"Spirtli içki içib, dənizə girir, qadağanedici nişanlara məhəl qoymur və sonra..." - FACİƏ

Xəbər verdiyimiz kimi, ötənlərdə Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində bir ailənin 4 üzvü dənizdə batıb. Və ötən gün batan şəxslərin adları açıqlanıb."Sherg.az" FHN-nin saytına istinadən xəbər verir ki, Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub. Qocayeva Aysel Əfqan qızının cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Bundan başqa dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi vətəndaşlar Qocayeva Kamilə İkram qızı, Dadaşova Ruhiyyə Eyvaz qızı və Dadaşov İkram Məmmədyar oğlunun cəsədlərini tapıb, sahilə gətiriblər. 
Qeyd edək ki, çimərlik mövsümü başlayandan etibarən az qala hər gün dənizdə batma və boğulma halları ilə bağlı xəbərlər tirajlanır.
Maraqlıdır, görəsən, bu arzuolunmaz hallar nədən qaynaqlanır və bunun qarşısını almaq üçün nə kimi təhlükəsizlik tədbirləri görülməlidir ?
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nürəliyev bildirib ki, yayda insanlar istirahət üçün ən çox dəniz kənarı istirahət məkanlarına , çimərliklərə üz tuturlar:
"Doğrudur, istirahət insan üçün vacibdir. Amma insanın həyatı ona istirahətdən də mühümdür. Çimərliyə gedərkən ilk öncə hava şəraitini nəzərə almaq lazımdır. Hava küləkli , dumanlı və çox qızmardırsa, həmin saatda dənizə getməmək məsləhətdir. Daha sonra gedəcəyimiz yeri düzgün seçmək lazımdır . Qadağan olunmuş çimərliklərə getmək məqsədəuyğun deyil. Özümüzlə çimərliyə kiçik qayıqlar, hava şarları, kiçik motorlu gəmilər və s. gətirmək yolverilməzdir. Qida rasionuna da diqqət etmək lazımdır. Yağlı yemək, zəhərləyə biləcək məhsullar və spirtli içkilər qəbul etmək olmaz. Məxsusi olaraq uşaqlara nəzərət etmək lazımdır. Çimərlikdə digərilərin istirahətinə mane olmaq, suda yarışlar təşkil etmək , qadağanedici nişanları keçmək insan həyatı üçün təhlükəlidir. Bir şeyi nəzərə almaq lazımdır ki, dənizə istirahətə gedirsən və bu istirahətin sonunun bədbəxt hadisə ilə bitməməsi üçün təhlükəsizlik qaydalarına riayət etməlisən. Bir neçə çimərlikdə monitorinq aparsaq görərik ki, insanların böyük əksəriyyəti həyatlarını necə böyük təhlükəyə atır. Spirtli içki qəbul edib, dənizə girir, qadağanedici nişanlara məhəl qoymur sonra da suda boğulub, həyatını itirir. Həmçinin günün altında saatlarla uzanmaq olmaz. Günün ən qızmar çağı 12:00-16:00 radələrində dənizdə və yaxud sahildə açıq havada gəzənlər olur. Mən özüm əli- ayağı bağlı halda suda üzməyi bacaran şəxsin sahidən biraz aralıda batmasının şahidi olmuşam. "Üzə bilirəm, sahildən aralı gedirəm” deyib istədiyini edəndə onun sonu bədbəxt hadisə ilə nəticələnə bilər. Üzməyi bacarmayanlar isə suyun dayaz hissəsində dincəlməlidirlər. Demək olar ki, baş verən bədbəxt hadisələrin çoxu əlverişsiz hava şəraiti zamanı baş verir. Eyni zamanda qadağan olunmuş yerdə çimmək və sahildən çox uzaqlaşmaq da bu cür faciələrə yol açır. Ona görə də, nəticə çıxarmaq lazımdır. Unutmaq olmaz qaydalara biganə yanaşmaq həyat üçün təhlükəlidir”.
Çimərlik və dəniz mədəniyyətindən söz açan kulturoloq Aydın Xan Əbilov qeyd edib ki, son vaxtlar Azərbaycan dövləti çimərlik mədəniyyətinin inkişafı ilə bağlı böyük işlər aparıb:
"Bir çox qurumların kompleks şəkildə atdığı addımlar məhz insanların mədəni şəkildə istirahətinə hesablanıb. Amma çimərlik mədəniyyətinə görə, əhali sankji XIX əsrdə qalıb. Azərbaycanın Xəzər dənizi ətrafında olan rayonlarının və şəhərlərinin əhalisi uzun müddət dənizlə təmasda olduğu üçün onlarda dəniz mədəniyyəti formalaşıb. Əsasən dənizdən uzaq rayonlarda yaşayan əhali yalnız kiçik göllər və dağ çayları kimi su hövzələrində çimir. Onlar və övladları sonrada Bakıya gəlib, dənizə getdikdə çimmək mədəniyyəti onlarda formalaşmadığı üçün bu insanların həyatları təhlükədə olur. Bir insanın dənizdə həyatını itirərsə, bu, yalnız onun faciəsi, problemi deyil. Eyni zamanda həmin hadisə cəmiyyəti və dövləti də qayğılandırır. Çünki hansısa bir şəxs batandan sonra çox böyük axtarış işlərinə başlanılır. Bunlarında hamısı dövlət büdcəsindən istifadə olunan vəsait hesabına həyata keçirilir. Ümumiyyətlə, tanrının bizə verdiyi Xəzər dənizi kimi nemətdən düzgün yararlanmalıyıq. Bundan başqa rayonlarda yerləşən çimərliklərdə insanlar xoşagəlməz hərəkətlər edir. İstifadə etdikləri bütün istehlak vasitələrinin tullantılarını ətrafa atır. Baxırsan ətrafda qarpız qabıqları, plastik qablar, butulkalar ətrafı bürüyüb. Bundan əlavə ailələrimizdə və məktəblərdə uşaqlara üzgüçülük dərsləri, suda boğulanda edilməsi vacib olan hərəkətlər, yəni, maarifləndirmə işləri yox dərəcəsindədir.Bunların heç birini etmirik. Dənizdə müəyyən ərazilərdə insanların daxil olmağına icazə verməyən qadağalar var. Lakin insanların çoxu buna əməl etmir. Dünyada da səhər saat 09:00-dan 19:00-a qədər çimərlik vaxtı hesab edilir. Digər vaxtlarda xüsusən də axşam saatlarında, hava şəraiti pis olanda dənizə girmək olmaz. Təəssüf ki, bizim vətandaşlar heç bir qayda və qanuna əməl etmirlər. Sonda da həyatlarını itirirlər. Adını da qoyurlar ki, bütün bunlar dövlətin günahıdır. Halbuki, dövlət onunla bağlı bütün vətəndaşları maarifləndirmək üçün insanların təhlükəsizliyini tam təmin edən qaydalar tərtib edib. Buna da əməl etmək vətəndaşların borcudur. Əslində qaydalara əməl etməyin özü də bir mədəniyyət göstəricisidir. Kimsə qaydaları pozub, həyatını təhlükəyə atırsa, günahkar yalnız onun özüdür".
Kənan Eynuroğlu