Eldar Namazov: "Bu görüş birbaşa mətbuat xidmətlərinin rəhbərləri tərəfindən deyil, XİN başçıları tərəfindən təşkil olunub. Prezidentlərin tapşırığı olmasa, nazirlər bu qərara gəlməzdilər”
"İki ölkənin Xarici İşlər Nazirlikləri xarici siyasət sahəsində informasiya təminatına dair məsləhətləşmələri iki halda həyata keçirirlər. Birincisi, ölkələr arasındakı münasibətlər pis olduqda, ikincisi, tərəflər ciddi birgə addımlar atmağı düşündükdə”.
Bunu "Sherg.az”a Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarovanın görüşünü şərh edərkən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq müşavir Eldar Namazov söyləyib.
O qeyd edib ki, birinci halda məsləhətləşmələr dövlətlərin arasındakı vəziyyəti yumşaltmaq, informasiya müharibəsini sakitləşdirmək xarakteri daşıyır:
"Bu zaman tərəflər aralarında hansı məsələlərin işıqlandırılmasını, brifinqlərdə, mətbuat konfranslarında müzakirə ediləcək məqamları dəqiqləşdirməyə çalışırlar.
İkinci halda isə hər iki nəfər diplomatiya sahəsində ciddi birgə addım atmağı düşünürlər. Birlikdə informasiya təminatını həyata keçirmək üçün planlar cızır, gələcək addımları müzakirə edirlər. Düşünürəm ki, Azərbaycan Rusiya münasibətlərində hər iki səbəbi aktual saymaq olar.
Son illərdə bu iki ölkə qarşılıqlı münasibətlərdə yeni mərhələyə qədəm qoyub. Prezidentlərin şəxsi görüşləri, xarici səfərləri də pozitiv əhval- ruhiyyədə baş tutur. Bütün bunlara rəğmən Rusiya XİN-in keçirdiyi mətbuat konfranslarında Azərbaycanla bağlı tez-tez xoşagəlməz hallar baş verir, ölkəmizdə etiraz doğuran məqamlar yaşanır.
Azərbaycan XİN isə dəfələrlə Rusiya XİN-in keçirdiyi mətbuat konfranslarına kəskin, mənfi rəy verməli olub. Mövcud ziddiyyətli vəziyyəti aradan qaldırmaq üçün XİN sözçüləri məsləhətləşmələr aparır. Güman edirəm ki, bu versiya daha obyektiv və ağılabatandır. XİN sözçüləri məsləhətləşmələr aparırsa, deməli, Rusiya rəhbərliyi XİN-ə tapşırıq verib.
Qarşıya qoyulan əsas şərt diplomatik səviyyədə aparılan fikir mübadilələrinin prezidentlərin görüşlərinə uyğun olmasıdır. Rusiya XİN-in yol verdiyi qıcıq doğuran məqamların aradan qaldırılması vacib məsələdir. Bu görüş birbaşa mətbuat xidmətlərinin rəhbərləri tərəfindən deyil, XİN başçıları tərəfindən təşkil olunub. Prezidentlərin tapşırığı olmasa, nazirlər bu qərara gəlməzdilər”.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında xarici siyasət sahəsində informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilir. Məsləhətləşmələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova iştirak edir.
Aysel Aslan