Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası "Avey Dövlət Tarix Mədəniyyət qoruğu ərazisindəki Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində iyulun 12-dən etibarən başlamış tədqiqatları davam etdirir”.
Bu barədə "Sherg.az” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Qasımov məlumat verib.
O bildirib ki, tədqiqatlara Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov, həmçinin, İnstitutun elmi işçiləri — Yaqub Məmmədov və Ülviyyə Heydərova cəlb ediliblər:
"Yaponiya tərəfindən Tokio Universiteti, Universitet Muzeyinin professoru Yoşihiro Nişiakinın ekspedisiyanın Yaponiya tərəfindən həmrəhbəri vəzifəsini yerinə yetirir. Həmçinin Yaponiyanın Qədim Şərq Muzeyi, Yapon Elmin İnkişafı Cəmiyyətinin, Vaseda Universitetinin, Kanazava Universitetinin və digər elmi mərkəzlərinin arxeologiya, paleobotanika, paleobiologiya, topoqrafika və s. sahələr üzrə mütəxəssisləri təmsil edirlər. Aparılan tədqiqatlar nəticəsində, burada orta əsrlər, tunc, xalkolit, neolit, mezolit və orta paleolit təbəqələri ardıcıl olaraq aşkar olunub.
Qeyd etməliyik ki, Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb. Bu tədqiqatın əsas məqsədi regionda neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Belə ki, Damcılı düşərgəsində toxunulmamış mezolit mədəni təbəqəsinin aşkar olunması Azərbaycan ərazisində neolit, əsasən Şomutəpə mədəniyyətinin kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasında məhz yerli mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir. Gələcəkdə aparılacaq tədqiqatlar və aşkar olunacaq yeni sahələr nəticələri gücləndirməyə imkan verəcək”.
P. Qasımov onu da vurğulayıb ki, beynəlxalq arxeoloji ekspedisiyanın çalışdığı əraziyə Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayev də baş çəkib və aparılan tədqiqatlar barədə tədqiqatçılar tərəfindən məlumatlandırılıb.
Qeyd edək ki, 65 il əvvəl M.M.Hüseynov və S.N.Zamyatin tərəfindən Azərbaycanda ilk qədim daş dövrünə aid abidə – Damcılı mağarası aşkarlanıb. 1956-1957-cı illərdə burada aparılan tədqiqatlar zamanı orta paleolit (mustye mədəniyyəti), üst paleolit, mezolit, neolit və orta əsrlərə aid zəngin materiallar aşkar olunub.
2015-ci ildə Damcılı mağarasında arxeoloji tədqiqatları bərpa etmək məqsədi ilə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında üç tərəfli beynəlxalq memorandum imzalanıb. Müasir arxeometrik tələblərə cavab verən arxeoloji tədqiqatlar 2016 - cı ildən etibarən davam etdirilməkdədir.
Aysel Aslan