə danışıq aparmağın heç bir mənası yoxdur. Yalnız gücümüzü tətbiq edib, onları başa salıb, konstruktiv danışıqlara yönləndirə bilərik”.

Qeyd edək ki, Levon Mnatsakanyanın sözlərinə görə, əgər zərurət yaranarsa, "Dağlıq Qarabağ ordusu”, yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. O bildirib ki, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib. Qondarma "nazir” əlavə edib ki, Azərbaycanın "LORA”, "Polonez”, "Dana” kimi yeni raket-artilleriya sistemlərini nümayiş etdirməsi onları qətiyyən qorxutmur. Çünki ermənilərin əlində də "oxşar silahlar” var.

Aysel Aslan